8 İyun 2017 00:38
1 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə görkəmli mütəffəkir, xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad olunub.

Teleqraf.com-un məlumatına görə, Paris Azərbaycan Evi və Səməd Vurğunun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş xatirə gecəsində şairin fransız dilinə tərcumə olunmuş “Bir gün təbəssüm olmuşdum” adlı şeirlər toplusu təqdim olunub.

Xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib. Tədbiri Paris Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasıının baş katibi Mirvari Fətəliyeva açaraq öncə təşkilatın fəaliyyəti və tədbirin məqsədi barədə qonaqlara məlumat verib. O, V.Səmədoğlunun Azərbaycan poeziyasında özunəməxsus yer tutduğunu, atası, məşhur söz ustası Səməd Vurğunun poeziyasından qaynaqlansa da, onun şeir tərzini təkrarlamayaraq yeni bir tərz yaradıcısı oldugunu vurğulayıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov V.Səmədoğlunun əsasən sovet dövründə yaşayıb yaratmasına baxmayaraq öz şeirləri ilə maneələri aşaraq, fikrini hər zaman ifadə etməyi bacardığını və məhz buna görə xalqın geniş rəğbətini qazandığını deyib. Səfir, şairin məşhur “Doğuldum 1939-da, 1937-də tutuldum” misralarını misal gətirərək onun hər zaman xalqının azadlığa qovuşacağı arzusu ilə yaşayıb yaratdığını deyib.

Gecədə bir çox fransız incəsənət xadimləri, şairlər, yazıçı-publisistlər, jurnalistlər də iştirak ediblər.
Şairin yaradıcılığı ilə tanış olan yazıçı, publisist Jan Pyer Alali Azərbaycan poeziyası, görkəmli xadimləri və V.Səmədoğlunun şerləri haqqında təəsüratlarını tamaşaçılarla bölüşüb.

Daha sonra tarixçi, şair, 25 ildən artıq poeziyaya həsr olunmuş radio proqramının müəllif və aparıcısı olan Paskal Payen-Appenzeller çıxışını dahi Nizaminin misraları ilə başlayaraq hər birimizin öz mədəni sərvətimizin daşıyıcısı olduğumuzu və V.Səmədoğlunun da məhz əcdadlarından miras qalan bir vergisi olduğunu deyib. Şairin sənətinə heyran olan Payen Appenzeller hətta yaxın zamanda canlandırdığı poeziya verilişlərindən birini V.Səmədoğluna həsr edəcəyini bildirib.

Şairin həyat yoldaşı, Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə Vəkilova şairlə bağlı xatirələrini bölüşüb, onun həyat və yaradıcılıq yolundan, yaşadığı dövrün çətinliklərinə baxmayaraq daxili azadlıq səsini, demokratik düşüncələrini özünəməxsus üslübda qələmə aldığını və hər zaman sevilə-sevilə oxunduğunu qeyd edib. N.Vəkilova şairin fransızca dərc olunmuş şerlər toplusunun ərsəyə gəlməsində əvəzsiz rolu olan tərcüməçi Aliyə Səmədovaya dərin təşəkkürünü bildirib.

Xatirə gecəsi boyunca şairin həyat və yaradıcılğından söhbət açılıb, şeirləri və sözlərinə yazılmış mahnıları səsləndirilib, şairə həsr olunmuş film izlənilib.

Gecə Azərbaycan və həmçinin Avropa klassik bəstəkarların musiqisindən ibarət olan gənc pianoçu Vurğun Vəkilovun ifasında konsert proqramı ilə sona çatıb.


Müəllif: Teleqraf.com