1 İyun 2014 16:26
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Abxaziya müxalifəti elan edib ki, paytaxt Suxumidəki iqamətgahından qaçaraq Rusiya hərbi bazasına sığınmış prezident Aleksandr Ankvab istefa ərizəsini yazmağa nəhayət razılaşıb. Bundan əvvəl Abxaziya parlamentinin spikeri Valeri Bqanba prezident səlahiyyətlərinin icraçısı təyin olunmuşdu. Prezident Ankvab isə istefa verməkdən imtina edirdi.


Ankvabın istefa ərizəsi yazdığını müxalifətin liderlərindən biri Sergey Şamba elan edib. Lakin hələlik məlumat başqa mənbələrdən təsdiq olunmayıb. Abxaziya prezidentinin administrasiyasından bildiriblər ki, hazırda Ankvab ictimaiyyət nümayəndələri, seçicilər və tərəfdarları ilə məsləhətləşir. Administrasiyadan Ankvabın istefa ərizəsini yazdığını təsdiqləmirlər.


Abxaziya parlamentinin 24 deputatın səsi ilə qəbul etdiyi qərara əsasən Ankvab səlahiyyətlərini icra edə bilmədiyi üçün yeni seçkilər elan olunur. Yeni seçkilərin avqustun 24-də keçiriləcəyi elan edilib. Lakin Ankvab bu qərarı “dövlət çevrilişi” adlandırıb. Abxaziya müxalifətinin lideri Raul Hacimba isə qərarı “tarixi” adlandırıb. Onun bildirdiyinə görə, güc strukturları da artıq Ankvaba tabe olmur və müvəqqəti prezidentin əmrlərini icra etməyə hazırdır.


Gürcüstanın separatçı bölgəsində baş verən siyasi böhran Moskva üçün gözlənilməz olmuşdu. Rusiya prezidenti Administrasiyası rəhbərinin müavini Vladimir Surkov və Təhlükəsizlik Şurasının sədr müavini Rəşid Nurqaliyev müxalifətlə hakimiyyət arasında vasitəçilik etmək üçün Abxaziya ezam edilsələr də müxalifət Ankvabın istefasında israr edib.


Ankvab mayın 27-də axşam nümayişçilərin onun iqamətgahını tutmasından sonra doğma şəhəri Qudautaya qaçıb, oradan isə Rusiyanın Abxaziyadakı hərbi bazasına sığınıb. Mətbuat bu qaçışı “Yanukoviç sindromu” adlandırır. Belə ki, Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç də ölkəsindən Rusiyanın Krımdakı hərbi bazası vasitəsilə qaçmışdı.


Cəmi 4 dövlət tərəfindən tanınan Abxaziya “respublikası” 2008-ci ilin avqust müharibəsindən sonra faktiki olaraq Rusiyanın nəzarəti altındadır. Müxalifət Ankvaba qarşı etirazlarını korrupsiya və Rusiyanın ayırdığı yardımların talanması ilə əsaslandırıb. Gürcüstanda isə narahatdırlar ki, Abxaziyada hakimiyyət dəyişikliyi Moskvanın oyunu ola bilər və yeni hakimiyyət bölgənin Rusiyaya birləşdirilməsi barədə təşəbbüs qaldırar /Virtualaz.org/.


Müəllif: