28 May 2018 01:43
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan etiraz hərəkatından sonra Serj Sərkisyanı devirməyi bacararaq, may ayının 8-də hakimiyyətə gəldi. Lakin Paşinyanın iqtidarı ələ keçirməsi etirazları bitirmədi.

Mayın 16-da bir qrup adam İrəvanın əsas prospektini bağlayaraq, terrorçu “Sasna tsrer” təşkilatının üzvlərinin azadlığını tələb etdi.

Mayın 21-i və 22-də isə “Sasna tsrer” Ermənistan baş prokurorluğunun binasının bütün giriş və çıxışlarını qapadaraq, baş prokurorun istefasını tələb etdi.

Mayın 17-də yeni baş nazir ölkə vətəndaşlarına müraciət edərək, küçələrə çıxmaq yerinə öz şikayətlərini müvafiq formada hakimiyyət orqanlarına təqdim etməyə çağıdrdı. Mayın 23-də isə Paşinyan bu cür aksiyaları sabotaj adlandırdı. Doğrudur, artıq erməni məhkəmələri Serj Sərksiyana qatı və radikal müxalifətdə olanlara qarşı əvvəlki kimi sərt cəzalar tətbiq etmir.

Məsələn, “Sasna tsrer” ilə sıx bağlı olan “Təsisedici parlament” təşkilatının fəal üzvü Karo Yenukyan mayın 24-də 21 min dollarlıq girov müqablində azadlığa buraxılıb. Karo Yenukyan 2016-cı ilin iyulun 17-də Ermənistanda polis idarəsinin binasını ələ keçirən təşkilatın fəal üzvlərindən biri sayılırdı.

Radikal müxalifətin bu cür fəallığı onların Serj Sərkisyandan sonra Nikol Paşinyana da qarşı çıxış edəcəyini istisna etmir. Ən azından erməni politoloqları belə düşünür.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onların fikrincə, “Sasna tsrer” kimi yarı hərbləşmiş strukturların gücü Paşinyanın əldə etdiyi populyarlıqla müqayisədə çox zəifdir.

Politoloq Armen Badalyanın fikrincə, “Təsisedici parlament” yeni siyasi palitraya uyğun gəlmir. Çünki radikal hərəkat məxməri inqilabdan sonra öz təsirini itirib. O, hesab edir ki, “Təsisedici parlament”i hamı siyasi təşkilatdan daha çox Serj Sərkisyanla vuruşan dəstə kimi tanıyıb. Serj Sərkisyan getdiyinə görə onların sayında da xeyli azalma müşahidə edilir.

“Əvvəllər qeyri-legitim hakimiyyət vardı. Ona görə də bu cür təşkilatların fəaliyyətləri cəmiyyət içində rəğbət görürdü. İndi əhali hələ ki, yeni iqtidarı dəstəkləyir. Ona görə də “Sasna tsrer” əvvəlki cazibəsini itirib”, - Armen Badalyan qeyd edir.

Qafqaz institutunun əməkdaşı, Armen Kazaryan “Təsisedici parlament”in bundan sonra da müxalifətdə qalacağını düşünür. Lakin onun fikrincə, “Təsisedici parlament”in üzvlərinin sayının azlığı və partiya strukturuna malik olmaması səbəbindən institusional müxalifət olmaq şansı yoxdur.

Siyasi icmalçı Akop Badalyan da “Sasna tsrer”in zorakı metodlarının aktuallığını itirdiyini bildirib. Akop Badalyan Paşinyanla “Sasna Sterer” və “Təsisedici parlament” kimi radikal qurumlar arasında ciddi fikir ayrılıqlarının olduğunu bildirərək, sonuncuların müxalif mövqelərində qalacağını vurğulayıb. Buna rəğmən, A. Badalyan yeni hakimiyyətə qaşrı ciddi müxalifət hərəkatının hələ formalaşmadığı qənaətindədir.

Akop Badalyana görə, Ermənistanda nüfuzlu müxalifətin formalaşması üçün Nikol Paşinyan və onun komandası ciddi səhvlərə və xətalara yol verməlidir.

Musavat.com


Müəllif: Teleqraf.com