15 İyul 2015 08:06

BMT-nin baş katibi Pan Gi Mun "Hər bir qadın, hər bir uşaq" təşəbbüsünün maliyyələşdirilməsi üzrə Qlobal strukturun Əddis-Əbəbədə keçirilmiş təqdimatında iştirak edib.

"Hər bir qadın, hər bir uşaq" təşəbbüsü BMT-nin baş katibi Pan Gi Mun tərəfindən qadınların və uşaqların sağlamlığının mühafizəsi üzrə Qlobal strategiya çərçivəsində elan edilib. Bu təşəbbüs 2010-cu ildə BMT Baş Assambleyasının sessiyasında bəyənilib.

BMT rəhbərinin dediyinə görə, 2010-cu ildən bu günədək beynəlxalq birlik təşəbbüsün həyata keçirilməsi çərçivəsində xeyli irəliləyişə nail olub.

Hazırda dünyanın bir çox ölkələrindən 300 tərəfdaş bu təşəbbüsə qoşulub. Onlar qadınların və uşaqların sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş 400 konkret öhdəlik qəbul ediblər.

Anaları və uşaqları mühafizə layihələrinə təqribən 34 milyard ABŞ dolları ayrılıb. 2010-cu ildən bəri təşəbbüsün əhatə etdiyi 49 ölkənin hər birində ana və uşaq ölümünün səviyyəsi aşağı düşüb.

Pan Gi Mun deyib: "Biz milyonlarla həyatın xilas olmasına kömək etmişik, siyasi dəstək almışıq və ayrılan vəsaitin artırılmasına nail olmuşuq".

Lakin bu uğurlara baxmayaraq, hələ də hər gün hamiləlik və doğuş zamanı yüzlərlə qadın tələf olur. Bir çox körpələr həyatının ilk günlərində qarşısı alına biləcək səbəblər üzündən ölürlər.

Pan Gi Mun deyib: "Bizim mövqeyimiz aydındır: Bir nəsil çərçivəsində qarşısı alına biləcək ana və uşaq ölümü hallarına son qoymaq lazımdır".

O bildirib ki, sentyabrda qadınların, uşaqların və yeniyetmələrin sağlamlığının təmin edilməsi üzrə yenilənmiş Qlobal strategiya təqdim edəcək. Pan Gi Mun vurğulayıb ki, anaların, uşaqların xilas edilməsi layihələrinin investisiyalaşdırılması bizim nəslin mənəvi borcudur. Bir də ki, bu investisiyalar nəticə etibarilə yoxsulluğun azalmasına və iqtisadi məhsuldarlığın artmasına gətirib çıxaracaq.

BMT rəhbəri qeyd edib ki, hələlik özəl sektor anaların və uşaqların sağlamlığının qorunmasına adekvat vəsait ayırmır. O deyib ki, bu gün maliyyələşdirmənin innovasiya formaları və bütün mənbələrdən - dövlət və özəl, milli və beynəlxalq mənbələrdən resurslar tələb olunur.


Müəllif:
Загрузка...