18 Aprel 2018 11:00
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı məşhur jurnalist Vladimir Solovyev “Rossiya” televiziyasında Qazaxıstanı Rusiyanı BMT-də dəstəkləməməsinə görə kəskin tənqid edib.

Teleqraf.com xəbər verir ki, Solovyev Astananın Rusiyaya qarşı mövqeyinin onun Qərbin yanında yer alacağı mənasına gələ biləcəyini deyib.

“Türkiyəni anladıq. Onlarla situativ alyansımız var. Qazaxıstanla müttəfiqliyimiz necədir? Biz, görəsən, Qazaxıstanla münasibətlərimizdə nəyisə bilmirik? Yoxsa aradan qara pişik keçib? Biz Qazaxıstanı Rusiyadan ayıracaq yeni Maydan gözləməliyikmi?” – deyə o bildirib.

Solovyevdən sonra erməniyönlü deputat Konstantin Kosaçev çıxış edib. O, Qazaxıstanı ruslara qarşı siyasətdə ittiham edib:

“Qazaxıstanda qazaxlaşdırma prosesi gedir. Buranın rəhbəri qocalır. Nazarbayevin ilin əvvəlində ABŞ-a səfəri təkcə Milli Fondun həbsdən xilas edilməsi üçün deyildi, həm də tərəflər arasında digər razılaşmalar da imzalanmalı idi”.

Rəsmi Astananın Qazaxıstana cavabı özünü çox gözlətməyib. Jurnalistlərə açıqlama verən Qazaxıstanın İnformasiya və Kommunikasiya naziri Dauren Abayev Solovyevi tanımadığını bildirib.

Qazax politoloq Danil Bekturqanov isə Rusiya mətbuatına açıqlamasında Solovyevin çıxışının Qazaxıstan-Rusiya münasibətlərinə təsir etməyəcəyini deyib:

“Jirinovski zamanında Qazaxıstanla bağlı daha ağır sözlər demişdi. Hər şey onun çıxışlarının müəyyən xətti keçdiyi ana qədər davam etdi. Sonra o, arzuolunmaz şəxs oldu. Bütün bunlar Qazaxıstan-Rusiya münasibətlərinə təsir etmədi. Solovyevlə də bağlı heç nə olmayacaq. Onun verilişi daxili tələbat üçün – daha doğrusu, baş yerinə telequtu gəzdirən rusiyalılar üçün yönəlib.


Müəllif: Teleqraf.com