25 Aprel 22:00
2 085

Aşıq Əhliman: “Aşıq Ələsgər peyğəmbərlər, dədəqorqudlar sırasında duran bir şəxsiyyətdir"

Teleqraf.com-un "Aşıq ədəbiyyatında azyaşlı qızların aşırı vəsf olunması şüuraltı məsələdir, yoxsa estetik tələb?" sorğusunda iştirak edən ədəbiyyat adamlarından Aqşin Yenisey və Könül Arifin fikirləri mətbuatda böyük səs-küyə səbəb oldu. Şairlər el aşıqlarının qəzəbinə tuş gəldi.

Aşıq Əhliman:

"Aşıq Ələsgər peyğəmbərlər, dədəqorqudlar sırasında duran bir şəxsiyyətdir. O, sözünün əri olub, artıq-əskik söz danışmayıb. Aşıq Ələsgər deyir ki:
Arif məclisində bir söz söylərəm,
nə hədyan, nə çaşqın, nə qələt olmaz.
Nütfədən pak olan, lokmadan halal,
mərifət elminə nabələd olmaz.

Bunlar Quran ayəsi kimi sözlərdir. Ələsgərin sözlərində heç bir səhv tapmaq olmaz. İsmət Qayıbov bir məslicdə dedi ki, universitetə girəndə məndən SSRİ-də ilk hüquqşünasın kim olduğunu deyil, Ələsgərdən nə bilirsən, deyə soruşdular. O söz mənim qulağımdan getmir. Aşıq Ələsgərin iki sətrindən dissertasiya yazanlar var. Kim Aşıq Ələsgərə qarşı düşünülməmiş söz deyirsə, o, böyük səhv edir. Allah hələ aşıq Ələsgərə tay olacaq kimsə yaratmayıb. O ki qaldı aşıq ədəbiyyatında azyaşlı qızların vəsf olunması məsələsinə... Aşıqlar 18 yaşdan yuxarı qızları nəzərdə tutaraq yazıblar.

Aşıq Zülfiyyə:
"Aqşini, Könülü tanımıram. Onlar niyə belə danışıblar ki? O cür tanınan, sevilən bir insanla bağlı belə bir söz deyirlərsə, deməli, onların ciddi problemləri var. Yəqin dünyanın axırıdır..."

Aşıq Telli:

"Bakıda deyiləm, rayondayam. Evimizdə də ağlaşmadır. Bununla bağlı nəsə deyə bilmərəm. Aşıq Ələsgərin şeirləri pis deyil axı..."

Xatırladaq ki, Aqşin Yenisey sorğuya cavab olaraq "Aşıq ədəbiyyatını üç-beş aşıq məhv eləyib ki, onların da başında Aşıq Ələsgər gəlir", - demişdi.

Könül Arif isə "bu, zənnimcə, köhnə aşıqların azyaşlılara fövqəladə həvəslərindən qaynaqlanır. Müasir anlamda isə bunun adı pedofiliyadır", - deyib.

Pərvin


Müəllif: