28 Fevral 2015 19:17
6 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Cənubi Qafqazda maraqları Bakıda olduqca böyük nüfuza, ya da nəzarətə malik olmaqdan ibarətdir. Buna nail olmaq üçün Rusiya Gürcüstandakı kimi destruksiya daxil olmaqla, bu oyunun bir hissəsi olaraq, Ermənistanın tabe etdirilməsi və mümkün provokasiyalar kimi bacardığı bütün vasitələrdən istifadə edəcək.

Bunu tanınmış amerikalı politoloq Pol Qobl bildirib. Ötən əsrin sonlarında ABŞ-ın dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri olmuş P.Qobl Amerikanın Səsinə müsahibəsində Ukrayna böhranının Cənubi Qafqaz bölgəsinə təsirlərindən danışıb.

O, "Moskva Dağlıq Qarabağ münaqişəsində gərginlik yaransa hansı addımları ata bilər" sualına cavabında deyib: "Fikrimcə, Moskva təkid edəcək ki, münaqişə dayandırılmalıdır və buraya sülhümühafizə qüvvələri gətirilməlidir. Sonra deyəcək ki, bu qüvvələr var, yəni Rusiya qüvvələri. Təəssüf ki, yəqin Qərbi Avropanın və bəlkə Amerikanın da bunu dəstəkləyəcəyini görəcəyik. O zaman Rusiya qüvvələrindən münaqişənin həlli deyil, Rusiyanın nüfuzunun möhkəmləndirilməsi üçün istifadə ediləcək. Biz başa düşməliyik ki, ruslar sülh sözünü deyəndə bunu nəzərdə tutmurlar. Hərflərin yeri dəyişilsə, bu sözün mənası “sülh” deyil, bir “hissə” demək olur. Çünki onlar münaqişəni həll etmək deyil, burdan bir hissə, ordan bir hissəni götürüb saxlamaq istəyir."

Onun sözlərinə görə, Qarabağ münaqişəsi yaxın gələcəkdə qızışsa, ya da Rusiya özü buna təhrik etsə, beynəlxalq ictimaiyyətə deyəcək ki, bunu dayandırmaq lazımdır və bunu yalnız Rusiya qüvvələri edə bilər. Ukraynada birgə fəaliyyət göstərə bilməyən beynəlxalq ictimaiyyət yəqin ki, o şəraitdə bunu Rusiyaya həvalə edəcək və o zaman Rusiyanın çox sayda qüvvələrini təkcə Ermənistan bazalarında deyil, Azərbaycanın ərazisində görə biləcəyik.

Politoloq vurğulayıb ki, Moskva o zaman Bakıda hökumətə təzyiq göstərmək üçün daha artıq vasitələrdən istifadə edəcək ki, Moskvanın maraqları təmin olsun. Bu, uzun müddət üçün oyundur. Bir azərbaycanlı politoloqun bir neçə il əvvəl dediyi sözləri yada salmaq istəyirəm ki, Cənubi Qafqazda Gürcüstan vasitədir, Ermənistan alətdir, Azərbaycan isə mükafatdır. Heç kəs unutmamalıdır ki, Rusiyanın Cənubi Qafqazda maraqları Bakıda olduqca böyük nüfuza, ya da nəzarətə malik olmaqdan ibarətdir. Buna nail olmaq üçün Rusiya Gürcüstandakı kimi destruksiya daxil olmaqla, bu oyunun bir hissəsi olaraq, Ermənistanın tabe etdirilməsi və mümkün provokasiyalar kimi bacardığı bütün vasitələrdən istifadə edəcək.

P.Qobl fikrini belə tamamlayıb: "Əgər Moskva Bakıda nəzarət, ya da dominant rola malik olsa, bu, Mərkəzi Asiyanın təcrid edilməsinə gətirib çıxaracaq. Bu, Moskvaya Tehrana, İrana birbaşa yol açmaq imkanı verəcək, Rusiya ərazisindən keçməyən şərq-qərb neft kəməri haqqında bütün danışıqlara da son qoyacaq. Bu, Qərb üçün ən böyük geo-siyasi məğlubiyyət, Rusiya üçün isə qısa müddətə də olsa böyük qələbə olacaq." /anspress.com/


Müəllif: