30 Aprel 09:51

Bir də bir kimsəni sevməyəcəyəm...

Teleqraf.com "Şeir vaxtı" rubrikasına start verir. Bu rubrikada gözünüzdən-könlünüzdən yayınan şeirləri ya ilk dəfə, ya da təkrar oxuyacaqsınız. Rubrika tam sərbəstdir. Nədən ki, şeirin vaxtı olmur. Şeir vaxtı oxucunun könül vaxtıdır. Nə vaxt tuş gəlir, qoy gəlsin...

İlk olaraq Vaqif Bayatlı Odərin üç şeirini təqdim edirik. Ümidvarıq könlünüzün şeirə tuş gələn vaxtıdır.

***

Xan ceyranın qaçışında,

ən şahanə uçuşunda,

ya alnında, ya döşündə,

bir ox yeri var, yeri var.

Enməzsən şahlıq atından,

göyün yeddinci qatından,

hər bəyaz telin altında,

bir ah yeri var, yeri var.

Ən kimsəsiz küçə sənin,

küçə sənin, gecə mənim,

sən bağlayan pəncərənin ,

bir dön bəri bax yeri var.

***

Səni niyə belə sevdim,

belə istədim niyə,

canımdakı min tikana,

bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı

görəmməyən varmı, hanı?!

həm gizlətdim, həm də hamı

bilə istədim, niyə?

Min illərçün də Allahdan

gecə-gündüz, hər an, hər an,

səni özümə həm sultan,

həm də, həm də

kölə istədim niyə?!

Bir də bir kimsəni sevməyəcəyəm

Bu gecə nədəndir hamıdan qabaq

ağrıyan qəlbimə yanıram dostlar.

Bir də sevda nədi, bilməyəcəyəm,

bir də bir kimsəni sevməyəcəyəm.

Bir də bu dünyada eşqdən yazmağa,

gecələr azmağa daha halım yox.

bu xan oğlanlara, xanım qızlara

qara sevda nədi, bir sualım yox.

Getdi gözlərimdən bir dəvə kini,

getdi qollarımdan küçə davası.

Bahar ağaclardan çəkilən kimi.

çəkildi başımdan gənclik havası.

Könlüm dəliliyi unutdu çoxdan,

axır ki, ağlımın səsinə uydum.

Qonur gözlərimdə yorğunluq – haqdan,

doydum küçələrdən, yollardan doydum.

Bir də sevda nədi, bilməyəcəyəm,

bir də bir kimsəni sevməyəcəyəm.


Müəllif: