31 May 2016 15:44
2 445

Rusiyadan Ukraynanın şərqindəki separatçılara dəstək

“Rusiya Ukraynanın cənub-şərqini yalnız buraxmayacaq və hər vəchlə onu dəstəkləyəcək”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib:

“Birincisi, biz Ukraynanın cənub-şərqini buraxmırıq, onu unutmuruq və bu bölgəyə tək siyasi deyil, həmçinin humanitar, iqtisadi və həyati məsələlərdə yardım göstəririk. Biz Almaniya, Fransa və İngiltərənin həll etməli olduğu məsələlərin həllinə çalışırıq”.

Türkiyə-Rusiya münasibətləri

Lavrov ötən il noyabrın 24-də türk F-16-ların rus qırıcısını vurmasından sonra korlanan Türkiyə-Rusiya münasibətlərinə də diqqət çəkib. O bildirib ki, Rusiya bu məsələdə ilk addım atan tərəf olmayacaq, ancaq Ankaranın müvafiq müraciətlərini nəzərdən keçirməyə hazırdır:

“Onlar çox əziyyət çəkir və buna görə də müxtəlif qapalı kanallar vasitəsilə sürünə-sürünə yanımıza gəlib bizə birgə komitələr yaratmağı təklif edirlər. Ötən ilin dekabrında türkiyəli həmkarımla görüşümdə eyni təkliflər səsləndi. Biz ilk gündən demişik ki, Türkiyə üzr istəməli və dəymiş zərəri qarşılamalıdır. Bunu Rusiya prezidenti Vladimir Putin də deyib”.

Qəddafinin öldürülməsi

“2011-ci ildə Liviya lideri Müəmmar Qəddafinin öldürülməsi hərbi cinayətdir” - Sergey Lavrov deyib. O bildirib ki, bu, bir səhv idi: “Səhv ondan ibarət idi ki, onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, Liviya ərazisini bombardman ediblər. Həmin qətnamədə Liviya üzərindən uçuşların dayandırılması qeyd edilmişdi. Belə hücumlardan birində Qəddafi öldürüldü. Bu hərbi cinayətdir”.

Sanksiyaların ləğvi

Sergey Lavrov Qərbin Rusiyaya qarşı irəli sürdüyü sanksiyaların ləğvi məsələsinə də diqqət çəkib. Rusiyalı nazirin fikrincə, sanksiyaların ləğvi gündəmdə deyil: “Sanksiyalar Rusiya iqtisadiyyatı üçün “imkan pəncərəsi”dir. Əvvəlki açıqlamalarımda bildirmişəm və təkrar edirəm ki, Rusiya sanksiyaların ləğvi məsələsini müzakirə etmək niyyətində deyil”.

Suriyada rus qoşunları

Lavrov Suriyadakı rus qoşunlarının sayı məsələsinə də aydınlıq gətirib: “Rusiyanın Suriyada terror təhlükəsini dəf edəcək qədər hərbi gücü var”.

Samir


Müəllif: