24 May 2018 16:41
1 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən axşam İranın ali dini lideri ayətullah Xameneyi Prezident Həsən Ruhani başda olmaqla İranın yüksək səviyyəli rəsmilərini qəbul edib.

Teleqraf.com xəbər verir ki, Ruhani son illərdə İran xalqının bütün xarici qüvvələrin təzyiqlərinə qarşı müqavimət göstərdiyini bildirib:

“Bu gün ABŞ liderləri tərəfindən söylənən məsələlər İran xalqı üçün yeni deyil. Bunlar 40 il əvvələ aid olan çox köhnə sözlərdir”.

Onun sözlərinə görə, ABŞ-ın nüvə sazişindən çıxmaq qərarına İsrail və bir neçə kiçik ölkə xaricində, dünyanın bütün ölkələri qarşı çıxıb. Bu İranın siyasi və hüquqi baxımdan əldə etdiyi böyük bir qələbə anlamına gəlir.

“Hazırda sazişi imzalayan digər beş ölkə ilə danışıqlar davam edir. Onlar verdikləri bəyanatlarda müqaviləyə sadiq qalacaqlarını söylədilər. Lakin praktikada necə hərəkət edəcəklərini görməliyik”, - Ruhani deyib.

Həsən Ruhani qarşıdakı həftələrdə Rusiya və Çin başda olmaqla üç Avropa ölkəsi liderləri ilə görüşəcəklərini söyləyib:

"Əgər bu beş dövlət xüsusilə iqtisadi maraqlarımızı təmin edə bilsə, ABŞ olmadan da mövcud müqaviləni davam etdirmək olar. Əks təqdirdə, lazım olan qərarı verəcəyik. Ölkəmiz nüvə sazişi olmasa da, yaxşı şəkildə idarə ediləcəkdir".

Qeyd edək ki, Prezident Donald Tramp mayın 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyalar qəbul edəcəyini açıqlayıb.


Müəllif: Ruslan