24 May 2018 22:42
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə dünyaya açıq ölkədir. Təbii ki, Türkiyədə milli valyutanın dəyərdən düşməsində xarici amillərin təsiri var. Amma ümumən hesab etmirəm ki, devalvasiya bütövlükdə xarici faktorlardan asılıdır. Məncə, bu problemin kökü daha çox Türkiyənin son 5-6 ildə apardığı daxili və xarici siyasəti, iqtisadi fəaliyyətli ilə bağlıdır.

Bu fikirləri Teleqraf.com-a mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş analitik Oqtay Qasımov Türkiyədə prezident seçkiləri öncəsi milli valyutanın dollar qarşısında sürətlə dəyər itirməsinin səbəbləri və bunun seçkilərə mümkün təsirləri haqqında danışarkən deyib.

O. Qasımov bildirib ki, kapital axını adətən getdiyi yerdə sərbəst şəraitin olmasını arzulayır:

“Kapital getdiyi yerdə sabitliyin, ədalətli məhkəmə sisteminin, təminatların olmasını sevir. Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndə Ərdoğan və komandası dünyaya bu haqda mesaj verdilər. Qeyd etdilər ki, Türkiyəyə daxil olacaq sərmayə və investisiyalar qorunacaq, ədalətli məhkəmə sistemi və uyğun şərait təmin olunacaq. Üstəlik o dövrdə dünyada ümumən pul kütləsinin artıqlığı və hərəkətliliyi müşahidə edilirdi. Bu baxımdan Türkiyə iqtisadiyyatına hər il 20-25 milyard civarında investisiya yatırılırdı. Bu da Türkiyə iqtisadiyyatının inkişafında mühüm rol oynayırdı. Bundan başqa, Türkiyənin o dövrdə ki, iqtisadi proqram və modeli Ərdoğan hakimiyyətə gələnə qədər iqtisadi böhranla üzləşən hökumətin doğru qərarlar alaraq mühüm iqtisadi islahatlara getməsi nəticəsində baş vermişdi. Yəni Mərkəzi Bankın müstəqilliyindən tutmuş iqtisadi alətlər mexanizmi dövrün tələb və şərtlərinə uyğun idi. Məhz bu səbəbdən o zaman iqtisadi inkişaf özünü doğruldur və yüksək templə irəliləyirdi. Amma son 6-7 ildə bu münasibətlər və format artıq dəyişib”.

Mütəxəssis qeyd edib ki, Türkiyədə müəyyən qədər avtoritarizmə meyllənmə, iqtisadi azadlıqların müəyyən qədər məhdudlaşdırılması, çoxlu jurnalistin həbsdə olması və ölkədə iki ilə yaxın davam edən fövqəladə vəziyyət rejiminin iqtisadi çalxalanma və böhrana gedən yolda mühüm səbəblərdir. Əgər diqqət edirsinizsə, hökumətin iqtisadi blokunu idarə edən üzvləri də deyirlər ki, bir çox şeylərdən imtina etməli, lazım olan addımları atmalıyıq. Lazım olan addımlar isə xarici investorlara uyğun etimad mühitinin yaradılması, ədliyyə sisteminin normal işləməsi, təminatların verilməsi, fövqəladə vəziyyətin götürülməsindən ibarətdir. Bunu hətta Türkiyə baş nazirinin müavini Məhmət Şimşək də açıqlamalarında ifadə edir. Türkiyədə məşhur iqtisadi ekspertlər də yekdil olaraq deyirlər ki, fövqəladə vəziyyət dərhal aradan qaldırılmalıdır və bu dərhal öz təsirini göstərəcək. Sözsüz ki, burada uzunmüddətli islahatlar aparılmalı, ciddi iqtisadi addımlar atılmalıdır.

Oqtay Qasımov hesab edir ki, prezident seçkiləri öncəsi müşahidə olunan devalvasiya siyasi nəticələr yarada bilər:

“Nəzərə almaq lazımdır ki, ideologiyalardan azad insanlar üçün daha vacibi onun həyat və güzəranıdır. Yəni hansı siyasi qüvvə siyasətlə ideologiyalardan kənarda olan şəxsin həyat və maddi durumuna şərait yaradacaqsa, gedib ona da səs verəcək. Nəzərə almaq lazımdır ki, AKP və Ərdoğan həmdə iqtisadi böhranın nəticəsində hakimiyyətə gəldi. AKP iqtidarından əvvəl, 2001-ci ildə koalisiya hökumət dövründə böhran baş verdi və bu böhran hakimiyyətdə olan partiyaların nəinki iqtidardan getməsinə, hətta parlamentə düşməmələrinə səbəb oldu. Təbii ki, AKP-nin belə itkilərə məruz qalması gözlənilən deyil, amma bu kimi məsələlər siyasi proseslərə təsir edə bilir. Ələlxüsus seçkiqabağı marafon dövründə devalvasiyanın yaşanması hakimiyyətdə olan qüvvə üçün problem yaradır”.


Müəllif: Cavad