6 İyul 2015 10:20
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 5-də keçirilən tarixi referendumda yunan seçicilər beynəlxalq kreditorların daha sərt qənaət tədbirləri tələblərini rədd edib. Bülletenlərin 85 faizi satılıb. Səslərin 60 faizdən çoxu tələblərə “yox” deyib.

İyulun 5-də axşam minlərlə hökumət tərəfdarı Afinanın mərkəzi Syntagma meydanına toplaşıb, nəticələri qeyd edib. Baxmayaraq ki, kreditorlarla razılaşma əldə olunmaması Yunanıstanın avrozonadan çıxmasına gətirib çıxara bilər. Nümayişə çıxanların əksəriyyəti “Yox” (“No”) yazılmış bayraqlar qaldırıb.

Referendumu solçu baş nazir Alexis Tsipras təyin edib, seçiciləri “qorxu” və “terrorçuluq” əleyhinə səs verməyə çağırıb. Tsipras iyulun 5-də bildirib ki, yunanlar “həmrəylik və demokratiya Avropası”na səs veriblər. “Sabahdan Yunanıstan danışıqlar masasına qayıdacaq və əsas prioritetimiz ölkənin maliyyə sabitliyinin bərpasıdır,” o, televiziya çıxışında deyib.

İlkin nəticələr bəlli olandan sonra Yunanıstan hökuməti bildirib ki, kreditorlarla borc sazişinin əldə olunması üçün səyləri gücləndirir. Avroqrupun maliyyə nazirləri bu həftə görüşərək referendumun nəticəsini müzakirə edəcəklər. Qrup sədrinin sözçüsü iyulun 5-də belə deyib.

Tsipras və komandası israr edir ki, bu referendum onların Avropa liderləri ilə danışıqlarda mövqeyini gücləndirəcək. Avrozona siyasətçiləri isə xəbərdarlıq ediblər ki, “yox” səsverməsi Avropa Mərkəzi Bankının (AMB) Yunanıstana fövqəladə maliyyə yardımı ayırmasını çətinləşdirəcək. Almaniya kanslerinin müavininin fikrincə, bu səsvermədən sonra yeni borc danışıqlarını “təsəvvür eləmək belə çətindir”.

Yunanıstan Banklar Assosiasiyası rəhbərinin sözlərinə görə, nağd pul iyulun 6-dək bəs edəcək. Yunan banklarının iyulun 7-də açılacağı gözlənir, ancaq böyük məbləğdə nağd pul olmadan bankların açıq qalması mümkün olmayacaq.

Yunan mediası Yunanıstan Bankının AMB-dan 6.6 milyard dollarlıq fövqəladə yardım istəyəcəyi barədə məlumat yayıb.

Ölkənin bəzi rəsmiləri bildiriblər ki, referendumda “yox” deyilməsi hökumətin avrozonanı tərk etmək niyyəti də sayıla bilməz. Milyonlarla yunan üçün bu səsvermə kreditorlara qəzəbli mesajdır ki, Yunanıstan daha sərt qənaət tədbirlərini qəbul edə bilməz. Bu tədbirlər nəticəsində son beş ildə hər dörd yunandan biri işini itirib.

Referendumun nəticəsini Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande iyulun 5-də axşam telefonla müzakirə ediblər. “Tərəflər razılaşıblar ki, yunan xalqının verdiyi səs hörmətə layiqdir. Kansler və Prezident iyulun 7-də avrozona rəhbərlərinin sammitinin çağırılmasına tərəfdardır,” rəsmi açıqlamada deyilir.

Avropa Şurasının prezidenti Donald Tusk iyulun 7-də avrozonanın sammitini çağırıb. Yunanıstanın borc böhranı müzakirə olunacaq.


Müəllif: