20 May 2014 11:01
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya televiziyası qoşunların Ukrayna ilə sərhəd bölgələri tərk etməsini əks etdirən kadrlar yayıb. Kadrlarda tanklar və ağır hərbi texnikanın geri çəkilməsini müşahidə etmək olur. Ekspertlərin rəyinə görə, Rusiyanın bu addımı sanksiyaların qarşısını almaq məqsədi güdür. ANS PRESS-in məlumatına görə, Ukrayna rəsmiləri isə hələ də qoşunların sərhəddən çəkilməsinə inanmır. Ölkənin sabiq baş naziri, prezidentliyə namizəd Yuliya Timoşenko Putinin iddialarını boş söz adlandırıb və onu ölkənin ərazi bütövlüyünə qarşı təhlükə hesab edib. “Düşünürəm ki, dünya ictimaiyyəti Kremlinin Ukraynaya qarşı təcavüzkar mövqeyinə son qoymaq üçün özündə iradə tapacaq”.

Amerika Birləşmiş Ştatları da Vladimir Putinin əmrinə baxmayaraq, Rusiyanın öz qoşunlarını Ukrayna ilə sərhəddən çəkməsinə dair sübutun olmadığını iddia edir. Ağ Evin mətbuat katibi Cey Karni bildirib ki, əgər Rusiya qoşunları Ukrayna sərhədindən geri çəkilmiş olsaydı, Amerika Birləşmiş Ştatları bundan xəbərdar olar və ictimaiyyəti də bu barədə məlumatlandırardı.


"Biz prezident Putinin Ukrayna ilə sərhəddə təlimlər üçün göndərilən Rusiya qoşunlarının bir hissəsinin öz daimi dislokasiya yerlərinə qaytarılması əmrinə dair məlumatlar eşitmişik. Rusiya hərbçilərinin orada vəziyyəti gərginləşdirdiyinə dair dəfələrlə aydın ismarıclar vermişik. Ona görə də qoşunların geri çəkilməsi alqışlanardı. Amma hələ ki, əvvəllər də dəfələrlə bəyan edildiyi kimi geri çəkilməyə dair heç bir hərəkətin sübutunu görmürük" - Cey Karni belə deyib.


Rusiya qoşunlarının Ukrayna sərhədində geri çəkildiyinə dair NATO-nun əlində heç bir dəlil yoxdur.


Müəllif: