5 İyul 2015 09:56
294

İrəvanın mərkəzi Baqramyan prospektində nümayişçilərin Koordinasiya Şurası yeni etiraz formasına qərar verib. Musavat.com erməni qaynağına istinadən xəbər verir ki, qurum adından çıxış edən David Sanasaryan “Bir addım irıəli!” aksiyasına başlandığını elan edib.

Sanasaryan bildirib ki, əgər hakimiyyət etirazçıların tələblərini yerinə yetirməsə, o zaman zibil qutularından ibarət simvolik barrikada bazar ertəsindən etibarən, saat 21:00-da “bir addım qabağa” – inzibati binalara tərəf (Konstitusiya Məhkəməsi, parlament və prezident iqamətgahı) yerini dəyişəcək.

O, aksiyanın müstəsna olaraq dinc xarakter daşıdığını bir daha qeyd edib və əlavə edib ki, hakimiyyət tələbləri qulaqardı etməkdən əl çəkməlidir. Söhbət elektrik enerjisinin bahalaşması haqda qərarın ləğv edilməsindən (hökumət dondurub) və dinc nümayişçiləri və jurnalistləri döyənlərin cəzalandırılmasından gedir.

Toplaşanlar bu qərarı alqışlarla qarşılayıblar.


Müəllif: