28 Aprel 13:28

Dünən İstanbulda Azərbaycan Kültür Evi ilə Marmara Universitetinin əməkdaşlığı, Sabir Fondunun dəstəyi ilə Mirzə Ələkbər Sabirin 155 illiyi ilə bağlı tədbir keçirildi.

Teleqraf.com-un xəbərinə görə, tədbiri giriş sözü ilə açan İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elp Sabirin Türk ədəbiyyatındakı yeri haqqında danışdı, onun şeirlərinin ictimai əhəmiyyətinə toxundu. Sabirin şeirlərinin izahını verən H. Elp inanclı bir insan olan şairin din istismarçıları ilə mübarizəsindən bəhs etdi: "Necə ki, bu gün dini istismar edən Fətullah Gülənlər, İŞİD var, o zaman da eynilə İslamı gözdən salan, öz çirkin məqsədləri üçün istifadə edən qruplar var idi. Sabir onlarla mübarizə aparırdı. Təəssüf ki, bəzən, Sabirin bu mübarizəsi yanlış yozulur".

Daha sonra Marmara Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun rəhbəri, Azərbaycan tarixi və ədəbiyyatı ilə bağlı bir neçə kitabın müəllifi, professor Okan Yeşilot Sabirin yaşadığı dönəmdəki Azərbaycandakı ictimai-siyasi mühit haqqında çıxış etdi.

O.Yeşilot Mirzə Fətəli Axundzadədən, Həsən bəy Zərdabidən başlayan maarifçilik hərəkatına toxundu, Sabiri yetişdirən mühiti ətraflı şəkildə izah etdi.
"Sabir yazdığı hər şeyi yaşamışdır" deyən Yeşilot şairi düzgün anlamağın vacibliyini qeyd etdi.

Azərbaycanın İstanbuldakı konsulluğunun nümayəndəsi Xəyyam Daşdəmirov Azərbaycanda Sabirə verilən dəyərdən bəhs etdi, əvvəlki illərdə də yubileylərinin qeyd olunduğunu xatırlatdı.

Tədbirdə rejissor, aktyor Elçin İmanov Sabirin "Nə işim var", "Qorxuram", "Kim nə deyər bizdə olan qeyrətə" və digər şeirlərini səsləndirdi.

Sabir Fondunun rəhbəri, şairin nəvəsi dosent Sevda Tahirli müəyyən səbəblərdən İstanbula gələ bilməsə də, Skayp vasitəsilə tədbirə qoşuldu. Sevda xanım Türkiyədə Sabirlə bağlı belə bir tədbirin keçirilməsindən qürur və sevinc duyduğunu bildirdi: "Mən bugünkü tədbirdə iştirak edəcəkdim, son anda yaranan problem nəticəsində hava limanından geri dönməyə məcbur oldum. Mən bu gün çox qürurluyam ki, Sabir İstanbulda anılır. Atamın kitabxanasında Sabirlə bağlı çox kitablar var idi, amma onlardan biri onun üçün çox əziz idi. Bu, Sabirin Türkiyədə çıxan kitabı idi. "Hophopnamə" sonrakı illərdə "Türkiyə İş Bankası" yayınlarından da çap olundu. Bu gün isə artıq Türkiyədə universitetlərdə Sabir anılır. Buna görə təşkilatçılara təşəkkür edirəm".

Sevda Tahirli babası ilə bağlı bəzi xatirələr danışdı, bu tədbirlərin davam etməsini arzuladığını bildirdi.

Tədbirdə iştirak edən Sabirin nəticəsi, Sevda Tahirlinin oğlu Nurlan Tahirli Türkiyədə Sabirə olan münasibətdən bəhs etdi.

Tədbirdə İstanbul Azərbaycan Kültür Evinin İdarə Heyətinin və Gənclər Qolunun üzvləri, Marmara Universitetinin tələbələri və İstanbulun müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr də iştirak etdi. Tələbələrə yubiley günü ilə bağlı xüsusi hazırlanmış əlfəcin hədiyyə edildi.

Tədbir maraqlı bir xatirə ilə də yadda qaldı. Belə ki, Sabirin kötücəsi, İstanbulda yaşayan Eltac Ələkbərli Sabirin nəticəsi Nurlan Tahirli ilə bu tədbirdə tanış oldular.

Dilqəm


Müəllif: