20 May 2018 20:22
2 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranla müzakirələrdən çəkildiyini elan edəndən sonra Avropa, Çin və rusiyalı diplomatlar "geriyə qalanı" xilas etmək üçün görüşəcəklər.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, yeni müqavilə üçün görüşəcək diplomatlar rəsmi Tehrana nüvə proqramının məhdudlaşdırılması qarşılığında maliyyə yardımları edəcəklər.

ABŞ prezidenti Donald Trampın 2015-ci ildə imzalanan müqavilədən çıxması ilə yaranmış yeni vəziyyəti müzakirə etmək üçün avropa, çin və rusiyadan olan nümayəndələr növbəti həftə Vyanada görüşəcəklər.

Görüşdə Almaniya, Fransa, İngiltərə, Rusiya və Çindən olan dövlət rəsmilərinin də iştirakı gözlənilir.

Görüşdə İrandan olan nümayəndə heyətinin iştirak tam təsdiqlənməyib. Müzakirəyə çıxarılacaq yeni müqavilədə İrana milyardlarla dollar dəyərində yardım edilməsi planlaşdırılır.

Trampın İranla müzakirələrdən çəkiləcəyini bəyan etdikdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verərək "görüşün ABŞ-sız davam edilə biləcəyini" bəyan etmişdi.

Qeyd edək ki, İran 2015-ci ildə ABŞ, Çin, Rusiya, Fransa, İngiltərə və Almaniya ilə nüvə fəaliyyətlərinin məhdudlaşdırılması qarşılığında bu ölkəyə qarşı tətbiq olunan iqtisadi embarqonun ləğv edilməsi barəsində müqavilə imzalamışdı. Müqaviləyə əsasən, İran uranın zənginləşdirilməsini azaldacaq və nüvə silahının hazırlanmasına gərəkli səviyyəyə çıxarmayacağına söz vermişdi.


Müəllif: İlhamə Əbülfət