19 May 2017 20:12
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi 19 may 2017-ci il tarixdə Kürdəmir rayon Atakişili kənd orta məktəbində görkəmli Azərbaycan şairi Musa Yaqubun 80 illik yubileyi şərəfinə tədbir keçirib.

Tədbirin aparıcısı AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı məclisi açaraq Musa Yaqubun ana təbiətə, yurda, ulusa olan şair sevgisindən, vətəndaş duyğularından, şairin yaradıcılığındakı təbiətlə insan arasındakı qarşılıqlı ünsiyyətin qabarıq ifadəsindən danışıb.

Məclisin qonaqları Respublikanın Əməkdar İncəsənət xadimi, şair Baba Vəziroğlu, Əməkdar İncəsənət xadimi, Dövlət mükafatı laureatı Əbdül Mahmudov çıxış edərək qeyd etmişlər ki, Musa Yaqubun fikri, duyğu və düşüncəsi, məhəbbəti, Vətənə, torpağa sevgisi də, vətəndaşlığı da onun şeirindədir. Şairin şeiri danışan yerdə özü susur.

Məclisin musiqili qonaqları Respublikanın Əməkdar artisti, xanəndə Elnarə Abdullayeva, Əməkdar Mədəniyyət işçisi Aşıq Əhliman Şirvanlı, III Muğam müsabiqəsinin laureatı Nigar Şabanova, Aşıq Elman İsmayıllı, Milli Konservatoriyanın müəllimi tarizən Mehman Mikaylov öz ifa və çıxışları ilə hamıya xoş təəssürat bağışlayıblar.

Məclisdə Kürdəmir rayon mərkəzi kitabxanasının baş kitabxanaçısı Ərəstun Sadıqov və məktəblilər şair Musa Yaqubun şeirlərindən nümunələr söyləmişlər.

Yubiley məclisinin sonunda Musa Yaquba söz verilmişdir. O, tədbirin təşkilatçılarına minnətdarlığını bildirmiş və tamaşaçıların ona ünvanladığı sualları cavablandırıb.


Müəllif: Teleqraf.com