7 İyun 14:41

Rasim Qaracanın təzə şeirlərini oxuyub depressiyaya düşdüm. İlahi, bir insan niyə bu qədər şeir yaza bilməsin ki?

Bu fikirləri özünün Feysbuk səhifəsində şair Şəhriyar del Gerani paylaşıb.

O, Rasim Qaraca haqqında kəskin fikirlər bildirib:

“Feysbuk dostlarımın az qala 90 %-i şeir yazanlardır. Acığa düşüb profilinə baxdım, Rasimlə nə az-nə çox, düz 852 ortaq Feysbuk dostumuz var. Məgər Rasim bəy onların paylaşdığı şeirləri görmür? Axı Rasim Qaraca bu yaşında ən azı nəzəri cəhətdən bilməli idi şeirin nəliyini, necəliyini… Nə təhər ola bilər, ömrünün təxminən hamısını yaşamış bir ədəbiyyat adamı xırxıra çağında belə şeiri bu qədər bilməsin, bunca naşı olsun? Baxırsan misraya, bircə hecanı yığışdırsa, bircə sözü dəyişsə, normal intonasiya alınar. Təsəvvür elə, müəllif onu da görmür. Heyhat, ey büt!”

Bütün bu kəskin cümlələrdən sonra Şəhriyar Rasim Qaracanın saytlara verdiyi açıqlamarla bağlı fikrini də bildirib:

“Rasim deyir, Salam Sarvan, Aqşin Yenisey, Şəhriyar del Gerani kimi şairlər Ramiz Rövşən qaragüruhunun qurbanlarıdır. İlahi, sən demə Rasim Qaraca bizi qınayırmış... İndi düşünürəm, necə də xoşbəxt adamdır. Əli Kərim demiş, xəbəri yoxdur səadətindən. Hələ də başa düşməyib ki, şeir yaza bilmək adamı nələrdən eləyir. Hələ də anlamır ki, şeir insana hansı ruhani ağrıların, hansı sarsıntıların bahasına başa gəlir. Hələ də bilmir ki, insani yaşantıları, psixoloji gərginlikləri, travmaları, ümumiyyətlə, bəşəri duyğuları, iztirabları şeirə çevirə bilmək, poeziya ilə ifadə edə bilmək şairə hansı tənbəllikləri gətirir. Nə deyim?Arzu edirəm bu sadaladıqlarımı heç vaxt başa düşməyəsən. Beləcə, xoşbəxtcəsinə ömrünü başa vurasan. Üzvlərin də bir parça tort, bir qurtum üçü birində qəhvə ilə şirin-şəkər yad eləsin səni zaman-zaman...”


Müəllif: Könül Əlibəyli