15 May 12:28

Ədəbi tənqidçi İradə Musayevanın yazıçı Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı haqqında "Arzulardan sonra heç nə" məqaləsini təqdim edirik:

Şərif Ağayarın yeni romanını oxumağa başlayanda ilk diqqətimi çəkən onun fərqli, bu günə qədərki bütün "ədəbi nənə”lərdən seçilən donqarburun, əyriayaq, bir az da qozbel, amma yumşaq, isti əlləri ilə məhrəmlik duyğuları yaradan nənə obrazı oldu. Nəsrimizdə az qala 1 əsrlik yaşı olan ipəksaçlı, nurani, dili bayatılı, ağıllı nağıl nənələrinə bənzər qocalara meydan oxuyan bu qadını yaxından tanımaq marağı romanın digər qəhrəmanları və hadisələri haqqındakı təsvirləri oxumaq istəyini belə üstələdi. "Kaş yaxından görəsiniz nənəmi. Boyu balacadır. Cəmi 154 santimetr. Bir qarış boyuna rəğmən yerə-göyə sığmayan hikkəsinə görə ona ürəyimdə Miss 154 deyirəm. Dişlərinin çoxu tökülüb. Qalanı əyri-üyrüdür. Ağzında qumbara partlayıb elə bil. Hirslənib danışanda ətrafa tüpürcək saçılır. Susub durduğu vaxt sanarsan ağzında tilişkəli sümük tutub. Belinin sağ tərəfi donqardır... Guya abır gözləyir, başını açmır, gəl ki, başqa nənələr kimi uzun tumanı da yoxdur. Ətəyi dizindən bir az aşağıdır. Ayağına qaloş geyinir. Ətəyinin altından mötərizə kimi əyri qıçlar başlayır... çör-çöp saçlı, cır səsli, zəhlətökən nənəm...”

Və bu nənənin yanında bir kədərli, xəyalpərəst Həsən adlı oğlan uşağı böyüyür... Başlarının üstündə də müharibə... Dünya, dünyanın siyasəti, insanları, bu insanların dəyişən simaları, müharibələr, hakimiyyətlər, qan, ölüm, sevgilər, sevinmək, xoşbəxt olmaq istəyən adamların arzuları və bu arzuların baş tutacağı, səadətlərin reallaşacağı şəhərlər isə elə həmin oğlanın düşüncələrində, istək və arzularında əks olunur.

Romanda elə bir qarışıq zaman, daha doğrusu, zamanlar təsvir edilir ki, insan haradan gəlib hara getdiyinin fərqində belə deyil. Lakin həyat davam edir, qorxa-qorxa, təhlükələri görməzlikdən gələ-gələ müharibənin bir addımlığında adamlar sevə, evlənə, ev tikə, gələcəyə ümidlər bəsləyə bilir. Və hər kəs dünyanın siyasətini təhlil etmək haqqı qazanıb sanki. "Nənəm deyir, şəhərimizin on-on beş kilometrliyində gedən müharibəni də cəmi dünyanın gavurları törədib, birinin-beşinin işi deyil. Məqsədləri bütün müsəlmanları qırıb yer üzündən silməkdir. Çünki onlar şeytanın qoşunudur. Müsəlmanlar Allah yolunda vuruşurlar, ona görə sözü bir eləyib bu gavurların axırına çıxmalıdırlar”.

Həsən uşaq vaxtı həyatda gördüyü bir sarsıdıcı mənzərədən psixoloji travma alır. "Mən o atları lap balaca vaxtı üfüq boyu uzanıb gedən yaşıl təpəliklərdə görmüşdüm. Qüruba enən günəşin zərif şüaları altında çəhrayı rəngə çalırdılar. Uşaqlığım deyəndə gözümün önünə bu yaşıl təpəliklər, bu yaşıl təpəliklərdə gəzişən çəhrayı atlar gəlir. Atların ağzın kimsə məftillə bağlamışdı, otlaya bilmirdilər. Otlamaq istəyəndə məftil çənələrini kəsir, qanadır, qan quruyub yumşaq tüklərin ucunda qaysaq bağlayırdı”.

Balaca oğlanın yadından çıxmır bu hadisə. Hərdən düşünür ki, qışqıra, otlaya bilməyən atlara köməyi yetmədiyi üçün onların ahı tutub onu. Yuxularından əl çəkmirlər... Əliqandallı kölələr kimi boğula-boğula qalan atların ahı, naləsi ərşə dayanır... Çəhrayı atlar Həsənin yuxusuna anası öləndən sonra girməyə başlayır. Anasından burnunda ilişib qalmış doğma və kədərli qoxunu da yuxusunda hiss edirdi hətta. Dəli ola biləcəyindən qorxan qohumları onu əsəb həkiminə göstərmək üçün şəhərə aparır. "Arzulardan sonrakı şəhər” ilə tanışlığı belə başlayır...

Çəhrayı rəng mistikası romanın çox detalında əks olunur. Dağlarda, göz yaşlarında, sevgilərdə, hətta Gülsümün gündəliyinin rəngində və s. "Ağ dağlar ağ, mavi dağlar mavi, çəhrayı dağlar çəhrayı göz yaşlarıyla ağlayırdı və həmin göz yaşları bir-birinə qovuşub İterü çayını yaradırdı”.

Romandakı mifoloji düşüncəyə əsaslanan təsvir incəlikləri, ruhla, intuisiya, hiss və duyğularla rəsm edilən bədii mənzərələr, çeşid-çeşid insan portretlərindəki əzab və kədərin siqləti bizi də inandırır ki, çaylar, elə insanlar da göz yaşlarından, kədərdən, nisgildən yaranıb... İnsanın xoşbəxt olması üçün Allah ona çox şeylər verib, amma müxtəlif zamanların padşahları, hökmdarları, fironları sanki Allahın iradəsi əleyhinə çıxaraq bu insanların xoşbəxtliyə, səadətə gedən yollarını birdəfəlik bağlayıb. Ağzı bağlı at, ailəsinə Yaşıl vadisinə qovuşa bilməyən, əsir, kölə durumuna düşənlərin, arzusu böyüməyən balaca həsənlərin və bitməyən müharibələr, cəzasını almayan cinayətlərin salnaməsi var bu əsərdə... Ağrı-acının hadisələrdə, talelərdə inikası elə təbii boyalarla rəsm edilir ki, sonda insan obrazlarının sırasına daha güclü, daima qalib mövqelərdə olan bir obraz –Zülm adlı qüvvə də daxil olur. İnsan öz taleyi ilə doğulur! – tezisi, İnsan öz zülmlü taleyi ilə doğulur – qənaətinə çevrilir.... Zülm hakimiyyət, taxt-tac kimi əldən-ələ keçir... Min illərdir...

Həsən varacağı, yetəcəyi şəhərin sahibi, ağası kimi düşünməyə başlayır. Hətta kimləri ora rəva görür, kimləri yox, onu da müəyyənləşdirib əvvəlcədən...

Bu şəhərin adını tapa bilmir sona qədər. Xəritədə də yeri görünmür. Cənnət misalı bir dünya olmalıdır, bu balaca oğlanın xəyalına inansaq... Əslində bütün insanların içində belə bir şəhərə varmaq istəyi var. İstər klassik ədəbiyyatımızda, istərsə də ümumiyyətlə, dünya ədəbiyyatı nümunələrində qəhrəmanlar gedəcəyi, yetəcəyi, ulaşacağı bir hədəf, üfüq müəyyənləşdirir təxəyyülündə. İnanmaq, sevmək istəyir o naməlum səltənəti. Amma məlum olacaq ki, belə bir şəhər yoxdur reallıqda. Həsənin arzuladığı məkan, yer, xoşbəxtliklər ölkəsi elə P.Kueylonun "Kimyagər”ində olduğu kimi böyük bir boşluq deməkdir...

Digər zamanın köləsi oğlan isə İterü çayı ilə ehramlar arasında qarışqa kimi qaynayan insanlardan biridir. Danışmağı, sevinməyi, ağlamağı, hətta düşünməyi də onlara qadağan ediblər. Ruhlarını belə kəməndə salmaq, üzərində ağalıq etmək istəyirlər. Bu zamanın qəhrəmanının adı isə Amanisidir. O, müqəddəs İterü çayı sahilindəki Yaşıl vadidə doğulub. İterüni Tanrı da hesab edənlər vardı. İterü haqqında nəğmələr, hekayələr yazılırdı. Əvvəllər Kedr qəbiləsinin qəhrəman sərkərdəsi, bu vadidə ən uzaq yerlərə at çapan, yerlə göyün birləşdiyi sonsuzluq məqamını görə bilən əfsanəvi insan kimi tanınan Amanisinin düşüncəsi onun faciəsini yaxşı dərk edir. Kölə olandan sonrakı ən böyük arzusu quş olub uçmaq və durmadan, dayanmadan at çapmaqdır... Kölə bir insanın yəqin ki hər dəfə quş olub uçmaq arzusu baş qaldıranda qırılmış, sındırılmış qanadlarının yeri sızıldayır, ağrayır.

Amma insanı quru nəfəsi ilə belə dünyaya bağlayan arzu və ümidləridir. "Eşitdiyimə görə, yerlə göyün birləşən yerinə çatan adamlar xoşbəxtliyi tapır, ölümsüzlük qazanırlar. Ancaq insan getdikcə göy də öz qübbəsini qaldırır, sirrini açmaq istəmir. Mən at çapa-çapa göyün öz qübbəsini necə qaldırdığını gözlərimlə görmüşəm”.

Bu dünyada vəziyyətini dərk edib, fəqət əlacsız durumda qalmaqdan da ağır bir dərd varmı? Amanisi də zülm və zalım qarşısında boynubükük dayanıb. "O yan bu yan eləsəm mizraqla boynumun arxasından vurulan yoldaşlarımın aqibətini yaşayaram. Üzüqoylu yıxılaram, ağzımdan şoralanan qana səhranın qumları yapışar. Ya da iri qaya parçasının altında qoyub çığırda-çığırda öldürərlər. İkisindən də betər diri-diri ehram divarlarına hörərlər. Fironun axirət səltənətinin xırda zərrəsinə çevrilib yox olaram”.

Hər iki zamanın qəhrəmanı (Həsən və Amanisi) azadlığa, həyata, yaşama ancaq xəyalları ilə bağlanıb. Hər ikisinin taleyində müharibə, qan, itkilər və s. bu kimi deqradasiyaların, tənəzzüllərin izi var. Həsən gələcək niyyətlidir, Amanisi keçmiş, Yaşıl vadi... Özü əsir olsa da xəyalları azaddır. Obasını, arvadını, oğlunu arzulayır. Amanisi mizraqla vurulub dərəyə atılan uşaqların, qolları payaya bağlı qışqıra-qışqıra ölümə yuvarlanan qadınların səsi ilə yaşayır, əzab çəkir. İçindəki intiqam, qisas hissi ilə böyüyə bilməyən uşağa isə "Amanda” adı qoyur. Həsən böyük vaxtını, gələcəkdəki Həsəni, Amanisi Amandanı –içindəki uşağı axtarır daima. Həsən kimi Amanisi də səhrada ağzı bağlı atlarla rastlaşır. Ancaq onların ağzı məftillə deyil, mal dərisinin sıyrığı ilə bağlanmışdı. Və o atlar da çəhrayı rəng ilğımında uzaqlaşıb bu oğlanın nisgilinə çevrilmişdi. Ölüm dərəsi kimi yadında qalan Xaxas xəndəyinin xofu Amanisinin azadlıq düşüncələrinin qəniminə çevrilir. Xaxas – qorxu, vahimə, əzablı ölümlərlə bitən talelərin xəndəyindən Yaşıl vadiyə yol yoxdur. Yaşıl vadi arzuların şəhəridir həm də. Amma ora gedən yolda keşikçilər var. Ora sehr, cadu, əfsunla keçmək olar ancaq... Yaşıl vadi xəyalları ilə zəncirdə, nizə, zopa altında inləyən kölələrin əlacı olsaydı, elə xəyalları ilə birgə ölərdilər, canları da qurtarardı. Amma ölmək şansları da əlçatmazdır. Silahları, zəhərləri, ipləri, səhrada olduqları üçün üstündən atılacaqları qayaları da yoxdur. "Gərək özün özünü boğasan, ya da başını zərblə daşa, divara çırpasan. Açığını deyim, hər ikisi ürəyimdən keçib, ancaq eləməmişəm... Bədənini əqrəbə, ilana dişlətmək daha çox yayılıb. Hər ilan vuran, hər əqrəb sancan da asanlıqla ölmür”.

Kölə psixologiyası azadlıq haqqında düşüncəyə köklənə bilmir. Bu taleyin insanları ancaq cisimlərini, vücudlarını qorumaq naminə heyvani instiktlərlə təhlükədən can qaçıra bilərlər. Burdan ora, ordan bura bədənini daşımaq...

Amma Amanisinin başqa kölələrdən üstünlüyü ondadır ki, onun içindəki ilahi hisslər tam ölməyib. Onun İterü çayı – azadlıq dəryası ilə dərdləşə biləcək qədər inamı, romantikası və iradəsi qalmaqdadır hələ... Ondan Yaşıl vadiyə, ailəsinə, qəbiləsinə qovuşa biləcəyini soruşur tez-tez. (Halbuki, oğlu Asurisin və arvadı Miladesin Yaşıl vadidə olmadığından xəbəri var. Bilir ki, Fironun adamları onları əsir aparıb.) Amma İterünün cavabını anlamır. Məchulluq ucu-bucağı bitməyən İterü çayını da aciz durumda buraxır. İnsanın aqibətini sanki nə tanrılar, nə təbiət, nə də özləri belə çözə bilmir... İterü çayı o qədər hüdudsuzdur ki, köçəri quşlar başından ayağına çatmamış fəsillər dəyişir... Amma o da insanların xəyallarına, düşüncə və suallarına adekvat cavablar tapmaqda acizdir. Sanki bütün dünya, kainat insana qənim kəsilib, milyon illərdir, bu balaca vücudun – insanın ilahi mövcudluğunu tar-mar etmək uğrunda mücadilədədirlər... Və qisas daha çox doğrulardan, ədalətlilərdən alınır. Vaxtilə düz danışdığına görə başı üzülən şairin haqlı olduğunu insanlar gec də olsa anladı. "Şair haqlıymış orda doğrudan da Firon üçün nəhəng ehramlar tikirmişlər. Tikintidə saya-hesaba gəlməyən kölələr, dustaqlar. Borcdan müflis olmuş kəndlilər işləyirmiş”.

Romanda bütün məqamların hakimi və məhkumu, ağası və qulu var. Hətta ölülər səltənətinin, axirət dünyasının belə. Ölülər dünyasının hakimi Osirisdir. Yaşıl vadini, cənnəti dağıdıb insanları əsir, kölə edirlər...

Müasir dövrün qəhrəmanı Həsəni əsrlərin o üzündəki köləyə dönmüş Amanisinin daxilindəki Amandanın təkrarı kimi təsəvvür edirik.

Romanın maraqlı kompozisiyası, quruluşu var. Hadisələr müxtəlif zamanlarda, müxtəlif dövrün insanlarının iştirakı ilə təsvir edilsə də, eyni süjet və ideyanın əlaqəli fraqmentləri, detalları kimi ahəngdarlıqla sıralanır. Həsəndən Amanisiyə keçid alanda zaman uçurumuna düşmürük. Zamanlar arasında ona görə uçurum olmur ki, aradakı körpüdən – insandan, onun min illərdir içində dustaq olub qalmış azadlıq uğurundakı mücadiləsindən gedir söhbət... Müəllifin məqsədi Yaşıl vadidə, İterü çayı sahillərində, ya da Qarabağda, Bakıda baş verən hadisələrin ekzotikasına diqqət yönəltmək deyil. Coğrafi və tarixi aspekt arxaplanlıdır. Məqsəd min-milyon illərdir insanın dəyişməyən daxilini, dəyişməyən istəklərini, dəyişməyən qul-quldar münasibətlərindəki ədalətsizlikləri, insanın məruz qaldığı zorakılıqları və bu zorakılıqlara cavab verə biləcək gücdə ola bilməməsi ağrısını günümüzün reallığı fonunda əks etdirməkdir. Bu zorakılıq və ədavət, düşmənçilik, anti-humanist gərdiş istər bir ailə, nəsil çərçivəsində (Həsənin anası, atası, qohumları ilə bağlı olaylar...), istərsə də min, milyon illik bəşəriyyət və dünya miqyasında, səhralarda, vadilərdə, dağlarda, ya da böyük-böyük şəhərlərdə olsun, eyni məzmunu ifadə edir... Bəlkə də tarix elə müqəddəs, uca sayılacaq ehramların tikintisi üçün əsir, kölə, qul edilən insanların saraylara hördüyü daşların üstündəki göz yaşları, ah-nalə sədasıdır?

Amanisi əzizlərini itirir və kölə kimi ehram tikintisinə göndərilir... İçərisindən, ruhundan dağıdılan insanların əli ilə digərləri üçün, onların inanc, güvənc məbədgahı ola biləcək, onlara estetik zövq verə biləcək ehramlar tikilir... Bu möhtəşəm ehramlar Firon naminə ucaldılır, onun adını əbədiləşdirmək üçün... Amma bu ehramlarda işləyən kölələrin heç birinin öz adı olmur... Onlar arzuları suya, ata, küləyə, Günəşə, çəhrayı qoxulara ümidli əsirlər idi, sadəcə. Arzu, ümid əsirləri həm də... Bu dünyada heç nəyin sahibi deyildilər, bircə heç vaxt reallaşmayan arzuları vardı onların...

Ədəbiyyatın əbədi konflikti bu romanda da aktualdır: haqqı deyənlərin kəsilən başları mizraq ucunda görk kimi gəzdirilir. Qəbilə rəisi ilə şairin mübahisəsi Amanisi kimi bizi də sarsıdır. Təbiətin yaradılış fəlsəfəsində belə insan taleləri, ümumiyyətlə, bəşəriyyətin acı tarixi əks olunur. İterü çayı göz yaşlarından yaranıb. İnsan da aqibəti və yaradılışı etibarilə bu təbiət hadisəsinə, bəlkə də Tanrıya qohumdur. Amma bu yozumlarına görə şair öldürülür...

Mətnin məzmununda keçmişlə yox, bu günlə bağlı hadisələr çox hallarda yumorlu, daha emosional, dinamik, çevik dillə təsvir olunur. Amanisi zamanının salnaməsi isə ləngərli, ağır, səhra yolçuluğu ahəngini özündə əks etdirən dillə söylənilir. Obrazlı ifadə ilə desək, romandakı zamanlardan birinin salnaməsi sanki əruzda, digəri sərbəstdə yazılıb, bir zamanın təhkiyə dilində daha çox tragediya, o biri zamanın ifadə dilində isə daha çox komediya elementləri var. Nəticədə isə tragikomediya məxrəci... Məsələn, Həsən nənəsinin qardaşı Mirzəmməd haqqında danışanda müəllif təxəyyülündəki insanı elə spesifik detalları ilə xatırlayır ki, biz onun bu insana yanaşmasını ciddiyə alır və təsəvvürümüzdə olduğu kimi canlandıra bilirik. Mirzəmməd nəslin ağsaqqalı hesab edilir. Amma əslində adam öldürmüş, həbsxanada yatmış, cinayətkar bir insandır. Nənəsi onu ideallaşdırıb və öləndən sonra belə şəklini, ruhunu, sözlərini başı üstündə hiss edirmiş kimi davranır. "Mənə qalsa, Mirzəmməd öləndən sonra da nəslimizin ağsaqqalıydı. Bütün qohum-əqrəbamızı, xüsusən nənəmi onun qatil ruhu idarə edir, bizi adam balası kimi yaşamağa qoymurdu. Buna görə Mirzəmməddən zəhləm gedirdi. Ancaq söz düşəndə nənəmin qorxusundan ona Mirzəmməd dayı deyirdim”.

Mirzəmməddən sonra nəslin ağsaqqalı Namaz kişi olur. Bir ayağını müharibədə itirən, ancaq atalar sözləri ilə (daha çox söyüşlü məsəllərlə) problemləri yola verməyə çalışan bu adam Həsənin və nənəsinin yeganə himayədarı hesab edilirdi... "Mirzəmmədin ölümündən sonra atalar sözlərini daha da çoxaldıb. Yəqin düşünür ki, ağsaqqal belə danışmalıdır. Dədə Qorqud kimi. Hamının işinə-gücünə gözüyumulu yüyürür. Bəzən sən çağırmasan da. Namaz kişi öz-özünə peyda olub ordenli sinəsini qabağa verir”. Həsənin uşaq yaddaşında Namaz kişinin gülüş doğuran yumorlu xatirələri ilə yanaşı, çox uzaqlarda basdırılan ayağının nisgili də qalmaqdadır. O, dünya xəritəsini Namaz kişinin ayağı basdırılan yeri axtara-axtara öyrənib...

Həsən müharibə uşağı idi. "Müharibənin içi” ifadəsi roman mətnində açar sözlərindən birinə çevrilib. Müharibənin içində çoxlu ağrılar, yandırılmış, dağıdılmış şəhərlər, qan, his-tüstü, duman və bir də ölçüsü, həcmi bilinən səslər var. Güllə səsləri. Kəndə yaxınlaşdıqca bu səslər də böyüyürdü. Uşaq təxəyyülündə müharibənin səsləri qəribə "yumruluqlar” assosiasiyası ifadə edirdi – noxud, fındıq, gilas, qarpız... "Ən balaca səs buğda boydaydı. Kəndimizə yaxınlaşdıqca bu səslər böyüyür, noxuda, fındığa, gilasa, qoza, almaya, yemişə, ən axırda qarpıza çevrilirdi. İndiyəcən eşitdiyim ən gur səs qarpız boyda idi. Çünki mən heç vaxt müharibənin içində olmamışdım. Onun çölündə, uzaqdan səslər belə eşidilirdi. Müharibənin içindəki səslər yəqin ki paraşüt boyda olardı”.

Maraqlıdır ki, Qarabağ müharibəsinə aid edə biləcəyimiz bu romanda, Şərifin digər əsərlərində də olduğu kimi, döyüş səhnələri, qəhrəmanlıq, rəşadət, vətənpərvərlik ideyası, təlqini görünmür. Burda da müharibədən daha çox müharibə insanı, sərhəd, təhlükə bölgəsinin itkilər və səksəkələr içərisində ömrünü xərcləyən didərginləri var. Müharibənin obrazı da Zülm obrazı kimi əsərin qəhrəmanları arasında gəzir...

Həsənin daxilində müqəddəsləşmiş "çəhrayı atlar” obrazı artıq onun xəyallarının deyil, həyatının mənasına çevrilmişdi. Bu barədə hamıya danışmaq olmazdı. Hətta dostluq etdiyi Ramzesə hər şeydən danışsa da, onun haqqında: "özünü yaxşı aparsa, ona çəhrayı atlardan danışaram” – deyir. Bir də arzulardan sonrakı şəhər vadisi, hüdudsuzluğu vardı. Bu şəhərin adı isə tez-tez dəyişə bilirdi. Məsələn, Gülsümü sevən vaxt o həmin şəhər haqqında deyirdi: "Arzulardan sonrakı şəhərin adı Gülsüm idi, Sevgi idi”...

Hər iki qəhrəmanın dünyadakı hər ağrıya, hər sevincə ad qoymaq istedadı, həssaslığı vardı. Məsələn, Amanisi Xaxas xəndəyini xəyallarının uşaqlıq sirdaşı Amanda ilə əlaqələndirir, "Amandanın yıxıldığı yer” adlandırır... Gülsümlü şəhər, Amandanın – uşaqlığımızın öldüyü, intihar etdiyi dərələr, uçurumlar...

İterü ümid verən nağıllar danışır, Amanisini inandırır, gələcəyə aparacağına xırda-xırda sevinclərlə inam da aşılayır...

Romanın keçmişlə bağlı fəsillərini oxuyanda elə zənn edirdim ki, Şərif təxəyyülü, bütün duyğu və intuisiyası ilə cismini belə götürüb İterü çayı sahillərinə köçüb, yoxsa o mifik, mücərrəd assosiasiyalı diyarların, məkanların hər detalını, otunu, çiçəyini, qoxusunu, insanlarının hiss və düşüncələrini bu qədər canlı, bu qədər dəqiqliklə rəsm etmək mümkünsüz hesab edilər... "Hərdən Yaşıl vadini nəinki görür, ağacların xışıltısını, İterünün pıçıltısını eşidir, kedr çiçəyinin, mirra kollarının ətrini duyurdum. Özü də ilğımda gördüyüm İterünün pıçıltısını asanlıqla başa düşürdüm. O, mənə ümid verən nağıllar danışırdı. "Ey pulcuqlu balıqların sahibi, uçan qərib quşların həyanı, küləklərin həmdəmi, dumanların sirdaşı! Ey sürülər üçün çəməndə ot bitirən, ağaclara çiçək və yarpaq bəxş edən, tarlaların damarına qan verən, ac yoxsulları sevindirən, üzünə təbəssüm qonduran İterü, de görüm bir gün azad ola biləcəyəmmi?”

"Mütləq, mütləq, mütləq!”

"Gedib Yaşıl vadiyə çıxacağammı?”

"Mütləq, mütləq!”

"Ailəmə, qəbiləmə qovuşacağammı?”

"Mütləq!”

"İterü, məni Yaşıl vadiyə-arvadım Miladesin, oğlum Asirisin yanına qaytar”.

Amanisi azad olmaq üçün gecə-gündüz planlar cızır. Amma qorxusu təkcə ağasından, rəisindən deyil, həm də və daha çox kölələrdəndir. Onların cəzası və qəzəbi daha amansız olur. "Kölələr qaçanlara, işdən imtina edənlərə nifrət bəsləyirdilər. Düzünü axtarsanız, Firon əsgərlərindən artıq, kölələrdən çəkinirəm. Nə elədiklərini bilmirlər. Səhraya gələndən başa düşmüşəm ki, köləlik qolların bağlanması deyil, xəyalların kəməndə salınmasıdır. Əgər xəyalın azad deyilsə, sağ-salamat qaçıb getməyi bacarsan da, azad ola bilməzsən. Xəyalın azad deyilsə, Yaşıl vadidə xoşbəxt yaşamağa haqqın yoxdur”.

Romanda ağa-nökər, hakim-məhkum, keçmiş-gələcək, həqiqət-yalan dilemması hər detalın məzmununda özünü göstərir. Həsənin nənəsi Sərdar müəllimdən qalan evə sahiblənmək üçün yalandan and içməli olur. Həsənin və bizim sevimli qəhrəmanımıza çevrilmiş bu balaca qadının içərisində çoxlu yaraları var. Şəxsi, ictimai, hətta müharibə boyda siyasi bəlanın da qurbanına çevrilmiş bu qadın məhkəmədə yalandan and içir. Başıaçıq gəzməyi günah hesab edən insan hamının, hətta nəvəsinin gözləri qarşısında yalandan and içir... Amma müəllif bu psixoloji sarsıntı nüansını elə dəqiq, incə çalarlarına qədər təsvir edir ki, qarının yanında dayanıb bu ağır sarsıntıya şərik olmağı gəlir adamın... "İmam haqqı o evə düz beş min pul saymışıq!” – nənəm idi, qulaqlarıma inanmadım, elə bil kimsə yumruqla boynumun arxasından vurdu. Gözümdə qaranlıqdan ibarət görüntü fasiləsi yarandı”.

Şərifin psixoloji durum dramatizmini səbirlə, yaşaya-yaşaya təsvir etmək bacarığı onun nəsr qələmindəki kamilliyindən xəbər verir. Diqqət edin, yalan danışmağa məcbur olan (Evi ələ keçirmək ölüm-qalım məsələsi idi. Nəvəsi ilə bu qəddar dünyada tək-tənha qalan qadın mücadiləyə yalanı ilə qalxmışdı, başqa yolu görünmürdü.) bu qadının yalandan sonrakı halının təsvirinə. O yalan andı ilə sanki bu qadının dünyası uçur, dağılır. Elə bil heç vaxt başını açmayan bu qarı indi çılpaq qalmışdı qəflətən və bütün zal, hakimlər, vəkillər, şahidlər-hamı onun çılpaq bədəninə ikrah hissi ilə baxırdı... "Nənəm anddan sonra heykəl kimi lal qalmışdı. Adama elə gəlirdi, ömrü boyu danışmayacaq. Hakim ayağa qalxdı, biz də qalxdıq, bircə nənəm oturduğu yerdə qaldı. Xoşbəxtlikdən boyu balaca idi, oturan yerdə ayaq üstə durmuş kimi görsənirdi və heç kimin diqqətini çəkmirdi. Nənəmin imama yalandan and içdiyi üçün şokdan ayağa qalxa bilmədiyini bircə mən bilirdim. Hətta onun qəfil öləcəyindən qorxdum”.

Romanda atlarla simvollaşmış bir ruhi-ilahi yaşantının, xatirənin az qala hər yerdə görünən "at başı” möhürü, loqosu var həm də. Hər yerdə-həm gözəlliklər, həm də qeyri-etik və qeyri-estetik məkanlarda belə onun əksi görünür tez-tez. Bu işarə, əslində, bir insanın gözünə eynək kimi həkk olunub. Hətta Amanisi bu işarəni daşa gizlicə rəsm edir. "At başına oxşayan o işarəyə bütün hisslərimi, duyğularımı qoymuşam, ruhumu köçürmüşəm. Firon əsgərləri görməsin deyə, gecələr işləmişəm. Kölənin yazı yazmaq, gələcəyə məktub göndərmək ixtiyarı yoxdur”. Sonralar Şamxal müəllim çəhrayı tabaşirlə lövhəyə at başı çəkib deyəcəkdi ki, bu simvola qədimdə piramidalar tikilən ərazidə rast gəlinibdir... "Qədimdə müharibə etmək istəyən qəbilələr bu işarəni papirusa çəkib bir-birinə göndərirmişlər”.

Deməli, kölənin daş məktubu yaşayır, tarix kitablarında, lövhələrdə, dərsliklərdə və yaddaşlarda.

Romanda Fironun yox, fironluğun, kölələrin yox, köləliyin anatomiyası açılır həm də. Ölümdən sonrakı həyatda da kimlərsə ali, kimlərsə aşağı silkin nümayəndəsi kimi təqdim olunacaqsa, ədalətin, haqqın qələbəsi hansı zamana qaldı? Yoxsa "haqqın qələbəsi zamanı” deyilən bir dövr olmayacaq heç? Ancaq xəyallarımızın gücü ilə yaratdığımız bir zaman – "azad gələcək” adlı yoxluq, boşluqdur bəlkə min illərlə gözlədiyimiz bu vaxt miqyası? Səhraların hökmdarı, şər qüvvələrin sərkərdəsi fironu və onun yaxın əyanlarını başqa cür dəfn edirlər. "Əgər axirət səltənəti doğrudan da vardısa, onda ədalət yox idi. Çünki ehramların və sərdabələrin ən hörmətli yerində firon, nisbətən ona yaxın yerlərdə əyanlar basdırılırdı”.

Amanisi Yaşıl vadiyə doğru-köləlikdən azadlıq səmtinə minbir əziyyətlə yol ölçür. Sal üzərində planladığı və start verdiyi bu azadlıq qaçışı ona baha başa gəlir. Timsahlar, ilanlar, insanlarla vuruşa-vuruşa öz böyük qurtuluşuna can atır. "Mən İterünün qəhrəman oğluyam, mən kölə deyiləm!” – şüarı onu özünə çağırış kimi səslənir. Amma arxasında kəsilməyən bir səs elə hey müşayiət edir daima: "Dayan, qaçma! Firona asi düşmə, onun əfvinə sığın!”

Bəli, zülmə şərik insan sürüsündən qurtulmaq olmur və Amanisi "Amandanın yıxıldığı yer”də dayanır. Yaşıl vadi sevdası baş tutmasa da Yaşıl vadi istəyi, arzusu, həsrəti bitmir. Amanisi öz doğma anasına – İterüyə qovuşur...

Həsənin arzular şəhəri isə bomba yağışı altında məhv olmaq üzrə idi. Amma o arzulardan sonrakı şəhər haqqında "Yaşıl vadi” adlı düşüncə salnaməsini oxumağa başlayır...

Beləliklə, hər şey bitir və yenidən başlanır... Hətta Azadlıq haqqındakı nağıllar, xəyallar da...

Romanda Ş.Ağayar nəsrinin bir addım da irəli getdiyini gördük. İstər dilinin mükəmməlliyinə, cilalılığına, istər düşüncənin sərrast ifadəsinə, istərsə də obraz, xarakter, portret yaradıcılığındakı özünəməxsusluqlara görə... Daha çox rəğbət doğuran isə hisslərin, duyğuların düşüncədə reallaşan şəkillərini sözlə ifadə prosesində Şərif əsil yazıçı obrazını ortaya qoya bildi. Romanın məziyyətlərindən çox danışmaq olar. Mən sadəcə ciddi ədəbiyyat oxumaq istəyən oxuculara mətn haqqında mesaj vermək üçün bu formatda yanaşma üslubunu seçdim. Nəsrimizdə uğurlu, misal göstərilə biləcək əsərlərin sayı artdıqca, əlbəttə, sevinirik...

artkaspi. az


Müəllif: