19 Aprel 12:40

Yevgeni Yevtuşenkonun sözüdür: “Rusiyada şair olmaq - şairlikdən böyük işdir”. Doğrudan da belədir, amma tək Rusiyada yox, bütün SSRİ ərazisində... Elə SSRİ anlayışı da əslində Rusiya imperiyasının təxəllüsü deyildimi?

Bu aforizmin dəruni mənası nədir? Binayi qədimdən bəri ədəbiyyatın da, incəsənətin də bir dilemması var: sənət sənət üçündür yoxsa... Bax, məsələ elə bu “yoxsada”dı. “Sənət - sənət üçündür” düstüru aydındır, bəs ona qarşı duran tezis necədir: Sənət xalq üçündür yaxud sənət idelogiyaya, siyasətə, hakimiyyətə xidmət etməlidir?

Çətin sualdır və bu sorunun yəqin ki, birbaşa cavabı yoxdur. Bu barədə düşünərkən mən həmişə sənət tarixindən iki faktı xatırlayıram. Böyük fransız rəssamı Pol Sezan haqqında yazırlar ki, o, ölkəsinin də qatıldığı ən azı iki müharibə dövründə yaşamışdı, amma elə müdam almaları çəkirdi. Doğrudan da belədir. Sezanın yaradıcılığında yaşadığı dövrün heç bir ictimai-tarixi hadisəsi əks olunmayıb. Amma almaları çəkməklə (“almalar” əlbəttə şərtidir, o tək almaları çəkmirdi) Sezan təsviri sənətdə inqilab yaratdı və kubizm cərəyanı da, Pikasso da, XX əsrin bir çox başqa rəssamları da, necə deyərlər “bu almalardan” çıxdılar.

Deməli, sənət elə sənət üçündür? Xeyr, bu yerdə mən başqa bir sənət faktını da xatırlayıram. Böyük Çili şairi Pablo Neruda yazırdı ki, Latın Amerikası ölkəsindən Parisə bir rəssam gəlir və burda bir şəkil çəkir: yaşıl fonda sarı dairə. Neruda yazır ki, fəqət bu rəssamın qaçıb tərk etdiyi ölkəsində ölüm düşərgələri vardı, həbslər, işgəncələr, edamlar vardı, aclıq və səfalət hökm sürürdü. Çili şairinin fikri aydındı - belə gerçəkliyi olan ölkədən gələn sənətkarın ancaq yaşıl fonda sarı dairə çəkməyə haqqı varmı?

Başqa bir Qərb mütəffəkkiri deyir ki, Osvensimdən sonra məhəbbət şeirləri yazmaq olmaz. Ona da etiraz edirlər ki, əksinə Osventsimdən sonra məhz elə sevgiyə, insani münasibətlərə daha böyük ehtiyac var.

Bugünlərdə dünyasını dəyişən böyük rus şairi Yevgeni Yevtuşenko haqqında qələmə aldığım bu yazıda uzaq mətləblərə sapdım, amma əslində elə bu bəhs etdiyim məsələlər “şairlikdən böyük şair olmaq” problemidir. Yəni sənət sənət üçündür, yoxsa... Bu dilemmanı mən başqa cür ifadə edərdim: sənət yalnız estetik hadisədir, yoxsa ictimai hadisə? Əgər sırf estetik hadisədirsə elə Yevtuşenkonun müasirləri Andrey Voznesenski, yaxud İosif Brodski estetik baxımdan Yevtuşenkodan üstün şairlərdir. Voznesenski nadir metafora, təşbeh, bənzətmə, assosiasiya zənginliyinə, dil oyunlarına görə. Brodski poetik fikrin ənənəvi ifadəsində dərinliyinə və orijinallığına görə... Amma sənət ictimai hadisədirsə çağdaşlarından heç biri cəmiyyətin ağrılı problemlərini Yevtuşenko qədər ardıcıl və çılğın ehtirasla ifadə etməyi bacarmayıb.

Bu anlamda Yevtuşenko həm də müstəsna vətəndaşlıq hünərinə malik olan cəsur şair idi. Sovet qoşunlarının əvvəl Çexoslovakiyaya, sonra da Əfqanıstana soxulmasına açıq etiraz etməkdən, Soljenitsinin, elə Brodskinin özünün, başqa dissidentlərin müdafiəsinə qalxmaqdan, Xrüşşovla mübahisə etməkdən çəkinmirdi. Yeri gəlmişkən, Xruşşov vəzifə başında olarkən onun ilk növbədə altmışıncılara qarşı qaba təhqirlərinə gurultulu alqışlarla züy tutanlardan heç biri, Nikita Serqeyeviç məcburi istefaya göndəriləndən sonra keçmiş rəhbərin üzünə baxmadı, Yevtuşenko isə onu məhz gözdən salınandan sonra ziyarət etmişdi. Şəxsi davranışında, ictimai fəaliyyətində özünü ləyaqətli apardığına görə, yaradıcılığında ən ağrılı problemlərdən gur səslə danışdığına görə Yevtuşenko lal- kar sükutuna qərq olmuş ölkənin ən populyar insanı olmuşdu. Siyasətçilərdən də, estrada ulduzlarından da, kinoaktyorlardan da və müasiri olduğu bütün başqa şairlərdən də daha çox məşhur idi. Və bu məşhurluğu ona bağışlamırdılar, ilk növbədə də həmkarları, şöhrət umsuğu olan şairlər.. Nə böhtanlar yağdırmırdılar onun ünvanına? Şöhrət hərisi, ikiüzlü, xain, Qərb imperialistlərinə satılmış, antisovet və eyni zamanda da sovet KQB-sinin adamı...Yəni atəş hər tərəfdən açılırdı və hətta bu gün vəfatından sonra da gülləbəran səngimir. Bir tərəfdən sovet sistemini tənqid etdiyinə görə, o biri tərəfdən bu sistemi kifayət qədər tənqid etmədiyinə görə topa tuturdular və hələ də tuturlar. Onu KQByə işləməkdə suçlayanlar şairin son kitablarına saldığı danoslarla tanış olsunlar. Elə Semiçastnıdan Andropova qədər KQB rəislərinin Yevtuşenkonun antisovet fəaliyyəti haqqında yüksək partiya və ölkə rəhbərlərinə yolladıqları danoslarla tanış olmaq yetər.

Bütün dinlərin, cəmiyyətlərinin tarix boyu riayət etdikləri bir əxlaq prinsipi var - “ölənlər haqqında ya yaxşı danışmaq, ya heç danışmamaq”.Bu prinsip də bizim günlərdə ayaqlar altına atılıb tapdalanıb. Ən çox elə gedənlərin dalınca zingildəyirlər.

Yaradıcılığının ilk dövrlərində “Mən karyera dalınca qaçmamağımla karyera edirəm” demişdi Yevtuşenko. Bu sözlər səmimi olduğu qədər də həqiqi idi. Uşaq vaxtı Stalinə inamı da, yeniyetməlik çağı onun cinayətlərindən xəbər tutandan sonra “böyük rəhbərə” nifrəti də səmimi idi. Uzun zaman Stalinə qarşı Lenini ideallaşdırdığında da səmimiydi və yenidənqurma dövründə Leninin bütün bəd əməlləri ortaya çıxandan sonra xəyal qırıqlığı da təbii idi.

Özləri səmimi olmayanlar heç kəsin səmimiyyətinə inana bilmir. Özləri karyera, şan-şöhrət dalınca yüyürənlər kiminsə karyerist olmadığını, şöhrətə biganəliyini ağıllarına sığışdırmır. Fürsət düşəndə əliəyri, dələduz olanlar inanmırlar ki, kimsə təmiz yaşaya bilər. Və nəhayət ortaya bədii əsərləriylə çıxa bilməyənlər özlərini yaradıcılıq uğurlarıyla təsdiq edənləri heç cür bağışlamaq istəmirlər. Tək Yevtuşenkoya yox, ümumən altmışıncılar nəslinə, özü də tək Rusiyada yox, başqa keçmiş sovet respublikalarında da qısqanc münasibətin səbəbi budur. Dərk etmirlər ki, müəyyən illərin konkret termin kimi işlənməsi kiminsə təşəbbüsü yox, tarixin hökmüdür. Şübhəsiz, başqa illərdə də dəyərli sənətçilər yetişib, amma ədəbiyyat tarixində “əllincilər”, ya tutalım “yetmişincilər” anlayışı yoxdur.

Sovet dönəmində heç bir ədəbi nəsil ictimai-siyasi şüura altmışıncılar qədər təsir etməyib. Buna görə də Yevtuşenkonun “Rusiyada şair olmaq şairlikdən böyükdür” fikrinə əsaslanaraq, onu bir az da genişləndirərək və dəqiqləşdirərək deyə bilərəm ki, keçmiş Sovet İttifaqında şair, yazıçı olmaq şairlikdən, yazıçılıqdan daha böyük vəzifə idi. Əlbəttə, altmışıncı illərdə ədəbiyyata gəlmiş yaradıcı insanların arasında retroqradlar, mühafizəkarlar, geriçilər də az deyildi, amma ədəbiyyat tarixində termin kimi “altmışıncılar” ifadəsini məhz bu nəslin mütərəqqi, irəliçi, açıq fikirli yaradıcılarına aid edirlər. Bu baxımdan altmışıncıların cəmiyyətin ictimai-siyasi şüuruna təsirini hətta siyasi xadimlərin özləri də etiraf edirlər.

Nəsillər bir-birini əvəz edir və bu həyatın da, ədəbiyyatın da qaçılmaz təbii qanunudur. Heç şübhəsiz altmışıncılardan sonra ədəbiyyata gələn neçə-neçə nəslin də sənət tarixində öz yeri var. Onların poeziyaya, nəsrə, dramaturgiyaya, tənqidə verdikləri töhfələri heç kəs inkar etmir. Amma ictimai hadisə kimi nə əvvəlki, nə sonrakı nəsillər altmışıncılar qədər təsir gücünə malik olmayıb və deyil.

Şəxsən məni bizim Azərbaycan ədəbiyyatında yeni nəsillərin (şübhəsiz bütünlüklə yox, ayrı-ayrı nüməyandələrini nəzərdə tuturam) fəalyyətində, daha doğrusu bəyanatlarında narahat elən nədir? Özlərindən əvvəlkiləri inkar etməkləri, bəzən hətta ən kobud şəkildə yamanlamaqları yox. Özlərinin ədəbiyyatda guya ki, yeni söz demələri, guya ki, yeni ədəbiyyat yaratdıqları barədə əsassız iddiaları... Yəni, daha açıq desəm, özündən müştəbehlik, gördükləri işlərin müqabilində özləri haqqında yüksək mif yaratmaları, hamını, bəlkə də ilk növbədə özləri özlərini bu mifə inandırmaq cəhdləri.

Bu cavanlığa (doğrudur, artıq iyirmi ildir ki,hələ də cavandırlar) xas olan cəhətdir. Məşhur kəlam var :kim iyirmi yaşında üsyançı deyilsə ürəyi yoxdur, kim qırxında üsyançıdırsa ağlı... Amma məsələ yalnız bunda da deyil. Məsələ onların bir çoxunun ədəbiyyata ümumi baxışlarındadır. İnternet icad olunandan sonra bütün dəbdə olan yazıçıların, nəzəriyyəçilərin adlarını bilmək çətin iş deyil, ən yeni “izmlərdən” də xəbər tutmaq olur. Bəla ondadır ki, dünyada təsdiq olunmuş (xüsusiylə də axır vaxtlar Nobel mükafatı yeganə meyar olub) yazıçılara qibtə edib öz doğma ədəbiyyatında yaxşını pisdən ayırmayasan. Bundan çıxan nəticə isə - milli ədəbiyyatın bütün hadisələrini yalnız ən uzaq ölkələrin ədəbi örnəklərilylə qiyaslayaraq, bu ya digər “izmlərlə” tutuşduraraq qiymətləndirmək təşəbbüsü... Bu bir. İkinci məni narahat edən cəhət odur ki, şeir ya nəsr nümunələrini yalnız forma açısından, onun ictimai siqlətini vecinə almadan qiymətləndirmək meylləri yeganə ölçüyə çevrilir. Yəni Qarabağ dərdi, min cür başqa problemi olan cəmiyyətdə “yaşıl fonda sarı dairə” çəkmək məsələsi...

Yadıma sala bilərlər: bəs Sezanın almaları necə olsun? O da lazımdı, söz yox, Amma hanı özündən əvvəlkiləri bütünlüklə inkar edənlərdən birisi ki ,Sezan səviyyəsində sənətkar olsun?

Deyəsən yenə Yevtuşenko mövzusundan uzaq düşdüm. Onun ölüm xəbəri gələn gündən heç cür fikrimdən çıxmır. Nə deyirlər desinlər, altmışıncılar nəslinin ən parlaq və son nümayəndəsi idi. Həm də tam bir dövrün poetik simasıydı. Öz dövründə ictimai-siyasi fikrə güclü təsir göstərən şairin bu gün - rus mediasında stalinçi təmayüllərin, imperiyanın bərpası düşüncəsinin, başqa xalqlara qarşı yekəxanalığın baş alıb getdiyi bir zamanda Yevtuşenkonun yeri daha çox görünəcək. O, əsl saf Rusiya vətənpərvəri olmaqla yanaşı həqiqi, sözdə yox, əməldə beynəlmiləlçi idi. Şovinistləri ən çox qəzəbləndirən “Babi Yar” şeirində nasistlər tərəfindən amansızcasına məhv edilmiş yəhudilərin taleyinə acıdığı kimi Qarabağ məsələsi başlayanda da məhz Xuraman xanımın hərəkətini təqdir edən şeir yazmışdı. Birinci halda rus qaragüruhu tərəfindən təhqirlərə məruz qalmış, ikinci şerinə görə bir daşnak cızmaqaraçısının qafiyəli həcviylə cavab almışdı.

Böyük şairin ölümüylə bağlı düşüncələrimi onun bir yazısıyla tamamlamaq istəyirəm. XIX əsrin rus-Qafqaz müharibələrini nəzərdə tutaraq Yevtuşenko yazırdı:

“Qafqaz xalqlarına zülm-cəza tədbirlərini çar rejiminin qarşılarına qoyduqları vəzifəyə uyğun olaraq həyata keçirən generallar, zabitlər, əsgərlər zəbt etdikləri başqa xalqların azadlıq eşqini görəndə, öz hürriyyətləri yolunda necə savaşdıqlarına şahid olanda, hərbi mundirlərinin altındakı ürəklərində eyni hisslər baş qaldırırdı. Döyüşlərdə aldıqları yaralardan daha çox başqa xalqa vurduqları yaralardan ağrıyırdılar. Yad torpaqların gözəllikləri yaralayırdı onların özlərini. Qəsbkarlar qəsb olunmuşa çevrilirdi. İşğal etdikləri torpaqlar sirrləri və mədəniyyətiylə onların özlərini işğal edirdi, onlara azadlıq hissi aşılıyardı. Azadlıq həsrətində olanlar başqa xalqların azadlıq arzularını daha yaxşı duya bilir... Puşkinin Qafqaz şeirləri, Lermontovun povestləri, Tolstoyun “Hacı Muradı” belə yarandı”.

Yevtuşankodan daha bir sitat. “Babi yar” şeirinin sonluğunda yazır ki, mənim damarlarımda yəhudi qanı axmır, amma antisemitlər mənə yəhudilərə nifrət etdiklərindən betər nifrət edirlər. “Və ona görə də mən əsl rusam”.

Düz deyirdi şair.

5 aprel 2017 (ayb.az)


Müəllif: