2 İyun 2014 12:14
869
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən gün Tehranda Suriyadakı böhrandan çıxış yollarının axtarılması məqsədilə növbəti konfrans keçirilib.

“Suriyanın dostları” sayılan toplantı Latın Amerikası, Afrika və ərəb regionundan olmaqla 30 ölkənin parlamentlərinin milli təhlükəsizlik və xarici siyasət komissiyalarının rəhbərləri səviyyəsində baş tutub.

Yığıncağı İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi açaraq, ABŞ-ın Suriyadakı terrorçulara silah göndərmək barədə qərarından təəssüfləndiyini bildirib: “Bu toplantı Suriyada sülh və sabitliyin təmin edilməsini qarşısına məqsəd qoyub. Burada bütün dünyaya Suriyada vətəndaş müharibəsinə qarşı olduğumuzu, ABŞ-ın Suriyadakı terrorçulara silah göndərmək və onlara hərbi təlim keçmək barədə qərarından duyduğumuz təəssüfü elan etmək üçün toplanmışıq”.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə deyib ki, Suriya böhranının həlli bu ölkənin sandıq başında nümayiş etdirəcəyi iradəyə bağlıdır: “Xarici qüvvələr Suriyada fərdi əməlləri ilə bağlı şübhələrini kənara buraxmalı və bu ölkədəki böhranın yalnız xalqın iradəsi ilə sandıq başında həll oluna biləcəyini qəbul etməlidirlər. Biz ilk gündən etibarən siyasi həll yolunun və suriyalı tərəflərin dialoqunun zəruri olduğunu qeyd etdik. İran bir daha bu böhranın Suriyanın dostlarının köməyi və xalqının iradəsi ilə həll edilməsinə yardım göstərməyə hazır olduğunu bəyan edir. Son aylar Suriyanın daxili siyasət arenasında mühüm irəliləyişlər var. Ölkənin müxtəlif bölgələrində əldə olunmuş sülhün böhranın daxildən həll edilə biləcəyini göstərir”.

Konfrans digər ölkələrin təmsilçilərinin çıxışları ilə davam etdirilib, daha sonra 12 maddəlik bəyannamənin qəbulu ilə başa çatıb. Sənəddə bəzi ölkələrin Suriyada terrorizmin yayılması istiqamətində verdikləri dəstək qınanılıb və bu ölkədə qarşıdurmaların davam etməsinin təəssüfedici olduğu vurğulanıb. Eyni zamanda Mali, Nigeriya, Orta Afrika, İraq və Əfqanıstan kimi ölkələrdə böhranların baş verməsində bəzi ölkələrin oynadıqları rol pislənilib, Suriya başda olmaqla problemlərin yaşandığı ölkələrdəki xalqların ağrı-acılarının minimuma endirilməsi və onların haqlarının verilməsi üçün səy göstərilməsinə diqqət çəkilib. Sənəddə həmçinin Suriya probleminin diplomatik və siyasi yolla nizamlanması qeyd edilib, bu ölkədəki terrorçulara hər cür silah və maliyyə yardımı göstərilməsinin beynəlxalq sülh səylərinə zidd olduğu vurğulanıb. Bundan başqa, Suriyaya humanitar yardımların göndərilməsinin də zəruri olduğu, bu məsələdə iştirakçı ölkələrin Qızıl Aypara Cəmiyyətləri kimi qurumlara böyük iş düşdüyü bildirilib.

Qeyd edək ki, İran “Suriyanın dostları” konfransını bu formatda ilk dəfə 2013-cü ilin martında Tehranda keçirib. /apa/


Müəllif: