25 Aprel 2018 16:20
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əl-Qaidə terror təşkilatının qurucu lideri Usamə Bin Ladenin tunisli mühafizəçisi, 2007-ci ildən bu yana dövlətin ayırdığı 1168 avro sosial yardımla Almaniyada yaşayır.

Teleqraf.com xəbər verir ki, bu haqda informasiya Almaniya Alternativ Partiyasının Sami A. adlı mühafizəçi ilə bağlı informasiya almaq tələbindən sonra əyalət rəhbərliyi tərəfindən açıqlanıb.

Alman mətbuatı Bin Ladenin mühafizəçisinin ad-soyadını tam bildirməyib.

Sami A. isə cihadçılarla əlaqəsini tam rədd edir. Onun Tunisə deportasiya edilməsi tələbini isə işgəncələrə məruz qala biləcəyini əsas gətirən Almaniya hökuməti rədd edib.

Qeyd edək ki, 11 sentyabr hücumlarını planlaşdırdığı iddia olunan Bin Laden 2011-ci ildə ABŞ xüsusi xidmətinin əməliyyatı ilə Pakistanda öldürülüb.

İddialara görə, 11 sentyabr hücumunu həyata keçirənlərdən azı üçü Hamburqda yaşayır.

2005-ci ildə Almaniya məhkəməsində baş tutan proses zamanı şahid qismində ifadə verən bir şəxs Sami A.-nın 2000-ci illərdə Əfqanıstanda Bin Ladenə mühafizəçilik etdiyini bildirib. Sami A. özü isə bu iddiaları rədd edib, lakin hakim şahidin ifadəsinə inanıb.

2006-cı ildə Sami A.-nın Əl-Qaidə ilə əlaqələrinin olduğuna dair iddialar irəli sürülüb və araşdırmalar aparılıb. Lakin ortaya fakt çıxmayıb.

Sami A.-nın hazırda alman xanımı ilə Bokum şəhərində yaşadığı bəllidir.

Dövlət rəsmiləri Sami A.-ya təhlükəsizlik riski kimi yanaşdığı üçün onun miqrant kimi müraciətinə 2007-ci ildə rədd cavab verilib.

Bin Ladenin mühafizəçisi hazırda hər gün polisə gedərək nəzarət sənədinə imza atır.


Müəllif: Cavad