17 Avqust 2014 23:31

İraq Kürd Regional Partiyasının başçısı Məsud Bərzani İŞİD-in Kərbəla və Nəcəfi işğal etməsinin fəlakət olacağını bildirib.

Almaniyanın “Bild am Sonntaq” qəzetinə müsahibə verən Məsud Bərzani müqəddəs yerlərin işğalı nəticəsində bölgənin qan gölünə dönəcəyini söyləyib:

“İraq dini etiqad baxımından qaynar yerdir. Əgər İŞİD Kərbəla və Nəcəfi işğal etsə, İraq qan gölünə dönəcək. Belə olan təqdirdə təkcə İraq deyil, bütövlükdə bölgə nəzarətdən çıxa bilər”.

İŞİD-ə qarşı azad və plüralist dünya üçün savaşdıqlarını və buna görə dünya dövlətlərindən kömək istədiklərini bildirən Bərzani İŞİD-in məqsədinin təkcə kürd bölgəsi olmadığını deyib:

“İŞİD təkcə Kürdüstanı deyil, regional və beynəlxalq təhlükəsizliyi təhdid edir. İŞİD yalnız bizim üçün deyil, Avropa üçün, bütün azad plüralist dünya üçün gerçək bir təhlükədir. Avropanı terrordan qorumaq istəyən hər kəs Kürdüstanı müdafiə etməli və İŞİD-ə qarşı mübarizəyə başlamalıdır”.

Bərzani ABŞ, İngiltərə, Almaniya və Fransanın kürdlərə dəstəyini xatırladaraq onlara təşəkkür edib:

“İŞİD-ə qarşı hava hücumlarının dəyərini çox yaxşı bilirik. Terrorçulara qarşı mübarizədə və xalqımızın təhlükəsizliyini qoruduğuna görə Almaniya, ABŞ, Fransa və İngiltərəyə minnətdaram. ABŞ Prezidenti Barak Obamanın hava hücumu qərarı bizə çox kömək etdi. Biz bundan başqa əlavə silah-sursat köməyi da aldıq. Amma daha güclü silahlar gözləyirik. Biz təkcə ABŞ-dan deyil, Almaniya və başqa dost dövlətlərdən bu yardımları gözləyirik. Bizim canlı qüvvəyə ehtiyacımız yoxdur. Yalnız silah istəyirik. Müasir silahlarımız olsa, biz qalib gələ bilərik. Ərbil bizim paytaxtımızdır. Buranı heç vaxt tərk etməyəcəyik”.

Axar.az


Müəllif:
Загрузка...