27 Fevral 2015 05:49
677
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran rusiyalıları ölkənin turizm imkanları ilə tanış etmək və ölkəyə yeni turistləri cəlb etmək məqsədilə tezliklə Rusiyada turizm nümayəndəliyi açmaq qərarına gəlib.

Teleqraf.com-un “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə İranın Turizm və Marketinq İdarəsinin rəhbəri Səyid Məhəmməd Kazım Holdinasab bildirib.

Tehranda turizm əlaqələrinin inkişafı mövzusunda təşkil olunan toplantıda rusiyalı turizm operatorları qarşısında çıxış edən iranlı məmur 2007-ci ildə Moskvada İran və Rusiya arasında turizm əlaqələrinin inkişafı haqqında imzalanan müqaviləni xatırladaraq Rusiyanın İran üçün perspektivli turizm bazarı olduğunu qeyd edib.

Onun sözlərinə görə, 2013-cü ildə İrana 19 min rusiyalı gəlib, 2014-cü ildə isə bu göstərici 8,5 minədək azalıb.

Holdinasab hesab edir ki, Rusiyadan İrana turist axınının azalmasına səbəb rusiyalıların İran haqqında az məlumatlı olmasıdır.

O qeyd edib ki, İran hökuməti 2024-cü ilədək turizmin inkişafına 25 mlrd dollar vəsait yönəltmək niyyətindədir. “Bu proqram çərçivəsində biz Rusiyada turizm üzrə öz ofisimizi açmaq və rusiyalıların İran haqqında daha çox məlumatlı olmaları üçün bir sıra tədbirlər keçirmək niyyətindəyik”.


Müəllif: