30 May 2017 10:49
2 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mərhum şair, Dövlət Mükafatı laureatı Fikrət Sadığın (1930-2016) anadan olduğu gündür. Teleqraf.com tənqidçi-ədəbiyyatşünas İradə Musayevanın Fikrət Sadıq yaradıcılığına həsr olunmuş məqaləsini təqdim edir.

Fikrət Sadıq poeziyasında müxtəlif təbiətli, çox zaman bir-birinə bənzəməyən iki qəhrəman var. Biri real həyatla, gündəlik qayğılarla yaşayan, ictimai- siyasi hadisələri, cəmiyyətdə – xüsusilə müasiri olan insanlarda baş verən dəyişmələri, mənəvi-psixoloji tənəzzülü həssaslıqla izləyən və sözsüz ki, bu mənzərədən qəzəblənən əsəbi, narazı insandı. O, sözünü birbaşa, adətən bəzək-düzəksiz deyir. Yalanlara, haqsızlıqlra, insan xislətinin iblisliyindən doğan eybəcərliklərə qarşı açıq-aydın, bəzən sadə danışıq tərzi səviyyəsində çıxış edir. Belə şeirlərdə Fikrət Sadıq daha çox vətəndaşdır, xalqın haqq səsidir.

Bu quyu su quyusudur,

Suyu sənin, quyu mənim.

Bu dəniz də bizimkidir,

Nefti sənin, suyu mənim.

Bir ocağın başındayıq,

Odu sənin, hisi mənim.

Bir yazılır umu-küsü ,

Umu sənin, küsü mənim.

Bu zəmi hər ikimizin-

Buğda sənin, saman mənim.

Sürdüyümüz dövran bizim,

Dövran sənin, zaman mənim.

İkincisi, həyatda və təbiətdə gözəllik arayan, bu gözəlliyi gücü ilə kövrək, ağrılı ürəyinə işıq, qüvvə toplayan başqa bir insandır. Onun dünyaya baxışında ancaq sevgi, heyranlıq və ümid var. Belə məqamlarda o, insanın yalnız müqəddəs, təmiz, ilahi əməllərini görür. Məsələn, xalçalarımız haqqında yazdığı “Əlifbanı bilməyən nənəmin əlyazması” şeirində insan yaradan, quran, gözəlliyi əbədiləşdirən, ilmələrin dili ilə min bir nağıl söyləyən, hikmət, fəlsəfə nümayiş etdirən pak və ali bir varlıqdır.

Xalça – qədim xəritə, hikmətlə dolu şeir,

Burda zərrəcə nöqtə bir kitablıq söz deyir

Xalça uzaq dünənin bu günə gül xonçası,

Min bir əfsanə söylər hər gülü, hər qönçəsi.

Əlifbanı bilməyən nənəmin əlyazması,

Bir gülünə həkk olub həm özü, həm dünyası.

Assosiativ təfəkkürlə əlaqələndirdiyimiz şeirlərin hamısını həmin ikinci lirik qəhrəmanın düşüncələrinin məhsulu hesab edirik.

“Gələn Göy gölə baxır,

Mən də gözələm axı”.

Düşündü bir gün Kəpəz

Başındakı dumanı

Çiyinlərindən atdı.

Heç özü də bilmədən

Bir möcüzə yaratdı.

Müəllifin özünün lövhə adlandırdığı “Göy göldə duman” şeiri hər hansı bir rəssam üçün hazır eskizdir. Biz bunu nağıla da çevirə bilərik: Biri vardı, biri yoxdu, gözəl, aydın səma kimi masmavi bir göl vardı. Göy rəngin, bəlkə də göy üzünün, ən cilalanmış çalarlarının göz yaşı kimi hüznlü, romantik bir mənzərə yaradan suyunda əks etdirən bu gölə “Göy göl” deyirdilər. Bu məkanı gəzənlər ona heyran-heyran tamaşa edirdilər. Qonşusu - başı dumanlı Kəpəz buna dözmədi. “Niyə mənim də gözəl olduğumu görən yoxdu? Yəqin başıma bürüdüyüm duman məni görünməz edib” və başındakı dumanı örpək kimi açıb atır. Göy gölün üstünə.

Duman örpək sürüşüb,

Düşdü Göy gölün üstə.

Şeirdə obrazlı ifadələrin doğurduğu assosiativ yozumlara diqqət edək: “duman örpək”. Duman ədəbiyyatda çox zaman tutqunluğun, bədliyin, anlaşılmazlığın, rəngsizliyin və sair bu kimi mənfi anlamda işlənən mənaların rəmzinə çevrilir. Bu şeirdə isə duman zərif – tül, ipək qiyafəsində təqdim olunur. Göy göl hamını ovsunlayan cazibədar bir gəlin imiş, bu tül-duman örpək isə ona daha da abırlı, həyalı görkəm verir və gözəlliyini qoruyur.

Müəllif bu mənzərəyə şairanə baxışını belə davam etdirir:

Bir yarpaq çətir oldu

Bir qönçə gülün üstə.

Göy göl – qönçə güldür, duman isə onu yarpaq kimi qoruyan çətir.

Dumanın saçaqları

İlişdi ilmə-ilmə

Sahil ağaclarına.

Ağ bir sükut yayıldı.

Gölün yamaclarına.

Sahil ağacları duman – örpəyi saçaqlarından tutub saxlayır – gözəl gölün qoruyucuları, çətir örpəyin dayağı ağaclar…

Gölün yamaclarına çökən bu duman həm də təbiətə bir ağ sükut yayır. Duman – ağ bir sükut… Şeirin sonrakı misralarında da məcazlar sistemi belə uğurlu şəkildə davam etdirilir.

Qayıqlar ulduz- ulduz

Səpələndilər gölə.

Göy yerə düşdü birdən

Yer də qovuşdu göyə.

“Həyat eşqi” şerini də lövhə hesab edirik. Payızın son günləridir. Bütün ağaclar yarpaqlarını töküb. Bircə budaqda sarı ləkə düşmş bircə yarpaq qalıb. Onun canındakı həyat – yaşamaq eşqi o böyüklükdə ağaca da, payıza da, təbiətin pozulmaz qanunlarına da güc gəlir.

Yarpaqsız ağacda

Yaşamaq istəyir sonuncu yarpaq,

Tək əliylə bərk- bərk

Yapışıb budaqdan,

Tək əldə gücə bax!

Və müəllif düşünür ki, “belə getsə bu yarpaq solmaz, payız ona toxunmamış keçib gedər”.

Ümumiyyətlə, Fikrət Sadıq poeziyasında payıza özünməxsus bir baxış var. Özünü ömrün payızında hesab edən şair “payız mənə daha əzizdir, kəsişib ömrümün payızı ilə” – deyir. Və yenə lövhə yaradan misralar:

Gör, nə gur yağır başıma

xəzəl yağışı

Örtür ağ saçlarını

yarpaqların qızılı.

Sönmüş saçlarım

solmuş yarpaqların

soyuğunda qızınır.

“Sönmüş saçlarım” – ömrün sonunda dayanmış yolçunun kədəri… Müəllif qocalığa işarə edən bu ifadənin "ağ saçlarım" formasında işlətmir, çünki ağı hamı görür. Sönmüş – sözü ilə təkcə saçlar haqqında yox, bu saç sahibinin taleyi, omrü, gün- güzaranı haqqında nələr demir? Hiss və düşüncələrimiz istər-istəməz bu sözün əksini doğurduğu assosasiyalar cığırına yol alır: Qara , gur parlaq, od-alov saçan– yanan saçlar. Qaynar, coşqun, ümidli, inamlı, gələcəkli bir həyatı əks etdirən işarə.

Xəzəl yağışında itən bu insanın payızın pəncəsində boğulub saralan təbiətə qoşulmasında bir harmoniya var. Bizə təəccüblü görünən “solmuş” yarpaqların soyuğunda qızınmaq (soyuqda necə qızınmaq olar?) təsəllisi də elə həmin oxşarlığın, tale yaxınlığının bəyanıdır.

Maraqlıdır ki, payızın soyuq, laqeyd, sönük münasibətinə tablaya bilməyən insan dünyadan daha amansız sınaq müddəti istəyir:

Yarpaq bilib, qoparıb at,

Lap qarlı qışına məni.

İnsan xislətinin mürəkkəbliyindən doğan ziddiyyət: nə qədər əzilsə də, tükənsə də son nəfəsinə qədər çarpışmaq, sonuncu ümidini xərcləyənədək yaşamaq istəyir. Ümidin sonuncusu isə heç vaxt gəlib çıxmır, onun dalınca insan özü getməli olur…

Qar yağır çiçək- çiçək,

Qar yağır qu tükü tək.

Qar sapa da bənzəyir,

Ağ saplar torpaqdakı

Kələ- kötür yerləri

Zərif- zərif közəyir.

Bu təsvirdən sonra səmadan səpələnən qar bahar təravəti, bahar ətirli, çiçək təsiri bağışlayır. Bu şerdə uğurlu məcaz isə qarın ağ saplara bənzədilməsidir. Çünki bu ağ saplar – incə-incə çözülmüş qar naxışları torpaqdakı kələ-kötür yerləri zərif-zərif gözəyir. (Cırılmış, göz-göz deşilmiş parçanı, paltarı sapla o parçadakı toxunuşa uyğun gözəyirlər, hörürlər).

Bu məqamda türk şairi Nəcib Fazil Qısakürəyin aşağıdakı misraları da yada düşür.

Burulan bir tüstü, bir nəfəs buğu,

İncə iplik kimi hörər boşluğu.

Qarın bu cür incə hisslərlə təsvirindən sonra onun üzərində gəzməyi, onu ayaqlamağı kobudluq kimi qəbul etməli oluruq.

Küçə qarla dəşəndi

Necə gəzəsən indi

Qarın şaxı sınmaya?

Ayaq altında çiçək

Yerisən əziləcək.

Təəssüf ki, qıyıb ayaq basmadığımız qarın aqibəti yaxşı olmur:

Dalanı süpürdülər,

Səkidəki qarı da

Qazıyıb kürüdülər,

“Sürüşkəndi” dedilər.

Daha bir lövhə: Ay haqqında. Şair Ayı bütün cizgiləri ilə poetikləşdirir. Onu “İşıq şəlaləsi”, “göylərin nuru”, “yaraşığı” adlandırır, “Aydan arı” təmizliyi, “Ay parçası”, “Ay üzlü” gözəlliyi bənzətmələrinin mənalarını açıqlayır. 14 bəndlik bu şeirin doqquzuncu bəndinə keçəndə şair sanki ayı o biri üzünə çevirir və biz indiyəcən görmədiyimiz şeyləri görürük:

Göylərin yaxasından

Gündə bir ulduz qopur.

Ulduz qəlpələrindən

Ay üzü çopur- çopur.

Ay üzü qazıq- qazıq,

Ay üzü dərə- dərə.

Göydən yağan daşları

Ay qoymur düşsün yerə.

Demə, Ay ləkələri –

Yağan daşların yeri.

Ay – göyün fədaisi,

Yerin cəsur əsgəri.

Göylərin fədaisi, yerin göydəki qoruyucusu Ay! Sinəsini ulduz qəlpələrinə, yerə-bşımıza yağacaq daşlara hədəf edir və bizi qoruyur…

“Natrümort Ι” şeirində obrazlığın daha incə və daha dərin hisslər oyadan, fəlsəfi düşüncələrə daldıran həddi ilə qarşılaşırıq.

Açıq pəncərədən üstü mahud örtüklü bir stol görünür. Stolun üstündəki bir neçə detalın əksi imtahana hazırlığın gərgin, həyəcanlı anlarını rəsm edir:

Mavi, mahud örtüklü stol;

Üstündə, suyu yarıyacan

içilmiş qrafin.

İki ağır fincan.

Papiros kötüklərilə

dolmuş külqabı

Çiçəkləri solmuş güldan.

Kitablar, kağızlar qarmaqarışıq…

Bir az gümana oxşayan kölgə,

Bir az ümidə bənzəyən işıq.

Dolu külqabının, solğun çiçəkli güldanın, qarmaqarışıq kağızların arasında yorulmuş, üzülmüş bir insanın nəfəsini hiss edirik:

Çənələrə söykənmiş dirsəklərin

Mahuda hopmuş yorğunluğu.

Varaqlanmış səhifələrdə

Barmqların hərarəti.

Şair hissiyatının gücü mahud örtükdən çəkilməmiş yorğunluq havasını, səhifələrdə hələ də soyumayan barmaqların hərarətini oxucunun duyumuna, qavrayışın, ovqatına köçürə bilir.

Bir inadı qırılmış yuxu.

Bir də ki, küncdə qısılmış,

Elə burdaca qalmış

İmtahanqabağı qorxu.

Deməli, imtahandan qalib çıxmaq üçün yuxunu və qorxunu məğlub edib bir küncə atmışlar…

Əlləri çəkmək çətindir…

Barmaqların fəryadını

Gərək eşidəsən,

Ümidə uzanan əllərin

titrəyişini gərək duyasan.

“Stasis Krasauskasın əlləri” şeirini oxuyandan sonra əllərimizə baxırıq. Ətrafımıza boylanırıq. Danışan, susan, dalaşan, qorxan, sevinən, yorulan, usanan, hədələyən, qışqıran, yalvaran əllərdə nələri görmürük. Dildən, sözdən, düşüncədən çox söz deyir əllər. Onların gizlətdiyini əllər açıb-ağardır.

Barmaqdar bir- birinə

Qorxa- qorxa qısılsa

Bir- birinə inanıb düyümlənsə

Əl yumruq olur.

… Çəkdiyin yüzlərcə ələ baxdım.

Demə,

Əlləri danışdırmaq olurmuş.

Əlləri çəkməyin çətinliyi

Duyan əllərdən uzaq olurmuş.

Fikrət Sadığın xeyirxahlıq, işıq, şəfqət axtaran qəlbi ona “İşığın yaşı” poemasını da yazdırıb. İşığın yer üzündəki tarixini müəyyənləşdirmək istəyən şair seçdiyi qlobal və mürəkkəb sual qarşısında özünü itirir. Poemanın ilk misralarındaca yazır:

Kəmərin ən parlaq yeri

Bizim günəşin yeri.

O, da işıq əli çatan yerdə,

cazibə halayında

Başına dolandırır bizim Yeri

Bizim yeri.

Deməli, Günəşin başına dolanan yer üçün işıq heç vaxt əlçatmaz bir nemət ola bilməz. Ona görə də əlimiz dəyən, gözümüz görən nə varsa, hansı birini götürsək onda işığı görə bilərik. Otda, torpaqda, suda, qazda, hər şeydə işıq var. Ancaq ən əhəmiyyətli və tükənməyən işıq insan qəlbində şəfəqlənən, başqalarına istilik, nur verən xeyirxahlıq işığıdır.

Poemada ibrətamiz fikirlər çoxdur. Lakin assosiativ lövhələr yaradan məqamlara diqqəti cəlb edək.

Oddan məşəl düzəltdilər…

Sarıdılar onu bərk- bərk.

“Oğurluqdu” axı işıq –

Qaça bilər.

Uça bilər.

Sarınmış işıqlar! İşığı tutmaq olmaz, o dağılan, yayılandır. Lakin onu məşəl formasına salıb sarıyıblar. Prometeyin Allahlardan oğurlayıb insanlar üçün yer üzünə gətirdiyi odu çarmıxa çəkiblər.

Mumda, yağda əritdilər,

Şam etdilər.

Qəlbini şan-şan etdilər,

yandı işıq.

Qaynatdılar, dağ etdilər

Şüşə qəfəsə saldılar

Güya ki, "dustaq" etdilər

yandı işıq,

Hətta tavandan asdılar,

Guya ki, dara çəkdilər.

Yandı yenə.

İşığa nə zülmlər etmədilər? Mumda, yağda əridib şam etdilər, qəlbinə dağ çəkdilər, şüşə qəfəsə salıb dustaq saxladılar, tavandan asıb dara çəkdilər. İnsanlar tərəfindən həyata keçirilən bu zülm-əziyyət dolu “ixtira” və “kəşf”lərin müqabilində işıq müqəddəs, alicənab, mələk simalı insanlar kimi öz xeyirxahlığından qalmadı:

İşıq var oldu ki,

Qorxsun qaranlıq.

Sevinin insanlar!

Sevinin, insanlar!

Məmməd Araz Fikrət Sadıq haqqında yazdığı məqaləsində deyir: “Mən qələm dostumun yaradıcılıq uğurlarına sevinir. Həmişə işıqlı, isti şeirlərinin nəfəsindən isinirəm”.

Vaxtilə sənəti ilə əlaqədar “İşıq əmi” deyə çağırılan Fikrət Sadıq poeziyasının istisi, işığı elə işığın ömrü qədər uzun olacaq…

Yuxarıda bu poeziyanın iki qəhrəmanı olduğunu söyləmişdik. Və onlardan birinin əsəbi, narazı, yalanlara, ədalətsizliyə, meyarı, ölçüsü itmiş yaşam tərzimizə dözümsüzlüyü ( əslində mübarizliyi) haqqında da bir-iki söz demişdik. Həmin fikrin davamı olaraq təəssüf hissi ilə bildiririk ki, əslində faydalı nəsihətlər, ibrətamiz fikirlər söyləyən dünyagörmüş bir qocanın səsi dünyamızın, qarmaqarışıq zəmanəmizin bu günkü səs-küyündə o qədər də eşidilmir (ümumiyyətlə, bu gün heç bir tribunluq,hayqırtı, qəzəb, ittiham və mübarizlik əks səda) doğurmur.

Belə şeirlərdə hiss olunur ki, bu qəhrəman müəllifin özünü də çox incidir: mizan−tərəzini ortaya qoyub dünyanın heç vaxt düzəlməyəcək dərdləri ilə onu üz- üzə gətirir.

Gözəlliyin, təbətin sirlərinə aludə olub həyatın fəlsəfəsini, poetikasını hissin, düşüncənin süzgəcindən keçirib yüksək obrazlıqla bizə təqdim edən ikinci qəhrəmana daha çox ehtiyac var. Özü də bu ehtiyac əbədi olduğu üçün o qəhrəmanı oxuğular həmişə axtaracaqlar. İnsanların şeytanla əlbir olub qarışdırdıqları dünyanın reallıqlarından həqiqət olsa belə sanki heç nə eşitmək istəmirik. Bizə Allahın yaratdığı dünyadan, onun çox vaxt görüb- duya bilmədiyimiz gözəlliklərindən nağıllar, xoş ovqavtlı xəbərlər dinləmək daha xoşdur. " Baharlı şeirlər"də olduğu kimi:

Bir buğda dənindən boylandı,

Bir ilıq nəfəsdən oyandı,

Günəşdən asılıb dayandı;

Yamyaşıl yelləncək ilk bahar,

Saçları gül- çiçək ilk bahar.

Dağların sükutu pozuldu,

Qar qaçıb quzeyə qısıldı,

Buluddan yağışla asıldı;

Yamyaşıl yelləncək ilk bahar,

Saçları gül-çiçək ilk bahar.

Sağ əlini ağaclara çəkdi bahar.

Heyrətindən min göz açdı hər bir budaq

İlk baharı yaxşı- yaxşı görmək üçün

Yaşılkirpik tmurcuqlar

Gözlərin aça-aça oldu yarpaq.


Müəllif: İradə Musayeva