26 Aprel 2017 16:17
4 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərid yoxdumu, bizim Fərid, gənc şair. Məni də o vaxt İranda "tutdurmuşdu" e, Fərid Hüseyn, onu deyirəm.

“Domsovet”i burulurdum, bir də gördüm əl eləyir. Saxladım, pəncərəni yarıyacan endirib, “Hə, yenə nə istəyirsən?” – dedim.

O:

- Hara gedirsən?

Mən:

- Fərid, xahiş edirəm məni incitmə, Yazıçılar Birliyinə gedirəm, reportaja. İstəyini de.

O:

- Elə mən də ora gedirəm, məni də atarsan ora.

Deyəsən reportaj AYB-ə çatmamışdan başladı, elə “Domsovet”in qabağından. Ciddi sözümdü. Fərid mənim üçün elə ayrılıqda bir Yazıçılar Birliyidi.

Maşında.

- Fərid, sən də qəribə-qəribə kostyumlar geyinib maraqlı-maraqlı binalardan çıxırsan.

- (gülür) Yox e, şair, elə burdan keçirdim, təsadüfən.

Ay-hay. Fəriddən sözmü almaq olar? Söhbətə bax: “Təsadüfən burdan keçirdim”. Yalan olmasın, aşağı-yuxarı iki yüz otuz yaşım var, hələ də Hökümət Evinin qabağından təsadüfən keçən adama rast gəlməmişəm.

Yetişdik ünvana. Mən maşını park eləyincə Fərid girdi “Bayatı” kitab mağazasına. Bir də gördüm əlində diri bir “əllilik” deyinə-deyinə gəlir üstümə:

- Sən canın, mənim kitab mağazama bax da, 50 manata xırdaları yoxdu.

Mən:

- Fərid, nə istəyirsən məndən? 50 manata heç ərzaq dükanında xırda olmur.

O:

- Jurnal alıram, xırda yoxdu, bir manatın varsa, ver, qaytaracam. (gülür)

Gördüm yox, bunun xərci get-gedə çoxalır, manatı verib, dərhal AYB-nin binasına cumdum. Qapıçıyla salamlaşıb liftə tərəf addımladım. Fotoqrafımız Elçin də yanımdadı. Deyəsən ilk dəfədir bu binada olur. Maraqla soruşur:

- Neçənci mərtəbəyə qalxırıq?

- İkinci.

- Pilləkənlə qalxardıq da, liftə niyə gəldiniz?

- Liftdən xoşum gəlir.

Zarafatsız, AYB-ə gələndə həmişə liftdən istifadə edirəm. Bilmirəm niyə. Deyəsən şüuraltı məsələdi, buranı özüm üçün müasirləşdirmək, diri, çağdaş hiss etmək istəyirəm bəlkə də. Buranın liftinə minəndə elə bilirəm Fikrət Qoca bir az da cavanlaşır, Anar müəllimin də “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni yazan vaxtlarıdı.

İlk qarşılaşdığım kim olsa yaxşıdı? Yox, düz tapmadınız – Seyran Səxavət. Dayandur Sevgin bu dəfə ikinci oldu. İlk olaraq Seyran Səxavəti gördüm. Seyran müəllim də kostyum geyinmişdi. Deyəsən bu gün hamı kostyumlanıb çıxıb şəhərə. Özümü təqdim edirəm:

- Xoş gördük, Seyran müəllim. Şəhriyar.

- Sən o Del Gerani Şəhriyar döyülsən?

- Təxminən hə... (gülüşmə)

- Bu da o məşhur klassikimiz... (çənəsiylə Fəridə işarə edir)

- Dəqiq!

Hal-əhval, xoş-beş, ordan-burdan... Seyran müəllim qəfildən fotoqrafımızın çaqqaçukuna işarə eləyib, “deyəsən kəşfiyyata gəlmisən”, – deyir.

Mən:

- Xoşməramlı reportaj deyək...

O:

- Xətrinə dəyməsin, sən bir az cığal adamsan haa, rəhbərliklə razılaşdır, gör nə deyirlər, sonra başla reportaja.

Bir dəfə hansısa saytın sorğusunda demişdim: “Nə yaxşı ki, AYB-nin sədri Anardı. Məsələn, Rasim Qaraca olsaydı, binada siqaret çəkməyə icazə verməzdi heç kəsə. Hətta qanun qəbul elətdirərdi ki, Yazıçılar Birliyinin üzvləri təcili şəkildə siqareti tərgidib tort yeməyə başlasınlar. Redaksiyada işdən sonra araq içənlər araşdırılsın, birlikdən xaric edilsinlər! Məncə, son ayın maaşını da verməzdi”.

İndi Seyran Səxavətin bu münasibətini görəndə bir daha əmin oldum ol məşum təsbitimə. Tam ciddi deyirəm: nə yaxşı ki, Yazıçılar Birliyinin sədri məhz Anar müəllimdi.

Seyran müəllimlə hələlikləşib sədrin köməkçisi Rauf Aslanovun otağına gedirəm. Rauf bəy məni görcək ayağa qalxır, hörmətlə görüşüb hal-əhval tutur.

- Rauf bəy, reportaja gəlmişəm...

- Əcəb eləmisən, sən hamımızın fəxrisən, ürəyin necə istəyir reportaj elə.

- Dedim, birdən...

- Qətiyyən. Sənin obyektivliyini hamı yaxşı bilir, işində ol...

Belə...

“Rəhbərlikdən kim var?” – katibədən soruşuram. “Anar müəllim hələ gəlməyib, amma Fikrət müəllim burdadı”, - deyir. Düşünürəm, qalxım yuxarı, sonra gələrəm Fikrət müəllimlə görüşməyə.

Əlimdə bir kitab var. Adı: “Leylək körfəzi”. Müəllif: Məmməd Oruc. Bu kitabda mərhum dostumuz Mövlud Mövludun qeydləri var. Sonuncu oxuduğu kitab imiş. Reportaja gələndə özümlə götürdüm. Ki, Məmməd müəllimə göstərim. Qalxırıq “Azərbaycan” jurnalının redaksiyasına. Məmməd Oruc burdadı. Məmməd müəllimlə ikinəfərlik salamlaşıram.

- Sənətkar, Mövludu tanıyırdınızmı?

- Əlbəttə, “Köç”ü tanımamaq olar?..

- “Tanıyırdınızmı?” - deyirəm, Məmməd müəllim, Süleymanlını yox, Mövlud Mövludu soruşuram.

- Həə, elə bildim “tanıyırsan?” deyirsən. Yox, onu tanımırdım. Amma faciəsiylə tanışam. Təəssüf. Əhməd Oğuz deyirdi ki...

Kitabı açıb Mövludun qeydlərini göstərirəm. “Güllübəyim bu iki kəlməni məndən qabaq oxudu: məktuba baxdı, mənə baxdı, qolunun üstündəki körpəyə baxdı və sonra elə bil bu dünyada baxmağa yer tapmadı, gözlərini yumdu”.

Göy qələmlə altını xətləyib, bir dənə də “Şedevr!” qeyd eləyib. Xəttinə baxanda hiss olunur ki, kitabı uzanıb oxuyurmuş. Məmməd kişi bunu görcək qəhərləndi, bir not da yazdı vərəqin qulağına: “Bəlkə yalanlar gerçəkdi və sən bu qeyddən xəbər tutacaqsan...”

Sənətkarı qüssədən uzaqlaşdırmaq cəhdi edibən: – Hə, bayaq dediniz Əhməd Oğuz nə deyirdi?.. – dillənirəm. O:

- Hə, Əhməd Oğuz deyirdi ki, ölümündən iki gün qabaq sənin kitab təqdimatına gəlmişdi.

- Hara?

- Bura, “Natəvan” klubuna. Amma mənə yaxınlaşmayıb nədənsə...

- Sizcə, niyə?

- Nə bilim, yəqin istəməyib qüsurlarımı görsün...

Məmməd müəllimin danışıq dilində azacıq qüsur sezilir. Yəqin onu nəzərdə tutur. Bir dəfə Mövludla Məmməd haqqında danışanda “elə bil Məmməd Oruc kəkəcliyinin intiqamını alır mətnlərindən” – demişdim. O da cavabında - “Xəstəsən e, özüm-ölüm...” - deyib kişmişi-kişmişi gülmüşdü.

- Sənətkar, kitabı imzalayın, zəhmət olmasa...

- Şəhriyar... bəs təxəllüsün necə gedir?

- Mənim adıma deyil, Mövlud üçün imzalayın.

Eynəyinin üstündən baxır. Nəsə demək istəyir. Amma susur. Kitabı imzalayır.

“Ulduz” jurnalının redaksiyası da bu mərtəbədə yerləşir. İnanmazsınız, baş redaktoru Qulu Ağsəs də burdadı. Zarafat eləmirəm, şəkillərimizə baxın. Qulu maraqlı şair olduğu kimi, maraqlı da insandı. Di gəl, birmənalı şəkildə kreslo yaraşmır Quluya.

- Şair, sən canın, dur keç bu üzə, görüm mənə necə yaraşır...

- Sən deyəsən hərləyib-fırlayıb gələcəksən mənim yerimə.

- Yox, qardaş canı, getmək istəsən, Əsədi qoy öz yerinə, Cahangir Əsədi. Onun həyəcanı və potensialı daha artıqdı. Özü də cavan adamdı, poeması-zadı var, “Ay uçan quşlar”ın da remiksini yazıb keçən həftə.

Bu dəm Vaqif Nəsib qapıdan boylanır. Heç Vaqif bəydən gözləməzdim. Elə bilirdim Vaqif bəy bütün qapılardan şəstlə keçər içəri. Ümumiyyətlə, elə adamlar var, onları qapıdan boylanan yerdə təsəvvür eləyə bilmirəm. Dərhal fotoqrafa - tut kadrı! – dedim. Qoy tarix qarşısında hər kəs öz cavabını versin!

Qalxıb sənətkarı qarşıladıq. Nədənsə gileylənirdi. Deyirdi: “Buna bax, mükafatı üç yerə bölüblər, məni kimlərlə bir sıraya salıblar”- filan...

Hiss elədim ki, Məmməd Orucla Vaqif Nəsibin birlikdə şəkilləri yoxdu. Getdim çağırdım, bir şəklə də çəkildik.

Quludan soruşuram ki, şair, Azərbaycan ədəbiyyatında nə var-nə yox? Papaq altda yatan istedadlar varmı? Deyir, var e, amma ş, ğ, ç hərflərindən zəhləsi gedir hamısının, korrektorlar əsir-yesir qalıb, şriftləri öyrədə bilmirik gənclərə.

İntiqam Qasımzadəni axtardım, dedilər, Vaqif Əlixanlının otağındadı. “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı. Arxasınca danışmaq olmasın, böyük kişidi Vaqif müəllim. Gərək geniş müsahibə eləyəm, reportajlıq deyil. İntiqam müəllimlə də müsahibə eləyim gərək. Ümumiyyətlə əhli-AYB ilən silsilə müsahibə etmək istəyirəm. Xırda-para adamların ümumiləşdirilmiş qərəzli anti-təbliğatı nəticəsində cəmiyyətdə adekvat qiymətləndirilmir bu Birlik.

Düşürük aşağı mərtəbələrə. Nə Rəşad Məcid yerindədir, nə Çingiz Abdullayev, nə Anar, nə də İlqar Fəhmi. Çox şükür, Fikrət Qoca da gedib.

Seyran Səxavət yenə də siqaret çəkir Səməd Vurğunun rəsminin qabağında.

Mən:

- Sağ olun, Seyran müəllim. - Rəsmi işarə eləyib, - istəyirəm “Qazağa bir salam verib” gedim. Sizi çox istəyirik...

- Təşəkkür edirəm, Şəhriyar. Mən də sizin hamınızı çox istəyirəm...

“Natəvan” klubunda tədbirdir yenə. Kəmaləddin Qədimin kitabı çıxıb deyəsən. Ötəri nəzər saldım auditoriyaya. Uzaqdan-uzağa şairlə salamlaşdım da. Başımı iki dəfə aşağı-yuxarı eləyib təbrik də elədim uzaqdan-uzağa. Nemət Pənahlı da dəyirmi masadaydı. Nemət bəylə gülümsəyərək salamlaşdıq.

Qulu ağzını qulağıma əyib soruşdu:

- Nemət Pənahlıyla hardan tanışsınız?

- Aydın Canıyev tanış eləyib, amma kinim hələ də qalır ona qarşı.

Qulu:

- Nə kini?

Mən:

- SSRİ-ni deyirəm də, qol-boyun yaşayırdı bütün millət, dağıtdı, gül qoydu o boyda ittifaqın içinə. Əşşi, nə işin vardı, ittifaq idi də, durmuşdu yerində...


Müəllif: