26 May 2014 00:12
2 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq baş nazir, Ukraynadakı növbədənkənar prezident seçkilərinə qatılan Yuliya Timoşenko seçki barədə ilkin fikirlərini söyləyib.

Teleqraf.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, Y.Timoşenko hesab edir ki, seçkilər demokratik şəkildə həyata keçib: “Biz düşmənlərin planlarını dağıtdıq və seçkilər oldu. Hesab edirəm ki, bu, bizim millətimizin gücünün göstəricisidir. Mən ondan əminəm ki, indi Ukrayna çox dəqiq yolla addımlayır. Bizə daha Avropa İttifaqı və Gömrük Şurasının arasında seçmək etmək lazım deyil. Ukraynanın Avropa Birliyində üzvlüyü üçün şanslar və bütün imkanları mövcuddur”.

Prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı Aleksandr Turçinov da çıxış edib. O qeyd edib ki, seçkilər açıq və ədalətli olub: “Hər hansı təzyiq və ya məhdudiyyətdən söhbət gedə bilməz”.
O, Donetsk və Luqansk ərazisinin dairə və sahə komissiyalarının üzvlərinə, öz vətəndaşlıq vəzifəsini ləyaqətlə yerinə yetirdiklərinə görə xüsusi minnətdarlığını bildirib: “Bu bizim ümumi qələbəmizdir”.

“Batkivşina” fraksiyasının sədr əvəzi Serqey Sobolev hesab edir ki, demokratik seçkilər olub: “Rusiya Federasiyası və şəxsən Putinin Ukraynada seçkiləri pozmaq niyyəti baş tutmadı”.

Qeyd edək ki, Ukraynada bu gün növbədənkənar prezident seçkiləri keçirilib. Prezident kürsüsü uğrunda 21 namizəd mübarizə aparıb. Prezident seçilmək üçün ən real namizədlər “Batkivşina” partiyası tərəfindən irəli sürülən, bir müddət əvvəl həbsdən azad edilən sabiq baş nazir Yuliya Timoşenko, sahibkarlar Pyotr Poroşenko və Serqey Tiqipko olub.

Milli exit-poll-un nəticələrinə görə, Poroşenko seçkidə 55,9 %, Milli Televiziyanın exit-poll-una görə isə 57,3 % səs alıb.

Nərgiz


Müəllif: