3 İyul 2015 01:54
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “İl Giornale” qəzetinin saytında bu ölkənin “İl Nodo di Gordio” beyin mərkəzinin tədqiqatçısı tərəfindən Cənubi Qafqazdakı son proseslərlə bağlı hazırlanmış yazı yerləşdirilib.

Yazıda qeyd olunur ki, son aylarda mürəkkəb siyasi proseslərin müşahidə olunduğu Cənubi Qafqazda regional balansın pozulması təhlükəsi mövcuddur. Belə ki, Yerevandakı son nümayişlər, Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində gərginliyin artması kimi amillər bu bölgəyə daha çox diqqət yetirilməsinin vacibliyini göstərir. Yerevanda elektrik enerjisinin qiymətlərinin qaldırılmasına etiraz olaraq başlamış nümayişlər səngimək bilmir. Son gərginliklər hətta demək olar ki, üsyana çevrilmək üzrədir. Bu isə Sarkisyan hökumətinin gələcəyini sual altına qoyan həqiqi institusional böhran deməkdir. Təbii ehtiyatlara malik olmayan və iqtisadiyyatı asılı vəziyyətə düşən Ermənistan Qafqazın ən kasıb ölkəsi sayılır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif bildirir ki, ATƏT-in Minsk qrupunun və beynəlxalq strukturların səylərinə baxmayraq, problem hələ də həllini tapmayıb. Bu da bir reallıqdır ki, qanlı münaqişə nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Avropa Məhkəməsinin azərbaycanlı məcburi köçkünlərin şikayətləri əsasında “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə elan etdiyi qərar rəsmi Yerevanın bir daha “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəalarını pozduğunu göstərir.

Məqalədə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun müvafiq məsələ ilə bağlı fikirləri də yer alıb: “Bu qərar tarixi əhəmiyyətə malikdir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinin, onların hüquqlarının pozulmasının beynəlxalq birlik tərəfindən tanınması önəmli bir məqamdır”.


Müəllif: