20 May 2017 13:09
5 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinarə Böyükçöl qayınatası – şair Qəşəm Nəcəfzadədən müsahibə alıb. Teleqraf.com müsahibəni təqdim edir.

– Qəşəm müəllim, iş otağındakı kitab rəflərinin yuxarısına ürək, təzyiq dərmanlarını yığmısan, aşağısına kitablarını. Dərmanlar kitablardan əvvəl otağına gəldi, yoxsa əvvəldən vardı?

– Dərmanlarım əvvəl də vardı, amma aşağı gözdə. Elə ki övladlarım dünyaya gəldi, onda dərmanlar yuxarı gözlərə çıxdı ki, Kəramətin, Sevincin, Turalın əli çatmasın. İndi də nəvələrim var. Elə sizin oğlunuz Barışın əli çatrmasın deyə, lap yuxarı gözə yığmışam. Uşaqların əli çatan yerə kitabları qoymuşam. Dərmanları lap yuxarı qoymuşam ki, əlləri heç vaxt çatmasın. Amma dərmanlar əvvəllər daha çox idi, kitablar onların sayını azaltdı.

– Allah sənə həm fiziki, həm də mənəvi cəhətdən zəif bir ürək verib. Həm mənəvi ağrının, həm fiziki ağrının nə demək olduğunu ürəyin hamıdan yaxşı bilir. Hansı ağrın daha yüngüldür? Hansına dözə bilmirsən?

– Hər iki ağrı ağırdır. Amma mən onlarla dost olmuşam. Daha mənə heç nə eləməzlər. Biz ikimiz birləşmişik, bir-birimizi çox yaxşı başa düşürük. Ürəyim nə fiziki, nə mənəvi cəhətdən zəifdir. Zəiflik o zaman baş verər ki, bir-birimiz anlamayaq.

– Mənə həmişə maraqlı olub. Feysbukdakı profil şəklini hansı situasiyada çəkdirmisən? O fotodakı Qəşəm Nəcəfzadəni ifadə edə bilərsənmi?

– Ədəbiyyat qəzetinin keçmiş baş redaktoru Ayaz Vəfalı mənə pislik eləmişdi. İmkan verməmişdi ki, Tofiq Mahmud adına mükafata düşəm. Mən də onun acığına belə bir şəkil çəkdirdim və onun acığına o şəklimi hər yerə - qəzetlərə, jurnallara, saytlara verirəm, çap olunur. Üzümdəki nur məni hər yerdə qoruyur. Mən məğlub olanda gözələm, şəklim belə gözəl çıxır. Demək, iç dünyam həmişə qalib gəlir.

– Adətən yaradıcı adamlar şəhərdən qaçmaq, uzaq, yad kənddə məskunlaşmaq arzusunda olurlar. Heç bu şəhərdən çıxıb getmək istədiyin vaxtın olubmu? Bu şəhərdən küsdüyün, incidiyin, bezdiyin vaxtlar...

– Qaçanda daha da ağrıyıram. Amma məni əzən bir şeyi dərk eləyəndə, öyrənəndə yaxşı oluram. Qaçsam, dalımca gələcəklər, dayansam duracaqlar.

– Təklik sənin üçün nə deməkdir? Sən hansı vaxtlarda tək olursan, onun ağrısını necə duyursan?

– Mən elə tək olanda tək oluram. Axşam nəvələrimin səsi kəsiləndə mən də yatmağa qaçıram. Şeirlərimi səs-küy içində rahat yazıram. O zaman mənim üçün axşam düşür ki, nəvələrim yatır. Qabaq uşaqlarımda beləydi. Elə ki nəvələrim yuxudan durur, lap elə gecə saat iki olsun, elə bilirəm səhər açılır.

– Kəramət deyir, “Çöl” romanını mənə babam danışıb. Yazdıqlarım babamın sözləridir. Ata, bəs sənin atan o sözlərdən sənə deməmişdimi? Çölü danışmamışdımı? Danışmışdısa, niyə “Çöl”ü Kəramətə saxlayırdın?

– Atamı mən də dinləyirdim, hətta Kəramətə bəzi şeyləri atamdan öyrənərək özüm izah edirdim. O söhbətlər Kəraməti ağıllandırırdı. Elə bil öz oyuncağımı Kəramətə verirdim ki, sakitləşsin. Həm də o məndən daha yaxşı duyurdu. Ona görə atamla mən onun söhbət sovqatını bol eləyirdik ki, kefi kök olsun, tez böyüsün. Onu heyrətləndiməkdən zövq alırdıq. O da sən demə, danışdıqlarımızı fikrinə yazırmış, yadında saxlayırmış.

– Anlaşılmaq, başa düşülmək yaradıcı, istedadlı adamların adətən, ən böyük problemi olur. Sənin belə bir problemin varmı?

– İstedadli, yaradıcı adamların belə problemi olmamalıdır və mənim də anlaşılmaq kimi bir problemim yoxdur.

– Şair kimi tanınsan da çox maraqlı nəsrin var. İki ədəbi növdə yazırsan. Bəs üçüncü – dramatik növə niyə müraciət etmirsən? Səncə, sən komediya, dram, faciə yaza bilməzsən?

– Mənə elə gəlir, hələ yox. Hələ səhnəni duymuram. Amma elə hekayələrim var ki, ondan əla bir film sssenarisi olar.

– Sən nəsrini də şeir kimi yazırsan. Nəsrin ahəngdardır. Bu, nəsrə keçə bilməməkdir, yoxsa üslub?

– Sənin bu sualın məni çox düşündürdü. Haqlısan, üslub da deyə bilərəm. Amma əsas nəsrə keçə bilməməkdir. Bütün məqamlarda mən şairəm.

– Yeri gəlmişkən, ilk dəfə özünə nə vaxt “mən şairəm” demisən?

– Elə ilk şeirimi yazan gündən...

– Yəni?

– 6-cı sinifdən.

– Maraqlıdır, o vaxtkı şairin ürəyi ilə indiki şairin ürəyi çoxmu dəyişib? Ümumiyyətlə, dəyişibmi?

– Düzü, hiss edə bilmirəm. Elə bilirəm həmişə belə olmuşam.

– Suallarıma niyə qısa cavablar verirsən?

– Yaşlanan adam çox danışır. Amma məndə qəribədir, mən yaşa dolduqca az danışıram.

– Dünyanın bir çox dillərinə tərcümə olunmusan. Nobel mükafatı haqqında nə düşünürsən? Sən də o mükafata can atırsanmı?

– Nobel məndən uzaq bir sevdadır. Bu istəkdə reallıq yoxdur. Amma bilirəm, Qarabağ problemində Nobel mükafatı gizlənib.

– Neçə illərdə - kənddə, rayonda, şəhərdə ədəbiyyat sənin əsas işin, peşən, sənətin olub. Bəs ədəbiyyatla bağlı ən böyük istəklərin nələrdir? Ondan nə gözləyirsən?

– İnan ki, elə bir arzum yoxdur. Arzu olanda ədəbiyyat ölür.

– Qəşəm müəllim, keçmişi çox düşünürsən, yoxsa gələcəyi?

– Axı keçmiş mənə tanışdı, gələcəkdən isə xəbərim yoxdur.

– O gün İslamiadanın açılış mərasimini evdə bir yerdə izləyirdik. Görürdüm ki, təəccüblənirsən. Sizi təəccübləndirmək bu qədərmi asandır?

– Azərbaycan mədəniyyətinin , incəsənətinin açılışı məni həyacanlandırıdı, daha doğrusu, sevindirdi. 54 islam ölkəsinin idmançıları bir araya gəmişdi. Amma əsgərləri yox. İdman oyunları müharibə oyunlarına qalib gəlirdi. Bu, məni sevindirirdi.

– Belə sevindirici məqamlarda insanlarımız bu vətənin övladı olduğu üçün fəxr edir. Bəs çətin məqamlarımızda niyə mədəniyyət, incəsənətimiz ağıla gəlmir? Niyə vətəni tərk etmək istəyirik?

– Qızım, sevinməli işlərə sevinirəm, kədərli işlərə kədərlənirəm. Əlimdən ayrı bir iş gəlmir. Sözümü yazılarımla deyirəm. Vətənimi çox sevirəm. Onun bir çöpünü başqa ölkələrin sarayına dəyişmərəm.

– Tez-tez şikayətlənirsən ki, başımda səslər var. Hətta o səslərə şeir də yazmısan...

– Hə... O da həyatın sənə uzatdığı bir əldi. Həkim deyir, əsəbi gərginlikdəndir. Mən çox sağlamam, keçib gedəcək.

– Bir sual da verim, söhbətimiz qurtarsın. Ürəyin nə istəyir, axşama nə bişirim?

– Hə... Nə yaxşı dedin. Pomidor, badımcan, bibər dolması.

– Ayran da olsun?

– Hə, əllərinə sağlıq. Sən bişirən yeməkləri xoşlayıram. Tez gələcəm bu gün. Barış müəllim üçün darıxmışam...


Müəllif: Çinarə Böyükçöl