12 İyun 2014 12:46
2 688

İraq türkmənlərinin yaşadığı Mosul şəhəri Suriyada vuruşan silahlı dəstələrdən biri olan İraq və Şam İslam Dövləti (İŞİD) tərəfindən işğal olunub. Türkiyənin şəhərdəki konsulluğunda 14 nəfər diplomat və ümumilikdə 80 nəfərdən artıq Türkiyə vətəndaşı girov götürülüb. İraq ordusu İŞİD-ə qarşı mübarizədə acizlik nümayiş etdirir.

Öncə İŞİD-in yaranmasının tarixinə və onun mahiyyətinə nəzər salaq.

Teleqraf.com "azeri.sahartv.ir" saytına istinadən xəbər verir ki, bu silahlı birləşmə 2013-cü ilin aprel ayında təşkil olundu. 2006-cı ilin oktyabrında yaranmış "Əl-Qaidə" şəbəkəsinin tabeliyində olan Cibhətunnusrə üzvləri Suriyada silahlı təkfirçi qrupla birləşəndən sonra İŞİD təsis olundu. İraq İslam Dövləti rəhbərlərindən biri olan Əbu Bəkr Bağdadinin elan etdiyi birləşmənin ləğvi barədə "Əl-Qaidə" şəbəkəsinin rəhbəri- İmen Əl-Zəvaheri göstəriş verdi.


"İŞİD" sözü İraq və Şam İslam Dövlətinin abbreviaturasıdır. Onlar özlərini İraq dövləti hesab edirlər. Əsasən, cihadçı sələfilərdən təşkil olunublar. Hədəfləri şəriətə əsaslanan islam dövləti yaratmaqdır. Ümumiyyətlə, bu qruplaşmanın hansı siyasi güc tərəfindən yaradıldığı və nəyə xidmət etdiyi mübahisəlidir. Bir çoxları hesab edir ki, İŞİD-i Suriya prezidenti Bəşər Əsəd dəstəkləyir, məqsəd dünyəviliyi təbliğ edən və demokratiya uğurunda mübarizə aparan müxalifətə qarşı savaş açmaqdır.

İŞİD-in kökü olan Tövhid və Cihad Camaatı 2004-cü ildə İraqda "Əl-Qaidə"nin başçısı - Əbu Musəyyib Zərqavi tərəfindən yaradılıb və "Əl-Qaidə"yə biət edib. İraqda "Əl-Qaidə" şəbəkəsi Amerikanın İraqdakı hərbi fəaliyyətinə qarşı yönəlmişdi. İraqdakı fundamentalist güclər öz aralarında birləşərək 2006-cı ildə İraq İslam Dövlətini təsis etdilər və Əbu Ömər Bağdadini özlərinə rəhbər təyin etdilər.


2010-cu ildə Əbu Ömər Bağdadi və Əbu Həmzə Mühacir Amerika əsgərləri tərəfindən öldürüləndən sonra Əbu Bəkr Bağdadi İraq İslam Dövlətinin başına keçdi və 2011-ci ildə Şama daxil olandan sonra qurumun adını dəyişib İŞİD - İraq və Şam İslam Dövləti qoydu.

Əbu Bəkr Bağdadi 1971-ci ildə Samirə şəhərində anadan olub. O, Bağdad İslam Universitetinin məzunudur, bu universitetdə bakalavr, magistratura və doktoranturanı bitirib və müəllim və təbliğatçı olubdur. O, İslam mədəniyyəti, şəri fiqh və elmilə də tanışdır və tarix elmləri və şəxslərin bağlılıqları ilə də tanışlığa malikdir. Əl-Bədri sələfi-təkfirçi əqidəyə malik dindar bir ailədə anadan olub.

2011-ci ildə Suriyada yaranan böhrandan istifadə edən İŞİD İraqdakı fəaliyyətinə ara verib Şama daxil oldu. Amma eyni ideyaları paylaşmasına baxmayaraq, Suriyada "Ən-Nusrə" və İŞİD-in bir-birinə qarşı düşmən mövqedədir. Qeyd edək ki, İŞİD-in üzvləri arasında Əfqanıstan, Çeçenistan, Türkiyə, Pakistan və s. ölkələrdən olanların sayı buradakı iraqlı və suriyalılardan çoxdur.


İŞİD-in həmçinin Suriya Azadlıq Ordusu ilə münasibətləri pisdir. İŞİD insanları, təşkilatları, dövlətləri kafir və qeyri-kafir kimi qruplara ayırır. Bu da onun Suriya Azadlıq Ordusu ilə münasibətlərinə xələl gətitirir və iki qruplaşma arasında silahlı atışmalar bu gün də davam edir.

İŞİD İraqın Suriya ilə sərhədlərini nəzarətdə saxlayır, kürdlərin məntəqələrini ələ keçirib. Türkiyə ilə sərhədlərə yaxın olan Ədləb şəhərinin şimalı da İŞİD-in nəzarəti altındadır. Hazırda türklərin yaşadığı Mosul və Kərkükü işğal ediblər. Əhali evlərini boşaldıb, yüz minlərlə insan Türkiyəyə tərəf axışır. Özünü dövlət hesab edən İŞİD oğurladığı türk diplomatları ilə bağlı yaydığı məlumatda qeyd edib ki, onlar oğurlanmayıblar, sadəcə dindirilmək üçün aparılıblar.


Politoloq Qabil Hüseynli hesab edir ki, İraq və Suriya dövlətlərinin zəifləməsi və bu ölkələrdəki böhran nəticələrində yaranan İŞİD hazırda təhlükəli birləşməyə çevrilib: "İŞİD hazırda Türkiyə üçün təhlükə yaradır. Yəqin ki, qardaş ölkə diplomatlarını azad etmək üçün müvafiq addımlar atacaq. Türkiyənin Mosul və Kərkükdə hərbi əməliyyatlar aparması mümkündür. Bunun üçün zəruri şərait yetişib".


Q.Hüseynliyə görə, teokratik rejm yaratmağı hədəfləyən İŞİD-in mövcudluğu region üçün böyük təhlükədir: "Təəssüf ki, dünyanın bir çox müsəlman ölkələrindən, o cümlədən, Azərbaycandan İŞİD-a qoşulanlar var. Düzdür, onlar Azərbaycan üçün heç bir təhlükə yaratmır, burada meydan sulaya bilmirlər, amma gələcəkdə hansısa cəhdləri ola bilər".

Ruslan


Müəllif: