19 May 2014 17:04
1 014

Krım tatarlarının yarımadadan deportasiyasının 70-ci ildönümü ilə əlaqədar Simferopolda anım mitinqi keçirilib. Aksiyada iştirakçılar "Krım tatar xalqının hüquqlarının bərpası üçün" Krıma milli-ərazi muxtariyyətinin verilməsini tələb edən qətnamə qəbul ediblər.

Qətnamədə yazılır: “Krım respublikasına milli-ərazi muxtariyyəti statusu verilməsi yolu ilə Krım tatar xalqının tarixi ərazisi olan Krımda öz müqəddəratını təyin etmək hüququna malikdir. İlk növbədə, Krım tatar xalqının hüquqlarını bərpa etmək məqsədilə Krım tatar xalqının deportasiyası nəticəsində dəyişdirilmiş tarixi adlar bərpa edilməlidir. Krım respublikasının qanunvericiliyində və icraedici hakimiyyət orqanlarında Krım tatarlarının əməli təmsilçiliyini təmin edən qanunların qəbul edilməsini tələb edirik”.

Mitinq iştirakçıları Krım tatar xalqının Qurultayını və onun formalaşdırdığı milli özünüidarəetmə orqanlarının – Krım tatar xalqının Məclisini, regional və yerli məclislərin Krım tatar xalqını təmsil edən qurum qismində tanınmasını tələb ediblər.

Mitinq zamanı iştirakçılar demokratik qüvvələrə, hökumət və parlamentlərə, beynəlxalq təşkilatlara müraciət edərək, onları Krım tatar xalqının hüquqlarının bərpa edilməsinin təminatçısı qismində çıxış etməyə çağırıblar.

Qeyd edək ki, 1954-cü il 18 may tarixində Krım tatarları yarımadadan deportasiya olunublar. Bu il deportasiyanın 70-ci ildönümü xüsusi ilə qeyd olunub.

BBC müxbirinin məlumatına görə, anım mitinqləri keçirilən ərazilərin üzərində Rusiya hərbi vertolyotları dövr edib.

ABŞ Dövlət Katibi Con Kerri deportasiyanın 70 illiyi ilə bağlı Krım tatar xalqı ilə həmrəy olduğunu bildirib.

Onun sözlərinə görə, “Krımın qanunsuz ilhaq edilməsi cəhdi və Rusiya işğalı Krım tatarlarının köhnə yaralarını təzələyib”.

“İnsan haqlarının Krımda bu gün pozulması siyahısı uzundur və hər həftə bu siyahı böyüyür”, Kerri qeyd edib.

Eyni zamanda genişlənmə və Avropa qonşuluq siyasəti üzrə Aİ komissarı Ştefan Füle bəyan edib ki, Avropa İttifaqı “Krımın ilhaqını tanımır və krım tatarlarını yaddan çıxarmır”.

Füle deyib ki, Avropa Krım tatarlarının hüquqlarının qorunmasını məsələsini diqqət mərkəzində saxlayacaq.

Ülviyyə


Müəllif: