6 Mart 2015 21:19
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Banqalor şəhərinin sakini, 23 yaşlı İndhuca Pillay sözün əsil mənasında “Ərə getmək üçün CV” hazırlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İndhucanın valideynləri tanışlıq saytlarının birində onun haqda məlumatlar yerləşdirdikdən sonra qız əsəbiləşib. İş ondadır ki, İndhucanın valideynləri tanışlıq saytında onun haqqında ancaq yaxşı rəylər yazıb. Ona görə də, qız özü haqqında səmimi rezüme hazırlayaraq, orada nələri xoşladığını, nələri xoşlamadığını, davranışları haqda yazıb.

Valideynlərinin onun üçün yaratdığı internet səhifəsində belə məlumatlar əlavə edib: “Adım İndhucadır. Sənətim kompüter mühəndisliyidir. Lənətə gəlmiş saytda özüm haqda yerləşdirilmiş məlumatlardan təəccübləndim. Demək istəyirəm ki, mənim cəmi 23 yaşım var! Mən ərə getmək üçün çarəsiz qalan qadın deyiləm”. Sonra isə İndhuca valideynlərinin onun üçün açdığı səhifəni bağlayaraq, özü haqda doğru məlumatların yer aldığı başqa bir səhifə açmalı olub.

Özünün tərtib etdiyi “Ərə getmək üçün CV” də İndhuca yazıb: “Mən eynək taxıram və eynəklə səfehə oxşayıram. Bədxərc deyiləm və alış-verişi sevmirəm. Masalaya (ədviyyat qarışığı olan yemək), teatr və televizora nifrət edirəm. Kitab oxumuram. Qadın kimi qadın da deyiləm. Bir sözlə ərə getmək üçün əşya deyiləm. Saçlarım heç zaman uzun olmayıb və olmayacaq da”. Sonra isə İndhuca onu maraqlandıracaq kişi haqqında da məlumatlar yerləşdirib: “Belə bir kişiyə üstünlük verirəm: dünya gəzintisinə çıxmağı xoşlayan saqqallı kişi olmalıdır. Özü pul qazanmalıdır, işinə nifrət etməməlidir. Əlavə olaraq, uşaqlara nifrət etməməlidir. Yüksək səsi və cəlbedici görünüşü olmalıdır. Ən azı 30 dəqiqə söhbət etməyi bacarmalıdır”.

İndhucanın rezümesi 48 saat ərzində internetdə sürətlə yayılıb. Onun CV-si hətta, Avstraliyadan tutmuş, Kanadaya kimi çatıb. O, adət-ənənələrin ziddinə gedərək öz hüquqlarını tələb edən müasir hindistanlı qadın adına layiq görülüb.


Müəllif: