17 İyul 2015 15:11

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya işgüzar səfər edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər zamanı E.Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

Görüş zamanı Rusiya Federasiyasının xarici işlər naziri S.Lavrov E.Məmmədyarovu salamlayıb və sözügedən səfərin yüksək səviyyədə olan ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Rusiyalı nazir Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın bir çox sahələrdə, o cümlədən humanitar sahədə uğurla davam etdiyini bildirib və burada bu il Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forum zamanı Azərbaycanda Rusiya Mədəniyyət Günlərinin təşkil olunacağını qeyd edib.

Eyni zamanda, S.Lavrov 2015-ci ilin sentyabr ayında Sankt-Peterburq şəhərində Arktikanın neft-qaz yataqlarının araşdırılması ilə bağlı tədbirin keçiriləcəyini söyləyib və bura Azərbaycanın energetika nazirinin də dəvət olunduğunu bildirib. Bundan əlavə, Rusiyanın xarici işlər naziri bu ilin sentyabr ayında Yekaterinburqda keçiriləcək Hökumətlərarası İqtisadi Komissiyanın iclası çərçivəsində regionlararası forumun da təşkil olunacağını bildirib, Sverdlovsk vilayətində isə hərbi texnika sərgisinin keçiriləcəyini və burada Azərbaycan nümayəndə heyətinin iştirakını gözlədiklərini vurğulayıb.

E.Məmmədyarov həmkarına təşəkkür edib və sözügedən görüşün Azərbaycan və Rusiya prezidentlərinin tapşırığına uyğun olaraq baş tutduğunu bildirib. Həmçinin Azərbaycanın xarici işlər naziri İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilmiş danışıqların uğurla nəticələnməsi münasibətilə rusiyalı həmkarını təbrik edib. Bu danışıqların regiondakı vəziyyətə müsbət təsir edəcəyinə əminliyini vurğulayan E.Məmmədyarov buradakı vəziyyətin tam stabilləşməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruri olduğunu söyləyib. Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara toxunan azərbaycanlı nazir burada Rusiyanın həmsədr ölkəsi kimi rolunu önə çəkib.

S.Lavrov ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu istiqamətdə ardıcıl iş apardığını, həmsədrlərin mütəmadi təmasda olduqlarını və münaqişənin həlli istiqamətində danışıqların daha da intensivləşdirilməsinin vaxtı çatdığını vurğulayıb və bunun üçün bütün əsasların olduğunu söyləyib.

X X X

14:53

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensivləşdirilməsinin vaxtı çatıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə deyib.

O, qeyd edib: "Əsaslar var ki, səylərimizi intensivləşdirməyin vaxtı çatıb. Ümumi ab-hava və nəticəyə istiqamətlənməni nəzərə alaraq, biz bu tərəqqini təmin edə bilərik".

Öz növbəsində, E.Məmmədyarov bildirib: "İranın nüvə proqramının nizamlanması üzrə uzunmüddətli danışıqların başa çatması ümid verir ki, Dağlıq Qarabağ münaqişəsini də həll etmək olar".

***

"Səyləri artırmağın zamanı çatıb"

"Dağlıq Qarabağ probleminin həlli istiqamətində səyləri intensivləşdirmək zamanı çatıb".

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Moskvada keçirilən görüşündə səsləndirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrləri bu yöndə müzakirələri davam etdirir: "Biz fransalı və amerikalı tərəfdaşlarımızla bu məsələ üzərində işləyirik. Daim onlarla əlaqə saxlayır və vəziyyəti müzkairə edirik".

Məmmədyarov öz növbəsində bildirib ki, İranın nüvə proqramı ilə bağlı uzun müddət davam edən danışıqlarda əldə edilmiş razılıq Dağlıq Qarabağ məsələsinin həllinə ümid verir.

Samir


Müəllif:
Загрузка...