15 Aprel 2014 10:07
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Rusiyanın Ukraynadakı separatçı qüvvələrə dəstəyindən dərin narahatlıq keçirdiyini bildirib. Obama narahatlığını Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında ifadə edib. İki ölkə başçısı arasında danışıq bazar ertəsi baş tutub.

Ağ Evin yaydığı məlumata görə, prezident Obama deyib ki, Ukraynaya qarşı bu cür münasibət davam edərsə, Rusiya buna görə əlavə cavab verməli olacaq. Barak Obama onu da qeyd edib ki, hazırki vəziyyətdə Ukrayna hökuməti “əla təmkin” nümayiş etdirib və Putini rus ordusunu Ukrayna sərhədlərindən geri çəkməyə çağırıb ki, yaranan gərginliyi aradan qaldıra bilsin.

Bundan öncə Rusiya tərəfi elan edib ki, Vladimir Putin amerikalı həmkarı ilə telefon danışığında Ukraynanın şərqində baş verənlərdə Rusiyanın əli olmadığını bildirib.

Ukrayna və Qərb hesab edir ki, separatçıların Ukraynadakı fəaliyyətini Moskva təşkil edib. İddia olunur ki, hökumət binalarını zəbt edənlər də rus həbrçiləri ola bilər, onlar Krım senarisini indi də Ukraynanın şərqində həyata keçirmək niyyətindədirlər.


Müəllif: Teleqraf.com