26 Aprel 09:15

Sovet rəhbərliyi 1945-ci ildə Kanadadan siyasi sığınacaq alan İqor Sergeyeviç Quzenko haqqında informasiya alanda dəhşətə gəlmişdi. Kəşfiyyatçı SSRİ-də tam məxfi statuslu 109 kəşfiyyat qovluğunu ölkədən çıxarıb Ottavada Kanada dövlətinə təqdim etmişdi.

İqor Quzenko sovet rəhbərliyi daxilində “sıçrayış” yaratmağı bacaran, sosialist kəşfiyyatını böhran həddinə çatdıran və Qərb dünyası ilə SSRİ arasında “soyuq müharibə”nin əsasını qoyan şəxs kimi tarixə düşdü.

İqor Quzenko 1919-cu ildə Rusiyanın Roqaçev əyalətində doğulmuşdu. Onu müəllimə olan dul anası saxlamışdı. İlk təhsilini də anasından almışdı. Orta məktəbi uğurla bitirdikdən sonra 1938-ci ildə Moskva Memarlıq Universitetinə daxil olmuşdu.

İkinci Dünya müharibəsi başlayanda İqor 3-cü kurs tələbəsi idi və Svetlana adlı tələbə qızla ailə qurmuşdu. Ancaq müharibə başlayanda qabaqcıl tələbə kimi onu Kəşfiyyat Akademiyasına göndərirlər. 1943-cü ildə Kəşfiyyat Akademiyasını bitirərək leytenant rütbəsi alır.

Az sonra İqoru SSRİ-nin Kanada səfirliyinə məxfi fəaliyyət üçün göndərirlər.

1945-ci ildə o, SSRİ-yə aid 109 məxfi dosyeni ölkədən çıxararaq Kanada dövlətinə təqdim edir və siyasi sığınacaq istəyir.

Ən vacib informasiyalar...

İqor Quzenkonun Qərb ölkələrinə təqdim etdiyi 109 məxfi bilgi SSRİ-nin Kanada, İngiltərə və ABŞ-da yaratdığı casus şəbəkəsinin ifşa edilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bunlar XX əsrin ortalarında sovet kəşfiyyatından Qərb ölkələrinin əlinə keçən ən vacib informasiyalar idi.

SSRİ-nin atom bombası haqqında kəşfiyyat fəaliyyəti və layihə üzərində çalışan elm adamlarından Allan Nunn Mayın SSRİ-yə təqdim etdiyi məxfi informasiyaların Qərbin əlinə keçməməsi üçün Stalin özü bu işlə maraqlanır. Nəticədə SSRİ məxfi xidməti Kanadanın paytaxtı Ottavada Quzenkoya qarşı əməliyyat keçirir.

Lakin Stefanson adlı agent Quzenkonu ölümdən xilas edə bilir. Beləcə SSRİ kəşfiyyatının həmləsi uğursuz başa çatır.

SSRİ məxfi xidmətinin hücumlarından qorumaq məqsədilə Kanada hökuməti Quzenko və ailəsinə fərqli pasportlar verir.

Kəşfiyyatçının romanı

Gənclik dövründə qısa hekayələri ilə diqqət çəkən İqor Quzenkonun ən tanınmış əsəri “Bir divin məğlubiyyəti” adlı romandır. 600 səhifəlik bu əsər SSRİ-ni mühakimə üslubunda yazılıb. Kitab real hadisələrdən bəhs edir, ancaq əsər qəhrəmanlarının adları dəyişdirilib.

Yazıçı əsərinin baş qəhrəmanı kimi Maksim Qorki obrazını seçib.

SSRİ kəşfiyyatına ən ağır zərbələrdən birini endirən yazıçı 1982-ci ildə Kanadanın Missisoqa əyalətində ürək tutmasından vəfat edib.


Müəllif: Cavad
Загрузка...