15 Avqust 2014 15:14
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

10-dan çox Rusiya yüngül tankının Ukrayna sərhədinə doğru irəliləməsi müşahidə olunub. Eyni zamanda Ukrayna deyir ki, sərhəd gözətçiləri sərhəddə dayanan qalmaqallı Rusiya yardım karvanını yoxlamağa başlayıb. BBC tankları cümə günü səhər saatlarında görüb, amma onların Ukraynaya getməsi təsdiqlənməyib.

İki digər müxbir deyib ki, Rusiya ordusu tanklarının Ukraynaya keçdiyini görüblər. İnterfaks agentliyinin Ukrayna rəsmilərinə istinadən verdiyi məlumata görə, üsyançıların idarə etdiyi şərqi Ukrayna şəhərlərinə gedən yardım karvanı yoxlanılmaqdadır.

Yük maşınlarının üsyançılar üçün hərbi ləvazimatlar daşıması barədə narahat olan Ukrayna daha əvvəl demişdi ki, karvan müstəqil olaraq yoxlanılmasa, ölkəyə buraxılmayacaq. Qızıl Xaç rəsmiləri karvan üzrə danışıqlar üçün Ukrayna paytaxtı Kiyevdədirlər.

Eyni zamanda Britaniyanın Guardian və Telegraph qəzetlərinin jurnalistləri məlumat verib ki, əsgər daşıyan 20-dən çox zirehli personal daşıyıcısı sərhədi keçib. Rusiya hökuməti rusiyapərəst üsyançılara silah və ya təlim verməsi barədə məlumatları həmişə təkzib edib.

Şərqi Ukraynadakı münaqişə nəticəsində 2000-dən çox adam həlak olub. Döyüşlər son iki həftə ərzində intensivləşib. Cümə axşamı günü üsyançıların idarə etdiyi Donetsk və Luhansk şəhərləri intensiv artilleriya atəşinə məruz qalıb. Bundan savayı üsyançılar bəyan ediblər ki, Strelkov adı ilə tanınan hərbi komandir İqor Girkin istefa verib.


Müəllif: