14 İyun 2014 12:25
431

Ali Rada kommunist deputatların toxunulmazlığını ləğv etməyə hazırlaşır

Ukrayna güc strukturlarının son aylar apardığı təhqiqatlardan sonra yerli Kommunist partiyasının fəaliyyətinin dayandırılması məsələsi gündəmə gəlib. Teleqraf.com-un “Ukrainskaya pravda”ya istinadən verdiyi xəbərə görə, bu haqda “Şuster LİVE” proqramının efirində Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentina Nalivayçenko məlumat verib.

O, bildirib ki, təhlükəsizlik xidməti son 3 ay ərzində Kommunist partiyasının və onun nümayəndələrinin qeyri-qanuni fəaliyyəti barədə çoxsaylı sübutlar toplayıb. Bu sübutlar konkret dəlillər kimi, Ədliyyə Nazirliyinə çatdırılıb: “Bütün bunlara əsasən, biz istəyirik ki, bu təşkilatın qeydiyyatı həmişəlik dayandırılsın və fəaliyyəti məhkəmənin qərarı ilə birdəfəlik ləğv edilsin”.

Təhlükəsizlik xidməti rəhbərinin sözlərinə görə, toplanılmış dəlillər Ali Radada kommunist deputatların, eləcə də Ukrayna Kommunist Partiyasının Luqanskdakı nümayəndələrinin toxunulmazlığnın ləğv edilməsi üçün ciddi əsaslar yaradıb: “Onlar həqiqətən separatçı döyüşçülərin sırasındadırlar və müvafiq proseslərdə fəal iştirak edirlər”.

Nail Cəlil


Müəllif: