25 Aprel 2017 23:12
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əslində Şah İsmayıl türk dünyasını deyil, fars dünyasını parçalayıb"

“Mirzə Ələkbər Sabir yalnız tənqid etməyib, o Səttarxana həsr etdiyi şeiriylə Azərbaycan xalqını dağın zirvəsinə qaldırıb”

Bunu Teleqraf.com-a açıqlamasında yazıçı Həmid Herisçi araşdırmaçı-yazar Güntay Gəncalpın Mirzə Ələkbər Sabirlə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Belə ki, araşdırmaçı-yazar Güntay Gəncalp Mirzə Ələkbər Sabirin şeirlərini dərsliklərdən çıxarmağı təklif edib: “18 yaş öncəsində cocuqlara Sabirin şeirlərini oxutmağı durdurmaq və hətta yasaqlamaq lazımdır. Çünki “şeir”lərdə heç bir gözəllik və estetika yox. İyrənc Səfəvi-Türk həyat biçimi təsvir edilmiş. Bu şeirləri əzbərləyən cocuq aqressiv, gözəllik düşməni, ədəbsiz və sayqısız olar. Bilincaltında hər tür gözəllik və incəliyə qarşı təpki daşıyar. Bu ədəbiyyatla böyüyən cocuğu nə adam etmək olar, nə də alim”.

Həmid Herisçi məsələyə münasibət bildirərək bunları deyib:

“Güntay Gəncalpın Şah İsmayıl Xətai ilə bağlı yazdığı sayıqlamalarını “Şəxsiyyət vəsiqəsi” verilişində müzakirə etdik və qərara gəldik ki, bunlar hamısı mənasız söz yığınıdır. Əslində Şah İsmayıl türk dünyasını deyil, fars dünyasını parçalayıb. Biz bunu sübut etdik. Məncə, onun Sabirlə bağlı dediklərində də vəziyyət eynidir. O, Sabiri natamamlıq kompleksi yaratmaqda ittiham edir. Mirzə Ələkbər Sabirin Səttarxan haqqında gözəl şeiri var. Mirzə Ələkbər Sabir təkcə tənqid etməyib, o, Səttarxana həsr etdiyi şeirlə Azərbaycan xalqını zirvəyə qaldırıb. Bu onu sübut edir ki, Güntay Gəncalpın dedikləri əsassızdır”.

Nərmin


Müəllif: Nərmin Muradova