17 May 2018 12:29
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın qələmini qırdı... Qiyamçı baş nazir Soçidə Rusiya prezidenti Vladimir Putinlə anşala bilmədi. Bu, görüş bitəndən sonra Paşinyanda açıq hiss edilən gərginlik və jurnalistlərin əlindən tez çıxıb qaçmaq istəyindən də görünürdü.

Şübhəsiz, Kreml Ermənistanda ən etibar etdiyi iki adamından biri (digəri keçmiş baş nazir Karen Karapetyan) olan sabiq prezident Serj Sərkisyanı kürsüdən salmasını Paşinyana bağışlamayacaq. Bu, Rusiya üçün gözlənilən hadisə deyildi.

Teleqraf.com xəbər verir ki, Ermənistan KİV-i yaxın həftələrdə Rusiyanın birbaşa iştirakı ilə bu ölkədə baş verəcəyi ehtimal edilən ciddi siyasi prosesləri müzakirəyə çıxarıb.

Erməni mənbələrin iddiasına görə, artıq Kremldən Nikol Paşinyana çıxış qapısı göstərilib. Mesaj Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri, deputat Vladimir Jirinovskinin dili ilə ona çatdırılıb.

Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən danışan RLDP lideri bunun Paşinyana baha başa gələcəyini bildirməklə, onun görünməyən təhlükə qarşısında dayandığına eyham vurub.

“Artıq Paşinyanın özü də hiss etməyə başlayıb ki, baş verənlər onun üçün həyati təhlükə kəsb edir. O, Ermənistanın Mixail Saakaşvilisi ola bilməyəcək. Rusiya buna icazə verməyəcək. Əgər bir neçə il əvvəl Gürcüstanda inqilab baş vermişdisə, bu, Amerika kəşfiyyatının mətbəxində bişmiş Saakaşvilinin Qərbdən aldığı dəstək sayəsində olmuşdu. Paşinyanın isə belə imkanı yoxdur.

Düzdür, ABŞ, Avropa İttifaqı və NATO onun bu addımını nəzəri olaraq dəstəklədi, amma Ermənistanda baş verən son proseslərdə Qərbin siyasi dairələrinin iştirakı sıfır həddində idi.

Qərb Ermənistanı “rus ayısının pəncəsi”ndən asanlıqla ala bilməyəcəyini bilirdi. Rusiya isə prosesləri kənardan izlədi.

Hesab etmək olar ki, Kreml Paşinyana öz “romantik fantaziyalar”ını həyata keçirməyə icazə vermişdi. İndi isə öz xoşuyla göstərdiyi qapıdan başını aşağı salıb çıxıb getməsini xahiş edir. Növbəti mərhələdə isə xahiş etməyəcək”, - deyə erməni mənbələr qeyd edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu