19 Aprel 2017 17:37
11 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki Böyükçölün söhbəti

Teleqraf.com yazıçı-jurnalist Kəramət Böyükçöllə müsahibəni təqdim edir. Onunla xanımı, jurnalist Çinarə Böyükçöl söhbətləşib.

– Əzizim, başlayaq uşaqlığından...

– Nə qədər çalışıram yaddaşım, xatirələrim babamla birlikdə qoyun otardığım o çöllü illərdən o yana keçmir. Söhbət 90-ların əvvəlindən gedir. Babam uzaqdan papağını çıxarıb əlində yelləyirdi, bu, o demək idi ki, sürünün ucunu bu yana döndər, çox uzağa getməsin. Həmin illərdə atam-anam İmişli rayonunda yaşayırdı. Valideynlərim kənddən, qoyun-quzudan nə qədər bezsələr də, canlarını götürüb nə qədər uzağa qaçmaq istəsələr də, mən bir o qədər kəndə, öz doğma fermamıza dartınırdım. Və təbii, uşaq vaxtı məni içimdən kəndə, qoyun-quzuya, yovşana, yulğuna dartan hissin adını bilmir, buna məntiqi izah verməyi bacarmırdım. Hamı elə bilirdi, bütün uşaqlar kimi Kəramət də itə, ata, eşşəyə həvəsiyir, ona görə kəndə getmək istəyir. Amma adi bir həvəs deyildi bu.

– Səhv eləmirəmsə, orta məktəbin də yarısını rayonda, yarısını Bakıda oxumusan.

– 5-ci sinifə qədər İmişlidə, 2 saylı rayon orta məktəbində oxudum. Məhluqə müəlliməm çox yaxşı yadımdadır. Gözəl müəllimə idi. Mən də guya sinifin ən ürəkli şagirdlərindən idim. Halbuki məni məktəbdə tez-tez döyürdülər. Ancaq hər dəfə gözəl bir bəhanə tapıb əslində guya döyülmədiyimə hamını inanıdırırdım. Basıb-bağlayırdım ki, guya şalvarmının rezini qıçımı sıxırdı, ona görə yaxşı təpik ata bilmirdim. Yaxud filankəs qolumu tutmasaydı, onun ağzını-burnunu əzərdim və s. Gəlib bu hadisələri evdə ağlaya-ağlaya danışırdım, atam isə mənim gətirdiyim səbəblərə başını yelləyir, guya inanırdı...

– Bakıya nə vaxt köçdünüz?

– Axı dedim, 5-ci sinifə qədər rayonda oxudum. Sonra biz qəfildən, heç bir maddi imkanımız olmadan Bakıya köçdük. 98-ci il idi. O qədər hazırlıqsız idik, adi bir kirayə ev tutmağa, o evin bir aylıq pulunu verməyə belə imkanımız yox idi. Bakının 20-ci sahə adlanan ərazisində böyük bir dairə var, tam o dairənin yanında gecə saat 4-də avtobus əşyalarımızı boşaltdı. Yağış yağırdı. Sanki Bakıda yağış yağacağını anam hiss eləmişdi, rayondan çıxanda özüylə göy çadır götürmüşdü. Atamla anam çadırı əşyalarımızın üstünə sərdi, bizi – bacım, qardaşım və məni də əşyaların yanına keşikçi qoyub kirayə ev axtarmağa getdilər.

Çox uzatmaq istəmirəm. Uzun müddət kirayədə qaldıq və həmin ərazidə 51 saylı orta məktəbdə təhsilimə davam etdim. Bacım, qardaşım da eyni məktəbin şagirdi idi. Rayonda – 2 nömrəlidə olduğu kimi 51 saylı məktəbdə də düz 11-ci sinfə qədər özümə yer tapa bilmədim. Əslində, məsələ başqa idi. Məktəbin ən eybəcər qızını sevirdim ki, heç kimin ona gözü düşməsin. Amma bütün gözəl qızlar qalırdı bir tərəfdə, hamının gözü mənim sevgilimi gözəl görürdü. Mən isə belə pis çıxmasın, qabağından yeyən oğlan olmamışam. On beşini qarşı tərəf vuranda birini də mən vurmuşam. (gülür)

– Yəni avara olmusan...

– Bəli, tamamilə doğrudur. Burnunun suyunu qoluna silə-silə küçələri sülənən avara bir uşaq! Bütün bu avaraçılıqlar imkan vermədi məzun olduğum il ali məktəbə qəbul olum. Evdə də inam itmişdi. Polis bölmələri, müxtəlif xuliqanlıqlar, əzab-əziyyətlər, darıxmaqlar, özünə yer tapa bilməmək və s. Sonra atam məni öz münasibətləri hesabına o vaxtkı Təfəkkür Universitetinə düz-qoş elədi. Cəmi 3-4 ay dərsə gedib-gəldim. Bir gün evdəkilərdən icazəsiz-zadsız gedib sənədlərimi universitetdən götürdüm ki, mən belə bir yerdə oxumaq istəmirəm. Anamın başına az qala hava gələ. Ay bala, sən oxuyan zibil deyilsən, niyə özünü bədbəxt elədin-filan... Kitabları töküb qabağıma universitetə hazırlaşmağa başladım, məni evdəkilər ələ salırdı ki, pah, kişinin oğlu universitetə girəcək. Nəhayət, yüksək balla Bakı Dövlət Universitetinə qəbul oldum.

– Sən hansı hadisədən, həyatında baş verən hansı mühüm dəyişiklikdən sonra həyatı bu qədər dəqiqliklə görməyə, detalları incələməyə başladın? Bircə onu demə ki, uşaqlıqdan belə idim.

– Əslində mən həssas adam deyildim. Nə oldusa, sonralar baş verdi. Düzdür, köhnə təfəkkürlü sovet adamları bu sözün şitini-şorunu çıxarıb, amma doğrudan da, universitet mənim həyatımı dəyişdi. Mən ilk dəfə idi mədəni bir yerdə addımlayırdım. Universitetdə fəaliyyət, ordan Yazıçılar Birliyi, “Gənc ədiblər məktəbi”, yazar dostlar, çayxanalar, kafelər, sərxoş günlər və həssaslıq. Fikrimcə, həssaslıq mənim xarakterim deyildi. Bu xarakteri həssas adamlardan öyrəndim.

– Mənim atamla ilk tanışlığım belə yadıma gəlir ki, qucağıma xırda bir kukla qoyub getdi Rusiyaya. Anamla tanışlığım isə belə: atam gedəndən sonra külqabılarını ortalıqdan yığışdırdı, paltarlarını çamadana yığıb kravatın altına qoydu. Maraqlıdır, bəs sən atanla, ananla ilk dəfə necə tanış olmusan? Yəni onları xatırlamağının ilki, başlanğıcı necə oldu?

– Anamla necə tanış olmuşam, düzü, dəqiq yadıma gəlmir. Yəqin çox uşaq olmuşam. Amma atamla tanışlığımı yaxşı xatırlayıram. 4-cü sinifdə oxuyurdum. Dayım bizə kənddən ərik gətirmişdi. Evdə əriyi yeyəndən sonra tumlarını cibimə yığıb saxlayır, sonra o tumları bir-bir qırıb yeyirdim. Sən demə, olmazmış. Gecənin bir aləmində bərk sancılandım, yediklərimi qaytarmağa başladım. Zəhərlənmişdim. Təcili Yardıma zəng elədilər. Həkim gəldi. Mənə səhvən bir iynə vurdu. O iynənin adı indiyə kimi yadımdadır: atropin. Xanımotu adlı bitkidən hazırlanır. Sən demə, həkim sərxoş imiş. Və mənə dərmanın dozasını həddindən artıq çox vurubmuş. Mən düz bir həftə komada qalmışam. Heç bir həkim yaxın durmayıb ki, artıq iş-işdən keçib, gedin qəbir-zad hazırlayın.

İnan, əzizim, sonralar mənə elə gəldi ki, komada qaldığım günlər ərzində bircə atamı görürəmmiş. Onun diz çöküb mənim meyidimin qabağında necə yalvardığını, ağlaya-ağlaya “Kəramət, gözlərini aç, söz verirəm, sənə top alacam”, – deməyini eşidirdim...

Bax, mən ilk dəfə onda hiss elədim ki, atam var... Amma sən demə yalandan ağlayırmış, söz verdiyi topu mənə almadı. (gülür)

– Tellerin, saçların ən azı yazıların, müsahibələrin qədər məşhurdur. Özün fərqlənmək üçün saxlayırsan tellərini? Yoxsa tərzin, stilin budur?

– Məni bu qədər təsirləndirib, qəfildən belə bir sual verməyinin heç yeri yox idi. Amma gənc jurnalistsən, xətrinə dəymək istəmirəm. (gülür) Düzü, saçlarımın necə uzandığından xəbərim olmur. Ümumiyyətlə, sən də bilirsən ki, özümə fikir verən adam deyiləm. Saçımı sən daramasan, inan heç yadıma da düşməz. Özümü əlavə şeylərlə yükləmək istəmirəm. Saç, pal-paltar, səliqə-sahman, canının qeydinə qalmaq və s. Belə şeylərlə məşğul olmaq mənə zövq yox, əziyyət veririr.

– Bir dəfə rayona getmişdin, gecəni orda qalacaqdın. Taxtda oğlumuz Barışın sağ tərəfini mən, sol tərəfini sən tutursan. Dığırlananda döşəməyə düşmür. Sən rayona getdiyin gün Barış taxtdan başı üstə yerə yıxıldı, ağladı, güclə kiritdim. Həmin günün səhəri mənə zəng eləyib dedin ki, gecənin bir yarısı tər içində yuxudan oyanmışam, Barışa nəsə olmayıb ki? Bəs səncə, Jasminin sol tərəfini kim qoruyur? Heç ürəyinə damırmı ki, Jasmin yıxıldı, Jasmin ağladı, kirimədi?

– Açığı, sənin bu qədər azad bir insan olmağını istəmirdim... Bir halda azad olmaq istəyirsən, onda gəl şair demiş, azad-azad oynayaq. Birinci ailə həyatımdan olan qızım haqqında bu qədər sevgiylə danışmağın, onu düşünməyin məni çox sevindirir, özümü daha çox xoşbəxt hiss edirəm.

Bilirsən ki, həyatda üç yaşama səbəbim var: Jasmin, Barış və sən! Və qəribədir ki, bu üç sevgim mənim boynuma yük kimi düşməyib. Sadəcə, ürəyim belə istəyir. Jasminə görə narahat olanda bir ata kimi rahat oluram. Son görüşlərimizin birində məndən soruşdu ki, ata, sən gecə harda qalırsan? Yaxud eşitdiyimə görə evlərində oyuncaq telefonları götürüb öz aləmində guya mənə zəng eləyir: “Ata, hardasan? Ata, sən uzağın harasındasan?” Bütün bunlar mənim ürəyimi parça-parça edir. Jasminin xoşbəxt olması üçün əlimdən gələni edəcəyəm.

Barışı da o qədər sevirəm. Amma Barış yanımdadır deyə ürəyim rahatdır. Jasmin isə... Çox çətin sual verdin. Məncə, Jasmini taxtdan yıxılmağa qoymayan, hər dəfə onu tutub saxlayan Allahdır. Mən Jasminin xətrinə Allaha inanıram.

– Özünü həmişə vaxtından tez böyümüş kimi göstərirsən. Amma əslində, sən hələ çox balacasan. O qədər balacasan ki, arada səni körpəm deyə çağırıram. Çünki nə qədər saf, nə qədər təmiz olduğuna bələdəm. Bu qədər təmizliklə böyük adam olmaq olmaz. Bəlkə bu körpə heç cəmiyyətə açılmamalı idi? Heç bu qədər tanınmamalı idi? Bəlkə bu körpəyə gün işığı, göz işığı dəyməməli idi? Necə düşünürsən?

– Koroğlunun atı kimi özümü qaranlıqda saxlamalı idim? (gülür) Zarafatsız, bütün cavablar elə sualının özündə var, doğru da deyirsən. Mən tam yetişmiş bir insan deyiləm. O mənada ki, məsələn, əslində mənim cəmiyyətə açılacaq qolumun biri yoxdur. İnsanlarla dil tapmaq çox çətindir mənə. Mən heç atamın evdəki manevrlərinə dözə bilmirəm, o ki qaldı təmiz, həssas ürəklə, açıq beyinlə bu cəmiyyətə baxasan, düşünəsən... Adam dəli olur...

– Bəs səni nə xilas edir? Nə qoruyur? Kim qoruyur?

– Dedim axı, Jasmin, Barış və sənə görə yaşayıram. Siz olmasanız, həyatla bütün əlaqələrim kəsilər. O demək deyil ki intihar-zad eləyərəm. Yox. Sadəcə, hər şeyi boş verərərm. Gecələr içib küçədə-zadda yataram. Alkaş, bomj həyatı yaşayaram. Qabağıma çıxan adama söyüş söyərəm, Yazıçılar Birliyinə təzədən üzv olaram. Polisə-zada ilişərəm ki, məni tutsunlar, türməyə düşüm. Belə bir həyat...

– Çox fərqli, qeyri-adi, maraqlı dünyan var. Bilmək olmur hadisələrə necə reaksiya verəcəksən. Və səni ən çox incidən şey başa düşülməməyindir. Əzizim, səncə, mən səni anlayıram?

– Anlamağına anlayırsan. Amma sənin məni axıra kimi anlamağının da tərəfdarı deyiləm. Mən uçuruma, məhv olmağa meyilli adamam. Təsəvvür elə, sən də mənim bu hissimi anlayırsan, ikimiz də birlikdə məhv oluruq. (gülür) Sən mənim məhv olmaq istəməyən tərəfimsən. Sevgi elə bir şeydir ki, sevə bilsən, hətta Azərbaycanda da insanın xoşbəxt olması mümkündür.

– Komputerdə bütün keçmiş sevgililərinin şəkilləri dururdu. Heç birini silməmişdin. Bilmirdin mən onları görəcəm? Niyə narahat deyildin?

– O şəkilləri ona görə silməmişdim ki, silməyə ərinirdim.

– Bəs, mən ölsəm neyləyərsən?

– ...məni bağışla!

Çinarə Böyükçöl


Müəllif: