5 İyul 2015 15:23
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uğurla davam edən Şəki “İpək yolu” VI Beynəlxalq musiqi festivalının dördüncü günündə “Yuxarı Karvansaray” mehmanxana kompleksində tamaşaçılara Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələri, mahnı və rəqslərindən ibarət daha bir konsert proqramı təqdim olunub.

Konsert Qəbələ rayonunun Nic kəndindəki udilərin “Bulaq” Mədəniyyət Mərkəzinin “Cəngi” musiqi qrupunun çıxışı ilə başlanıb.

Sonra səhnəyə Astara rayonunun Kakalos kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Əvəsor” talış xalq folklor kollektivi çıxıb. Bu kollektiv respublikamızda və xarici ölkələrdə keçirilən tədbirlərdə, festivallarda fəal iştirak edir. Kollektivin repertuarında “Talış toyu” kompozisiyası, “Biçində”, “Qardaş, toyun mübarək”, “Naz etmə”, “Lay-lay”, “Xınayaxdı”, “Dili-dili” və digər folklor nümunələri vardır. Kollektivin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Zaqatala rayonunda yaşayan azsaylı xalqların nümayəndələri bu festivalda 3 folklor kollektivi ilə təmsil olunub. Rayonun Suvagil kənd mədəniyyət evinin “Ceyranım” saxur xalq folklor kollektivinin, Əliabad qəsəbəsində yaşayan ingiloyların “Əliabadım” və Danaçı kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Alazan” avar rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda bütün iştirakçılar unudulmaz müğənni Müslüm Maqomayevin ifasında məşhur “Azərbaycan” mahnısının sədaları altında yenidən səhnəyə çıxıblar.

Sonda Şəki Şəhər İcra Hakimiyyəti adından konsertdə iştirak edən kollektivlərə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, bir gün əvvəl də bu tarixi məkanda ölkəmizdə yaşayan tat, tatar, kürd, rus, ləzgi və ahısqa türklərinin folklor kollektivləri maraqlı və rəngarəng konsert proqramı ilə tamaşaçılara xoş anlar bəxş ediblər.

İyulun 4-də axşam Şəki şəhərindəki Yay teatrında festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə ilə görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə görkəmli bəstəkarın həyat və yaradıcılığından bəhs edən sənədli filmlərdən kadrları seyr ediblər.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, Azərbaycan Respublikasının Xalq Artisti, professor Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanınan simalarındandır. O, bəstəkar, pianoçu, dirijor, musiqişünas, pedaqoq, ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbacanın hüdudlarından uzaqlarda parlaq şəkildə təmsil edir. Onun böyük mənəvi və əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən əsərləri mötəbər konsert səhnələrində böyük triumfla səslənir, dünyanın adlı-sanlı ifaçılarının repertuarını bəzəyir.

Firəngiz xanımın yaradıcılığı barədə bu və digər məlumatlar görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd olunub ki, bəstəkar bir sıra xarici ölkələrdə "composer in residense" (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülüb. Onun "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş Beşik" və “Stadt Graniza" baletləri, "Habilsayağı", "Muğamsayağı", "Oazis", "Dərviş", "Abşeron" və müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərləri, violonçel və orkestr üçün konsertləri, böyük simfonik orkestr üçün "İthaf" və digər əsərləri dünya miqyasında tanınır.

Vurğulanıb ki, Firəngiz Əlizadə Şəki "İpək Yolu" Beynəlxalq musiqi festivalnın bədii rəhbəri olmaqla, dünyanın müxtəlif xalqlarının nümayəndələrini, mədəniyyət və incəsənət xadimlərini qədim Şəki torpağında toplayaraq, buradan Azərbaycanın sorağını bütün dünyaya çatdırmaqda mühüm rol oynayır.

Sonra tamaşaçılar Şəki Musiqi Kollecinin və şəhərdə fəaliyyət göstərən musiqi məktəbləri kollektivlərinin hazırladıqları maraqlı konsert proqramını izləyiblər. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, əməkdar artıstlər Fərid Əliyev, Afaq Abbasova və İlahə Əfəndiyevanın ifasında səslənən dünya və Azərbaycan bəstəkarlarının əsərləri tamaşaçıların ürəyincə olub.

Firəngiz Əlizadə səhnəyə çıxaraq tədbirin yüksək səviyyədə təşkilinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək Firəngiz Əlizadəni Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından biri kimi dəyərləndirib.

Sonda Firəngiz Əlizadə görüş iştirakçılarının suallarını cavablandırıb.


Müəllif: