27 May 2017 15:50
2 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mərhum gənc yazıçı Mövlud Mövludun "Çətirsiz" kitabının təqdimat mərasimi keçirilib.

15:29

Teleqraf.com xəbər verir ki, M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında baş tutan tədbirdə yazıçılar, ədəbiyyat xadimləri, jurnalistlər, eləcə də Mövlud Mövludun iş yoldaşları, çalışdığı "Gündəlik Teleqraf" media-holdinqin rəhbərliyi iştirak edib.

Kitabı Azərbaycan Yaradıcılıq Fondu nəşr edib.

Yaxın vaxtlarda daha ətraflı...

***

Tədbirdə çıxış edən gənc yazar, Yaradıcılıq Fondunun Aparat rəhbəri Qismət Rüstəmov kitabın hazırlanması ideyasının necə yaranmasından danışıb. O, bundan sonra Mövlud Mövludun daha iki kitabının hazırlanacağını deyib: “Kitabların hazırlanmasını müzakirə edərkən belə qərara gəldik ki, nəşrlərdən biri Mövludun hekayələri, biri esselərinin toplusu, üçüncüsü isə onun haqqında yazılan xatirə yazılardan ibarət olsun. İlk kitabı bu gün təqdim edirik. Kitabın adı hesab edirəm ki, həm Mövludun xarakterini, həm də yaradıcılığını ifadə edir. Bu kitabların çap olunması ideyası yaranandan müxtəlif təşkilatlar dəstək olmağa çalışır. İlk kitab Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə çap olundu”.

Kitabda çap olunan hekayələrini bir yerə toplayan Kəramət Böyükçöl Mövlud Mövludla bağlı xatirələrini bölüşüb: “Bakının az qala hər küçəsinin Mövludla bağlı xatirəsi var, hətta indi kitabının təqdimatını keçirdiyimiz bax bu küçənin də. Müasir Azərbaycan ədəbiyyatından ilk dəfədir, yazar olmadan onun kitabının təqdimatı keçirilir. Mövludun daha iki kitabını da çap edəcəyik. Bu kitabların çapı üçün maddi və mənəvi dəstək olmaq istəyənlər çox oldu. Hər birinə təşəkkür edirik”.

Yazıçı Səfər Alışarlı bildirib ki, tədbirin məqsədi sadəcə Mövludun kitabını təqdim etmək deyil, həm də intihara “yox” deməkdir: “Hesab edirəm ki, Mövlud etmək istədiklərinin çoxunu gerçəkləşdirə bilmədi. Buna görə də biz hər dəfə Mövludu yad etməklə, həm də intihara qarşı çıxış etməliyik”.

Yazar Şərif Ağayar bu kitabdakı hər bir hekayədə oxucunun Mövludun ürək döyüntülərini hiss edəcəyini bildirib: “Bu hekayələrin bir yerdə toplanmasına dəstək olduqlarına görə Azərbaycan Yaradıcılıq Fonduna təşəkkür edirəm. Mövludun həmişə işıqlı xatırlanmasını istəyirəm. Hesab edirəm ki, o özünü 17 mərtəbədən atmayıb, əksinə göylərə uçub”.

“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı Mövludun yüzlərlə insanı bir yerə toplayacaq qədər dəyərli bir şəxs olduğunu deyib: “Elə bir saat olmur ki, mən Mövludu xatırlamayım. Onun kimi yaradıcı insanın ölümü bizim üçün böyük sarsıntı oldu. Mövlud üçün bura toplaşan bütün dostlarını uduzmuş hesab edirəm. Çünki biz onu həyatda saxlaya bilmədik. O yazmaq istədiklərini yaza bilmədi. Buna ya vaxtı çatmadı, ya həyat, ya da psixoloji zədələri imkan vermədi. Mən onun yerini həmişə yüksəklərdə görürəm. Onu sonu da elə yüksəklikdə oldu. Bu gün isə Mövludun ən böyük arzusu həyata keçib, onun kitabı çap edilib. Hesab edirəm ki, Mövlud indi də bizim aramızdadır”.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Mövludun istedadlı və hadisələrə fərqli baxışı olan biri olduğunu deyib: “Arzu edirəm ki, onun yaradıcılığından oğlu Ucala da pay düşsün. Fikrimcə, bundan sonra cəmiyyətdə intiharların qarşısını almaq üçün iş aparmalıyıq. Belə dəyərli, istedadlı insanlarımızı qorumalıyıq”.

Millət vəkili Fazil Mustafa isə istedadlı şəxslərin xatirələrini yaşatmağın cəmiyyətin bütövlüyündən xəbər verdiyini bildirib: “Tarixən cəmiyyət istedadlı insanlara sahib çıxmayıb. Mövludun itkisi bir istedad itkisidir. Bundan sonra onun yaradıcılığını qorumaq isə cəmiyyətin borcudur”.

Daha sonra tədbirdə Mövlud Mövludun qələm dostları, tanışları çıxış edib, onunla bağlı xatirələrini bölüşüblər.

Mövlud Mövlud 1989-cu ildə anadan olub. O, 2017-ci ilin martın 16-da özünü yaşayış binasının 17-ci mərtəbəsindən ataraq intihar edib.

“Çətirsiz” mərhum yazıçının ilk kitabıdır. Bu onun ilk kitabıdır. Kitabın satışından əldə olunan gəlir Mövlud Mövludun övladına bağışlanacaq.


Müəllif: Gülxar