15 May 2014 14:02
596

ABŞ: “Rusiya müdaxilə etsə, adekvat cavab alacaq”

ABŞ Dövlət katibinin ictimai diplomatiya məsələləri üzrə köməkçisi Riçard Stengel mayın 25-də Ukraynada seçkilərə regional dəstəyin artrılması məqsədilə Ukrayna, Latviya və Brüsselə səfər edəcək.

Kiyevdə “Amerikanın Səsi”nin Ukrayna xidmətinə müsahibədə Riçard Stengel Birləşmiş Ştatların Ukraynada erkən prezident seçkilərinə dəstəyi, ABŞ və Rusiya arasındakı münasibətlərdən danışıb.

“Biz mayın 25-dəki seçkiləri dəstəkləyirik. Seçkilər demokratiyanın və dəyişikliyin əsasıdır. Biz seçkilərin azad və ədalətli keçirilməsinə bacardığımız qədər dəstək verəcəyik. Seçkilər həmişə ideal olmur və problemlər də olur. İnkişaf etmiş demokratik ölkələrdə də seçkilər zamanı problemlər yaşanır. Biz rusların Şərqi Ukraynada nə edə biləcəklərini narahatlıqla izləyirik. Prezident və dövlət katibi Rusiyadan seçkilərə müdaxilə etməməsini tələb edib və biz onların bunu etməyəcəyinə ümid bəsləyirik”-deyə o bildrib.

Riçard Stengel ABŞ və Avropanın Ukraynanın şərqində yaranmış gərginliklə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyaları şərh edib. O deyib ki, Rusiya mayın 25-i seçkilərin keçirilməsinə müdaxilə etsə, daha ciddi sanksiyaların tətbiq edilməsi mümkündür.

“Sanksiyalar bir vasitədir, onları ya artırmaq, ya da məhdudlaşdırmaq olar. Prezident sanksiyaların adekvat olmasını istəyib və əgər ruslar mayın 25-də seçkilərə müdaxilə etsə, onun dediyi kimi bunun nəticələri olacaq. Bu nəticələrdən biri də daha ciddi, ya da müəyyən sektoru əhatə edən sanksiyaların tətbiq edilməsidir. Lakin biz seçkilərin azad və ədalətli keçirilib-keçirilmədiyini, rusların müdaxilə edib-etməyəyini görəcəyik və bundan sonra seçkilər azad və ədalətli keçirilibsə, sanksiyaların adekvat olub-olmadığı müəyyən ediləcək”-deyə dövlət katibinin yardımçısı bildirib.

Riçard Stengel Ukraynanın şərqində Rusiyanın apardığı təbliğat və Qərbin bu təbliğata qarşı görə biləcəyi ölçülərlə bağlı sualı cavablandıraraq, ABŞ-ın azad media və azad informasiyaya çıxış imkanını dəstəklədiyini bildirib.

“Təbliğat o zamanı uğurlu olur ki, başqa baxış yoxdur və eyni uydurma və yalanlar sonsuzluğa qədər təkrar olur. Biz burada və Rusiyada informasiyadan azad istifadə edilməsini dəstəkləyirik. Lakin yalana qarşı həqiqəti göstərmək kimi mübarizə aparmaqdan daha çox, fantastika qarşısında reallığı göstərməlisiniz. Mən iki gün Kiyevdə oldum, gözəl bahar havası var idi, insanlar kafelərdə oturmuşdu. Rusiya təbliğat maşını deyir ki, Kiyev mühasirədədir və adamlar azad hərəkət edə bilmir, lazım olan təchizatı ala bilmir. Bu da uydurmadır və tamamilə yalandır. Bunu hər gün görmək olar. Mənim işimin də bir hissəsi insanların reallığı görə bilməsini təmin etməkdir və biz də mümkün olan qədər bunu etməyə çalışırıq”-deyə Riçard Stengel bildirib.

Qeyd edək ki, Riçard Stengel Ukraynada vəziyyəti Avropa media nümayəndələri və ekspertlərlə müzakirə edəcək.

Ülviyyə


Müəllif: