16 İyul 2015 15:52
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə koalisiya hökumətinin qurulması üçün Baş nazir səlahiyyətlərini icra edən Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu üçüncü rəsmi görüşünü dünən Xalqların Demokratik Partiyasının həmsədrləri Səlahəddin Dəmirtaş və Firgen Yüksəkdağla keçirib.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyə vaxtı ilə saat 11:00-da Ə.Davudoğlunun başçılıq etdiyi nümayəndə heyəti HDP-nin əsas qərargahına gəlib. Görüş 1 saat 55 dəqiqə davam edib. AKP heyətini qapı önündə HDP qrup başqan vəkilləri Pərvin Buldan və İdris Baluken qarşılayıb. Ə.Davudoğlunu Baş nazir yardımçısı Yalçıq Akdoğan, Qida, istehsal və heyvandarlıq naziri Mehdi Eker, sabiq Daxili işlər naziri Əfqan Ala, Adıyaman millət vəkili Adnan Boynukara və Ərzurum millət vəkili Zəhra Daşkəsənlioğlu müşayiət edib. HDP heyətində isə partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağla yanaşı, HDP qrup başqan vəkili Pərvin Buldan və İdris Baluken, Ankara millət vəkili Sırrı Süreyya Önder və Mərkəzi Yönətim Qurulu üzvü Zeynəb Karaman da təmsil olunub.

Görüş başa çatdıqdan sonra açıqlama verən Ə.Davudoğlu "Faydalı bir müzakirə oldu, Türkiyə və bölgə ölkələrindəki məsələlər barədə qarşılıqlı anlayışla danışdıq. HDP ilə görüşdə isti qarşılandıq, açıq ürəkliliklə qarşılıqlı mövqeləri dinlədiyimiz bir görüş keçirdik. Dəmirtaşla barış, demokratiya və ədalət amalları ətrafında qənaətlərimizi axtardıq" deyib.

Ə.Davudoğlu 13 faiz səs almış bir partiyanı yox saya bilməyəcəyini bildirərək çözüm sürəcində verilən sözlərin ən qısa zamanda yerinə yetirilməsinin, ictimai fikrin müzakirə mövzusuna çevrilməməsinin vacibliyini vurğulayıb. Davudoğlu "Dəmirtaş, demokratiya artdıqca silahların azalması və minimuma enməsi lazım dedi" şəklində öz fikrini ifadə edib.

Ə.Davudoğlu bu qədər səs almış partiyanı çıxdaş edəcək heç bir formulun işləməyəcəyini, HDP-nin AKP ilə hər mövzuda müzakirə apara biləcəyi düşüncəsində olduqlarını qeyd edib: "HDP ilə bu gün koalisiya ortaqlığı məsələsində bir çərçivə qəbul edilməyib. Amma görüşməyə də davam edəcəyik. Ancaq CHP ilə hazırladığımız kimi bir mexanizm yoxdur".

HDP millət vəkili Lezgin Botan heyətdə yer alan adlarla bağlı verdiyi açıqlamada "Hər siyasi partiyanın öz nümayəndə heyətini müəyyənləşdirmə haqqı var. Adlara önəm vermirik, bu qurumlar arası bir sürəcdir" deyib.

Bu arada AKP ilə HDP arasındakı görüş Dolmabaxça anlaşmasının ardınca gerçəkləşdirilən ilk təmas olaraq diqqət çəkib.

Onu da qeyd edək ki, Ə.Davudoğlunun rəhbərlik etdiyi AKP heyəti koalisiya qurulması məqsədilə iyulun 13-də CHP-nin əsas qərargahını ziyarət etmişdi. İyulun 14-də isə Davudoğlu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə sonuncunun Böyük Millət Məclisindəki kabinetində görüş keçirmişdi.

Qeyd edək ki, yeni parlament 45 gün ərzində Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb təsdiq etməlidir. Qanunvericiliyə əsasən, bu prosedurun müəyyən olunmuş müddətdə baş verməyəcəyi təqdirdə prezident parlamenti buraxaraq vaxtından əvvəl seçkilər təyin etməlidir.Əhməd Davudoğlu koalision hökumətin formalaşması məqsədi ilə artıq parlamentdə təmsil olunan üç əsas müxalifət partiyasının rəhbərləri ilə görüşlər keçirib. Görüşlərin növbəti turu Ramazan bayramından sonra keçiriləcək.

Səxavət HƏMİD


Müəllif: