6 İyun 2014 16:38
2 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəli, zövqsüz, pullu ilahiyyatçı...

Harun Yəhya kimi tanınan türkiyəli din alimi Adnan Oktarın Azərbaycanda telekanal açacağı ilə bağlı xəbər verilmişdi. Yeni telekanalın Türkiyədə Adnan Oktara məxsus “A9” televiziyasının Azərbaycan versiyası olacağı və yalnız internetlə yayımlanacağı bildirilir.

Telekanalın açılması Azərbaycanda Adnan Oktarın fikirlərini, əqidəsini bəyənən kifayət qədər insanın olması və onun təbliği məqsədi ilə əsaslandırılır.

Amma Adnan Oktarın təbliğatı təkcə telekanal açmaqla yekunlaşmır. Bəzi Azərbaycan məktəblərində, gənclər arasında onun heyranlarının sayının artdığı müşahidə olunmaqdadır. Adnan Oktarın Azərbaycan fəaliyyətinin illər öncəyə gedib çıxdığı da məlumdur. Onun kitablarının ali məktəblərdə pulsuz paylandığı barədə dəfələrlə məlumatlar verilib. Kitabları paylayanlar isə Adnan Oktarın özünün dediyi kimi yaraşıqlı gənclərdir.

Bu yaraşıqlı gənclər arasında həm oğlanlar, həm də qızlar var. Baxmayaraq ki, həmin gənclər onları gözləyən təhlükədən xəbərsizdir...

Oktarın dəlilik arayışları

Son günlər istər yerli, istərsə də Türkiyə mediasında Adnan Oktarın şizofreniyadan əziyyət çəkdiyi barədə məlumatlar gündəmə gəlib. Onun psixi durumunu təsdiqləyən sənədlər barədə hələ 15 il bundan əvvəl – 1999-cu ildə Türkiyənin “Sabah” qəzetində məqalə dərc olunub.

Qəzetin yazdığına görə, Adnan Oktara 7 ayrı-ayrı xəstəxanada şizofreniya diaqnozu qoyulduğu barədə arayışlar var. Amma bu diaqnozların da məqsədli şəkildə hazırlandığı və Türkiyə Cəza Qanununun psixi xəstələri məsuliyyətdən azad etməyi nəzərdə tutan 46-cı maddəsinə uyğun özünü sığortalamaq məqsədi daşıdığı deyilir. Qəzetin yazdığına görə, Adnan Oktara ilk dəfə şizofreniya diaqnozu barədə arayış 1983-cü ildə Şişli Etfal Xəstəxanası tərəfindən verilib. Növbəti il Cerrahpaşa Tibb Fakültəsi də ona oxşar sənəd təqdim edib, 1985-ci ildə hərbi xidmətə çağırılan Oktar üçüncü belə sənədi hərbi xəstəxanadan alıb.

1986-cı ildə “Bulvar” qəzetində nəşr olunan yazısına görə həbs olunan Adnana dördüncü arayış Ədliyyə Tibb Mərkəzindən verilir və o, həbsxanadan göndərildiyi Bakırköydə 7 ay müalicə olunur. Xəstəxanada antipsixotrop dərmanlarla edilən müalicədən sonra evə buraxılan Adnan Oktara Gülhanə Hərbi Tibb Akademiyasında və Eskişehir Hava xəstəxanalarında paronoid-şizofreniya diaqnozu qoyulur.

Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında 7 aylıq müalicədən sonra beşinci dəlilik arayışını alan Adnana altıncı arayış 1988-ci ildə, Beşiktaş Əsgərlik Şöbəsindən verilib.

1993-cü ildə yenidən Eskişehir Hava Xəstəxanasına göndərilən Adnan Oktar burada 7-ci, sonuncu son hesabatını alıb. Hesabatda isə “Əsgərliyə yararlı deyil” cümləsi qeyd olunub.

Çalişmayan adamın varidatı

Hər zaman baxımlı görünüşdə olan, parfümünə və geyimlərinə diqqət göstərən Adnan Oktar son dərəcə nəzakətli davranışı, jestləri, düşüncə məzmunundakı patoloji uyğunluğu , məğrur və özünə güvən ifadə edən tərzi ilə də diqqət çəkib. Bununla belə o, cəmiyyətdə istədiyi xarizmatik imicə sahib ola bilməyib.

Onun imici barədə 1999-cu ildə Türkiyənin “Hürriyyət” qəzetində daha bir yazı dərc olunub. Yazıda ilahiyyatçının villalarından, mənzil biznesindən, istifadə etdiyi dünyaca məşhur brendlərdən söhbət açılır. Bildirilir ki, şantaj şəbəkəsi qurmaqla günahlandırılan Oktar Cartier saatı taxır, Lacoste, Beymen və Vakkodan geyinir. Evlərində əyləşdiyi yerlər sanki şahlar üçün hazırlanan səltənəti xatırladır. Qızıl işləməli mebelləri sevir. Trilyonlara sahib olan ilahiyyatçının heç yerdə çalışmadığı bildirilir, amma bu dəyirmanın suyunun hardan gəldiyi indiyədək qaranlıqdır.

Xərclənən milyonlar, dəbdəbə, amma zövqsüzlük

Adnan Oktarın 30 hektar meşəlik ərazidə qurulan sarayı da uzun illər müzakirə mövzusu olub. Həmin saraya yetişmək üçün 750 metrlik xüsusi yol salınıb. Yol boyunca ağac və tellərin üzərində 50-ə yaxın təhlükəsizlik kamerası var.

Yolda 250 metr arayla 4 ayrı dəmir qapı qoyulub. Bu xüsusi yol keçilincə, 100 metrlik dəlikli parket döşənmiş başqa bir yol başlayır. Yolun sonunda Adnan xocanın iki mərtəbəli evi ucalır. Binanın ətrafı, ayrıca tellərlə əhatə olunub. Osmanlı tərzində hazırlanmış polad qapının üzəri ərəbcə yazılıb. Heykəllər diyarını xatırladan evdə mebellər qızıl örtüklərlə bəzənib.

Bütün bu dəbdəbə ilə yanaşı Oktarın dekorasiya və dizaynına milyonlar xərclədiyi evlərində rəng seçiminin zövqsüz olduğu deyilir. Onun bütün evlərinin ruh dünyasının qaranlığını əks etdirdiyi bildirilir. Mebel seçiminə qara, tünd qırmızı və göy rənglərin hakim olması bunu daha qabarıq formada göstərir...

Naibə QURBANOVA


Müəllif: