27 May 2016 12:46
320

"Rusiya ilə Bəşər Əsədin gələcək taleyi məsələsinə dair müzakirələr davam edir. Ancaq Rusiya ilə fikir ayrılığımız tək bu məsələdə deyil".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil ibn Əhməd əl-Cubeyr Moskvada keçirilən Rusiya və Ərəb Ölkələri Əməkdaşlıq Şurasının 4-cü Strateji Dialoq Sammitindən sonra rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib:

"Cenevrə memorandumunda deyildiyi kimi keçid mexanizmini dəstəkləyirik. Suriyadakı seçkiləri tanımırıq. 12 milyon insanın ölkəni tərk etdiyini, 400 min insanın öldüyü və ölkənin xarabalığa çevrildiyi vəziyyətdə seçkilərin nəticələri real sayıla bilməz.

Rusiya Suriya danışıqlarında müxalifət adından bir sıra qrupların iştirakını dəstəkləyir. Biz buna qarşıyıq. Fikrimizcə, müxalifləri sadəcə Ər-Riyad görüşündəki heyət təmsil edə bilər. Əsəd rejiminin müxaliflərə qarşı hücumlar həyata keçirməsi danışıqlar prosesinə əngəl törədir.

Suriya probleminin həlli üçün 3 şərt var - Əsəd rejimi hücumları dayandırmalı və humanitar yardıma yol açmalıdır, müzakirələr yenidən başlamalıdır, Vyana prosesi çərçivəsində dialoq möhkəmlənməlidir".

Rusiya XİN rəhbəri Sergey Lavrov isə Suriya böhranının həlli məsələsində ABŞ-la koordinasiya qrupunun yaradılmasına diqqət çəkib: "Biz amerikalılara Suriyada siyasi həlli istəyən qrupların seçilməsi üçün mayın 25-nə qədər vaxt verdik. Təklifimizi müzakirə etdilər və bir az da vaxt istədilər. Biz də qəbul etdik. Suriyadakı əməliyyatların koordinasiya olunması məsələsində irəliləyiş var, amma istədiyimizdən ləng irəliləyirik".

Qeyd edək ki, Moskvada keçirilən sammitdə ticarət, iqtisadiyyat, investisiya və digər sahələrindəki əməkdaşlıqla yanaşı regional problemlər də müzakirə edilib.

Samir


Müəllif: