15 Aprel 2014 22:10
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunun general-mayoru Ceffri Byukanan, Wikileaks saytına məlumat ötürən və hərbi tribunal tərəfindən 35 illik həbs cəzasına məhkum olunmuş sıravi Bredli Menninqın əfvinə razılıq verməyib.

Teleqraf.com-un məlumatına görə, daha öncə, müdafiə tərəfinin vəkilləri ABŞ prezidenti Barak Obamaya müraciət edərək, sıravi Menninqi əfv etməyi xahiş ediblər.

“Sıravi Menninq tərəfindən yayılan məlumat, ABŞ-ın milli maraqlarına toxunmayıb. Reallıqda, bu məlumatın yayılması bizim ölkəyə zərər vurmayıb”, - deyə, vəkil Devid Kumbsun müraciətində deyilir.

Bredli Menninqın tərəfdarları hesab edirlər ki, cinayət işi tək hərbi tribunalda deyil, həm də federal məhkəmələrdə, lazım gəldikdə isə, hətta Ali məhkəmədə baxılmalıdır.

Xatırladaq ki, Bredli Menninq 2010-cu ilin may ayında, İraqda hərbi xidmət keçdiyi zaman həbs edilib. Əsgər etiraf edib ki, vətəndaşların ölümü ilə nəticələnmiş havadan endirilmiş zərbələrin videogörüntülərini, Əfqanıstanda və İraqda baş verən hadisələr haqqında məlumatları, həmçinin Quantanamo həbsxanasında cəza çəkən məhbusların dosyelərini və əldə olan diplomatik yazışmaları Wikileaks saytına ötürüb.

Ötən ilin avqust ayında keçirilən məhkəmədə, Wikileaks-ın məlumatlandırıcısı gözlənilən 90 il əvəzinə, 35 illik həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, məhkəmə qərarına əsasən, keçmiş hərbi qulluqçu 10 ildən sonra azadlığa çıxmaq üçün iddia irəli sürə bilər.

Məhkəmə qərarından sonra Menninq, Kanzas ştatında yerləşən Fort-Livenuort hərbi bazasının nəzdindəki həbsxanaya gətirilib. Bir müddət sonra Menninq özünü qadın elan edərək, onu Çelsi adlandırmağı tələb edib. Bundan sonra, onun saxlanma şəraiti mürəkkəbləşib. Belə ki, hərbi baza nəzdindəki həbsxana kişilər üçün nəzərdə tutulub.


Müəllif: