14 İyul 2015 11:20
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən güclü narkobaronlarından olan Xoakin Qusman həbsxanadan qaçması ilə əlaqədar həbsxananın 49 əməkdaşı saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə EFE informasiya agentliyinə istinadən “El Nuevo Herald” nəşri yazıb.

Saxlanılanlar arasında nəzarətçilər və həbsxananın direktoru Valentina Kardanes Lerma da var. Onlar narkobaronun qaçışına kömək etməkdə ittiham olunur. Araşdırmalara rəhbərlik etmək üçün daxili işlər naziri Migel Anxel Osorio Fransaya nəzərdə tutulan səfərə getməyib.

Xatırladaq ki, “El Çapo” ləqəbli Qusman 11-də Meksikanın ən təhlükəsiz həbsxanası olan sərt rejimli Altıplano həbsxanasından qaçıb. Narkobaronun paytaxt Mexikonun 90 kilometr məsafəsində yerləşən həbsxanadan qaçışı axşam 21:30 radələrində baş tutub. Bu onun eyni həbsxanadan ikinci qaçışıdır.

2014-cü ilin əvvəlində ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Meksika dəniz piyadalarının keçirdiyi əməliyyatla həbs olunan “El Çapo” ilk dəfə ciddi rejimli həbsxanadan 2001-ci ildə nəzarətçilərin köməyi ilə qaçmışdı. Qusman gözəllik kraliçası, əkizlərinin anası olan həyat yoldaşı Emma Koronellə (24) səhər yeməyi hazırlayarkən edilən basqınla ələ keçirilmişdi. O, 1993-cü ildə həbs olunmuşdu.

Amerikalı səlahiyyətlilər “tutulan ən böyük balıq” adlandırılan Qusmanın Meksikadakı istənilən həbsxanadan yenidən qaçma riski olduğu üçün onun ABŞ-a verilməsini istəmişdi. Lakin Mexiko Qusmanın daha əvvəl aldığı 24 illik həbs cəzasını məhz Meksikada çəkməsinin lazım olduğunu bildirməklə bu istəyi rədd etmişdi.

“Forbes”in hazırladığı “dünyanın ən güclü insanları” siyahısında da yer alan Qusmanın sərvətinin 1 milyard dollar olduğu bildirilir.

Qusman 1990-cı illərdən “Sinaloa” kartelinə başçılıq edir. Hesab edilir ki, bu kartel ABŞ-da bütün narkotikin üçdə birini çatdırır.

Meksika ərazisində narkomüharibələr nəticəsində son beş il ərzində 37 mindən çox insan həlak olub.


Müəllif: