24 May 2016 12:16
1 967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Qazaxıstanda hökumətin torpaq qanunları ilə bağlı dəyişiklik planı ölkədə ciddi etirazlara səbəb olub.

Teleqraf.com xəbər verir ki, eyni zamanda bir neçə şəhərdə etiraz aksiyaları keçirilib. Aksiyalarda polislə etirazçılar arasında toqquşmalar yaşanıb.

Məlumatlara görə, ilk etirazlar aprelin 24-də təbii sərvətlərlə zəngin, lakin sərvətin sadəcə bəzi insanların əlində toplanıb aşağılara çatmadığı Atyrauda başlayıb. Aprelin 28-də Xəzər dəninin qərbində yerləşən Aktau limanında düzənlənən etirazlara polis sərt şəkildə müdaxilə edib. Mayın 1-də yüzlərlə insan ölkənin ən böyük şəhəri olan Almatıdakı Respublika meydanına toplaşmağa çalışıb. Ancaq polisin müdaxiləsi nəticəsində nümayiş dağıdılıb. Xalq prezident Nursultan Nazarbayevə ölkədə bir “Ukrayna ssenari”sinin yaşanmaması ilə bağlı xəbərdarlıq edib.

Ümumilikdə etiraz nümayişləri paytaxt Astana, eləcə də Almatı, Karaqanda, Oral, Şimkent və Atırau şəhərlərində keçirilib. Nümayişlər zamanı 1000-dən çox fəal saxlanılıb.

Saxlanılanlar arasında İnterfaks və Azadlıq Radiosunun Qazax xidmətinin jurnalistləri də olub. Qazaxıstan Daxil İşlər Nazirliyinin rəsmisi İqor Lepexa jurnalistlərin həbs olunmasını “anlaşılmazlıq” adlandırıb. Onun sözlərinə görə, jurnalistlər saxlanıldıqdan bir müddət sonra azadlığa buraxılıb. Bəzi jurnalistlər saxlandıqları müddətdə video görüntülər və fotoların kameralaradan silindiyini bildirib. Qazaxıstanın İnformasiya və Kommunkasiya naziri Dauren Abayev jurnalistlərin nə üçün saxlandığını araşdıracağını deyib.

Hazırda ölkədə Azadlıq Radiosunun Qazax xidmətinin veb saytına çıxış bağlıdır. Lakin radionun Facebook və Twitter səhifələrinə çıxışın qismən bərpa olunduğunu bildirilir.

Qeyd edək ki, fəallar və müxalif siyasətçilər dövlətə məxsus kənd təsərrüfatına yararlı torpaqların satılmasına və ya 25 illiyə əcnəbilərə icarəyə verilməsinə imkan yaradan qanuna etiraz edirlər. Qazaxıstanda icazəsiz aksiyalar nadir hallarda baş verir. 2011-ci ildə ölkənin cənub-qərbindəki Janaozen və Şetpe şəhərlərində neftçilər və onların tərəfdarlarının etirazları polisin 16 nəfərə atəş açıb öldürməsi ilə nəticələnib.

Adı çəkilən qanunun 1 iyul 2016-cı ildə qüvəyə minəcəyi gözlənilir.

Samir İsayev


Müəllif: