11 May 09:15
3 286

Teleqraf.com bu il 80 illiyini qeyd edən görkəmli şair Musa Yaqubun qızı - qürbət diyarda yaşayan Səhər Musaqızı ilə müsahibəni təqdim edir:

- Səhər xanım, haqqınızda mətbuatda çox az informasiyaya rast gəldik. İstərdik ki, özünüz barədə ətraflı məlumat verəsiniz.

-Düzdür, Feysbuk səhifəmi bir müddət idi bağlamışdım. Bağlayanda, elə indi də sizə yazanda Ramiz Rövşənin bu misralarını deyib, gülürəm:

Hara qaçacaqsan göz qabağından,

Bu zalım dünyaya neyləyəcəksən?

Axır vaxtlar dostlarıma diqqət ayıra bilmirdim deyə, bu da mənə dərd olurdu. Özüm haqda ətraflı məlumat verə bilərəm. Atam doğulan ünvanda doğulmuşam... Sonra atamın işi ilə bağlı Bakıya köçdük. Beşinci sinfə qədər orda, qalan beş ilimi də İsmayıllı rayonu, 1 saylı orta məktəbində oxumuşam. Azərbaycanda Xarici Dillər Universitetinin məzunuyam. Doqquz ay doğma Buynuzda, kənd orta məktəbində dərs demişəm. İndiyə qədər də özgə dildə özümə dərs deyirəm.

On bir ildir Avstriyanın İnsbruk şəhərində yaşayıram. Ailəliyəm, iki övladım var: qızım Nərgiz, oğlum Gəray. Nərgiz İnsbruk Universitetinin Siyasət fakültəsini bitirib, hazırda tərcüməçi kimi çalışır. Gəray da həmin universitetin İqtisadiyyatın qanunları fakültəsində, birinci kursda oxuyur, eyni zamanda işləyir. Ruhumda göyərən mücadiləmin övladlarımda da göyərəcəyinə inanıram.

- Qərib diyarda özünüzü Musa Yaqubun qızı Səhər olaraq necə hiss edirsiniz?

- Orda uşaq idim, burda böyüdüm. Orda ərköyün idim, burda yox.

O, heç dəyişmədi

- Dediniz, Buynuzda doğulmusunuz. Musa Yaqubun çox sevdiyi Buynuzda... Uşaqlıq illərinizi necə xatırlayırsınız? Sonuncu dəfə nə vaxt Buynuza gəldiniz?

- Orda keçən uşaqlığım indi də xatirimdədir. Mən ordan heç vaxt getmədim, sadəcə yerimi dəyişdim. Mən dəyişdim, Buynuz dəyişmədi. Bir xatirəmi sizə danışım. Biz uşaq olanda kəndimizdə bir mağaza vardı, amma nədənsə orda saqqız satmırdılar. Rayon mağazalarında satılırdı, onu da kənddə hər adam ala bilmirdi. Kəndimizin uşaqları saqqız yerinə daşlaşmış qır tapıb, parça- parça bölüb, aralarında bölüşdürüb çeynəyərdilər. Həmişə mənim də payımı ayırardılar. Mən də onu evimizin arxa tərəfindəki ot tayasının içində gizlədərdim. Dədəm "Sən yenə qır çeynəmiseeen?" deyib üstümə acıqlananda, mən dişlərim qapqara ola-ola and içirdim ki, vallah, çeynəməmişəm.

O vaxtlar dədəm Macarıstana getmişdi, ordan da bizə çoxlu rəngli saqqızlar gətirmişdi. Elə sevinirdim ki... Uşaqlara da paylamışdım. Amma o saqqızı çeynəyə-çeynəyə hər gün gedib, gizlətdiyim o qır parçasını əlimə alır, oynadıb, üzünə gülüb, yenə gizlədərdim. Avropanın rəngli saqqızları ilə deyil, gizlətdiyi o qır parçası ilə xoşbəxt olan Səhəri tez-tez xatırlayıram.

- Bir müsahibənizdə rastımıza belə bir ifadə çıxdı: bacım, qardaşım və mən Musa Yaqubun özündən çox şeirlərinə bənzəyirik.

- Biz özümüzdən çox Musa Yaqubun şeirlərinin taleyində böyüdük, ona görə...

- Bir də deyirsiniz ki, şair Musa Yaqubu atanız Musa Yaqubdan çox istəyirsiniz. Maraqlıdır, Musa Yaqubu nə zaman kəşf etdiniz?

- Elədir, iki gün bundan öncə atamın doğum günü ilə bağlı status paylaşmışam. Orda da bu haqda yazmışam.

Atamın "Bu dünyanın qara daşı göyərməz" şeirini oxuyandan sonra o daşın yerini soruşanlara gülürəm. Qərib qürbətdə azadlığı Avropada axtaranlara güldüyüm kimi... Qürbət də, azadlıq da ürəyimizlə ağlımız arasında bir yerdədir. O da daşdır, bu dünyanın qara daşı. Onunla ev tikmirsən, ya göy üzünə atırsan, ya göz yaşını silirsən, ya da ürəyinə bağlayırsan. Bax, mən o, daşı gətirib ürəyimə bağladığım gündən Musa Yaqub məqamını bilmişəm və o məqamda onu atamdan da çox istəmişəm...

O məni tanıyır, mən də onu

- Ötən il Musa Yaqubun doğum gününü Feysbuk vasitəsilə özünəməxsus formada təbrik etmişdiniz. Şamaxıda yaşadığınız illəri xatırlayıb, o illərdə Musa Yaqubu çox incitdiyiniz yazmışdınız.

- Darıxmağımla atamı çox incitmişəm. Bakıda oxuyanda da, Şamaxıda yaşayanda da... Universitetdə oxuyanda bizi 10 günlük Salyana pambıq yığmağa aparmışdılar. O on gündə atama rayon mərkəzi poçtundan üç dəfə teleqram vurmuşdum: "Dədə, tez gəl".

Mən bura gələndə atam "Bala, sən hara gedirsən? Sən heç Şamaxıda yaşaya bilmədin, orda necə yaşayacaqsan?" - dedi. Mən də baxdım o qərib baxışlı gözünə, dedim, Musa Yaqub, heç olmasa ağlayanda bəhanəm olacaq. İkimiz də güldük.

- Bu il atanızın 80 illik yubileyinə qatıla biləcəksinizmi?

- Xeyr, qatıla bilməyəcəyəm. Nə etmək olar, qəriblik haqqımdır. Burda da onun haqqını verirəm.

- Atanızın ən çox sevdiyiniz şeiri, yaxud şeirləri hansılardır?

- Məqamında bütün şeirlərini sevirəm. Amma özümə yazığım gələndə "Təkqayada bitən vələs" deyib, özümü oxşadıram.

Təkqayada bitən vələs,

Dəmir kökün, polad kökün

Sanki qaya çatdağına

misralanıb;

Köklər sonra dönüb daşa,

Elə bil ki, qaya elə özü bitib

Min tərəfə damarlanıb...

- Musa Yaqub övladlarına, o cümlədən sizə şeir həsr edibmi?

- Biz uşaq olanda atam bacımla qardaşıma şeir yazmışdı, mənə yox... Mən də "Onlara yazmısan, mənə də yaz" deyəndə, heç nə demirdi, eləcə gülürdü... O gözlədiyim şeir yazılmadı...

Amma sən demə, atam elə bütün şeirlərini mənə yazırmış. Çox qəribədir, mən candan nəyi gözləmişəmsə, qəlb mənə çatanda, məni incidib.

İllər öncə ömrümün bir tərəfində çətin günlərimi yaşayırdım. Atam mənə baş çəkməyə gəlmişdi, xeyli dərdləşdik. Sonra məni qoyub, qayıtdı kəndə. Bir-iki həftədən sonra gəlib məni də apardı. Otağını yığışdırırdım. Həmişə yığışdırmazdan əvvəl yazı masasının üstündəki əlyazmalarına, şeir dəftərinə baxıb, sonra işimi görərdim. Bu dəfə dəftəri masanın üstündə deyildi. Daxılını eşələdim, gördüm arxada gizlədib, bildim ki, təzə nəsə yazıb. Dərdləşdiyimiz günün səhəri yazmışdı onu. Adımı qeyd etməsə də, o, mənim şeirimdi. Amma mənim gözlədiyim o şeir, istəyirdim dilimin əzbəri olsun, ömrümün deyil... "Mənə danışma" adlı şeiri belə başlayır:

Hər ömrün bir tale dərdi var, pəri,

Yəni ki, silinməz, kömək edilməz,

Hər kəsə deyilməz gizli kədəri…

Təkcə sənə məlum, özünə əyan,

Tale qıfılını vurub bu dərdə.

Yaşından yaş gedir elə bil...

- Deyirlər, ananızın ölümü Musa Yaqubun şeirlərinə böyük kədər gətirdi. Razısınızmı?

- Anam olanda atamın yaşının üstünə yaş gəlirdi. Anamdan sonra isə yaşından yaş gedir elə bil. Suyu qurumuş dəyirmana bənzəyir.

- Musa Yaquba həm dövlət, həm xalq tərəfindən olan diqqətdən, qayğıdan razısınızmı?

- Musa Yaqub heç vaxt ad arxasınca qaçmayıb. Elə bununla da özünə ad qazanıb. Xalqın şairi...

- Vətən üçün, burda yaşayan sevdikləriniz üçün darıxanda nə edirsiniz?

- İnsbrukun küçələrində çox göz yaşı tökürəm. Mən həsrətin bu qədər doğma olduğunu bilmirdim. Hara gedirəm, hardan keçirəmsə, hara baxıramsa hərəsi bir yerdən çıxır qarşıma, sevindirir məni. O da tək deyil, qərib deyil artıq. Ağladığım o küçələrdə indi uşaqlarla oynayır, ağacların yarpaqlarında nəğmə deyir, gülləri çiçək açır, sinəsində daşa dönən buzu əriyir, pəncərəsi də açıqdı, pərdəsi yellənir. Baxıram ki, orda necə darıxırdımsa, elə burda da o cür darıxıram. Gözümün yaşından başqa hər yeri tanıyıram. Ona görə darıxmıram artıq.

Nərmin Muradova


Müəllif: